Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İstanbulda Şərqi Avropanın jurnalist təşkilatlarının toplantısı keçirilib

217

Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təşəbbüsü  ilə  “Jurnalistlərin  təhlükə anında təşkilatlanması” mövzusunda  konfrans  keçirilib.  Noyabrın 29-30-da İstanbulda baş tutan toplantıda   BJF-nin  Şərqi Avropa məkanında fəaliyyət göstərən yerli üzv təşkilatları, jurnalist birlikləri iştirak ediblər.  Türkiyə Qəzetəcilər Sendikasının ev sahibliyi ilə gerçəkləşən  konfransa Azərbaycandan BJF-nin yerli üzv təşkilatı qismində  Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) qatılıb.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, toplantıda jurnalistlərin son illərdə rastlaşdıqları qlobal problemlər müzakirəyə çıxarılıb: “BJF-nin hesablamalarına görə, 1990-cı ildən 2015-ci ilə qədər  dünyada 2385 jurnalist peşə fəaliyyətinə görə həyatını itirib. 2000-2015-ci illər ərzində 2432 jurnalist  peşə fəaliyyətinə görə təqib edilib, qondarma ittihamlarla həbsə salınıb.  İş yerini itirən, xəsarət alan, hədələnən jurnalistlərin sayı isə 10.000 nəfəri ötüb”.

BJF hesab edir ki,  yaranmış  durum jurnalistlərin ciddi şəkildə təşkilatlanmasını, təqibə, təzyiqə məruz qalan jurnalistlərlə  beynəlxalq həmrəylik kampaniyalarının keçirilməsini zəruri edir.  Bu yöndə effektiv vasitələrdən biri kimi, yerli jurnalist ittifaqlarının imkanlarının artırılması üzərində dayanılır. Müşfiq Ələsgərli bildirib ki, konfransın müzakirə etdiyi əsas mövzu da, jurnalist ittifaqlarının bacarıqlarının artırılması vasitələri olub.

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd aksiyasından sonra yaranmış durum, medianın vəziyyəti də müzakirəyə çıxarılıb. Konfrans iştirakçıları fəaliyyətini dayandırmış “Cümhuriyyət” qəzetinin redaksiyasına gedərək, Türkiyədə son hadisələrlə bağlı həbs edilmiş jurnalistlərlə bağlı dinləmələr keçiriblər.

JuHİ mətbuat xidməti 

Şərhlər bağlıdır.