Aktual

İşdə kişi daha çox faydalıdır, yoxsa qadın?

“Təəssüf ki, bu gün iş yerlərində ayrı-seçkilik aktual məsələlərdəndir. Bu da özünü əsasən qadınlara münasibətdə göstərir”

“Qadın əməyinə lazımınca qiymət verilmir”

Məmmədova Səkinə Samir qızı 2011-2015-ci illərdə BDU-nun Mühəndislik fakültəsində təhsil alıb. Beş il keçməsinə baxmayaraq, hələ də ixtisası üzrə çalışa bilmir. Səkinənin sözlərinə görə, bir neçə şirkətə CV verib: “Bəzi şirkətlərdən ümumiyyətlə cavab gəlməyib. Bəziləri isə işə qəbulla bağlı razılığını bildiriblər. Lakin mən onların vəd etdiyi əmək haqqının məbləği ilə razılaşmadım”.

Səkinə xanımın sözlərinə görə, ölkəmizdə əksər  iş yerlərində daha çox kişilərə üstünlük verilir: “Qadın əməyinə lazımınca qiymət verilmir. Mən istərdim ki, bu problem tezliklə öz həllini tapsın”.

Özəl qurumlardan birində katibə vəzifəsində işləyən Elvina Rzayeva isə deyir ki, şirkətdə menecer kimi fəaliyyət göstərmək istəyib: “Vakansiya olduğu üçün müraciət etdim. Bu vəzifəni rəfiqəm də tutmaq istəyirdi. Baxmayaraq ki, mənim mövcud sahə üzrə təcrübəm və bacarığım yüksək idi, rəfiqəmin isə əksinə, təcrübəsi yox idi, amma yüksək maaşla onu işə götürdülər…”

Elvinanın fikrincə, əksər idarələrdə eyni işləri yerinə yetirən işçilərə fərqli əmək haqqı ödənir və bu ayrı-seçkilik halı daha çox qadınlara qarşı baş verir.

“İnsanın bilgisi olanda onu aldatmaqdan ehtiyat edirlər”

Şəki Dövlət Regional Kollecinin məzunu Mehin Qarayeva işəgötürənlərin ayrı-seçkiliyə yol verdiyini söyləyir: “Təəssüf ki, bu gün iş yerlərində ayrı-seçkilik aktual məsələlərdəndir. Bu da özünü əsasən qadınlara münasibətdə göstərir”.

“Mingəçevir Valideynlər Assosasiyası” İctimai Birliyinin icraçı direktoru Yeganə Nəbiyevanın fikrincə, insanlar cinsinə, yaşına, irqinə görə deyil, bilik və bacarığına görə işə götürülməlidir: “Yaxşı işçi əslində hər bir normal müəssisəyə lazımdır. Çünki işçi bacarıqlı olduğu halda işin keyfiyyəti və səmərəsi artır. O ki, qaldı qadınlara qarşı ayrı-seçkiliyə, bu, qanunla yasaqdır. Sadəcə qadınlarımız öz haqlarını müdafiə etməyi bacarmalıdırlar”.

Mingəçevir şəhərindəki 3 saylı tam orta məktəbin Uşaq birliyi təşkilatının rəhbəri Ruhiyyə Məmmədova da yuxarıdakı fikirlərlə razılaşır: “İnsanın bilgisi olanda qarşı tərəf onu aldatmaqdan ehtiyat edir. Ayrı-seçkilikdən əziyyət çəkən qadınlar müxtəlif qeyri-hökumət təşkilatlarının təlimlərinə qatılaraq, qanunları öyrənməlidirlər”.

Tag
Daha çox

Oxşar yazılar

Bu xəbəri oxumusunuz?

Close
Close