Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İcra başçısı şəhərdə suyun qiymətinin aşağı salınacağına tərəddüd etmir

270

2015-ci İl ərzində şəhərin sənaye müəssisələrində 264,7 milyon manatlıq məhsul hazırlanıb ki, bu da əvvəlki illə müqayisədə 17,3 faiz artım deməkdir.  Azərbaycan İES-də 7,4 milyard,  “Mingəçevir  SES silsiləsi” MMC-də  451 milyon kilovatsaat elektrik enerjisi istehsal olunub. Sənaye müəssisələrində çalışanların sayı ötən ilin sonuna 3027 nəfər olub ki,  onlardan da 591 nəfəri özəl sektorun payına düşür.  Bu dövrdə əsas kapitala 131,4 milyon manat investisiya yönəldilib, 115,4 milyon manatlıq tikinti-quraşdırma işləri  görülüb, əhaliyə 5,3  milyon manatlıq nəqliyyat və rabitə, 81,5 milyon manatlıq ticarət xidməti göstərilib. İl ərzində 49 hündürmərtəbəli binada 56 min kv.metr dam örtüyü əsaslı təmir olunub,  22 yaşayış evində  62 min kv.metr fasad  rənglənib. Şəhərin  Heydər Əliyev prospektinə, Üzeyir Hacıbəyov,  Müslüm Maqomayev, Fidayıl Abdullayev və Samux küçələrinə,   çimərlik yoluna, məhəllədaxili ərazilərə və piyada səkilərinə 420 min kvadrat  metr asfalt örtüyü çəkilib. 2015-ci ildə Heydər Əliyev, Məhəmməd Füzuli parkları, Teatr  meydanı  yenidən qurulub, “Mingəçevir-Toxucu” ASC-nin bzasında Mingəçevir Sənaye Parkının və “Kür” EAİM-nin bazasında Yüksək Texnologiyalar Parkının qurulması, su və kalizasiya sisteminin dəyişdirilməsi, enerji və qaz təchizatının yaxşılaşdırılması  istiqamətində işlər davam etdirilib.

Ötən il 10315 nəfər yaşa, 5665 nəfər əlilliyə, 1375 nəfər ailə başçısını itirməyə görə təqaüd alıb. Bu məqsədlə 33,7 milyon manat sərf olunub. Şəhər üzrə aylıq təqaüd 162 manat olub. İl ərzində 5281 üzvü olan 1354 ailəyə ünvanlı sosial yardım ayrılıb.

Məşğulluq Mərkəzinə qeyri-məşğul şəxs kimi 1104 nəfər müraciət edib.Onlardan 466-sı ixtisasına uyğun işlə təmin olunub, münasib işlə təmin olunmayan 95 nəfərə işsiz statusu verilib və müavinət təyin olunub. Mingəçevirdə məskunlaşan 20324 köçkünün və ya 5436 köçkün ailəsinin gündəlik problemləri, əhaliyə təhsil, səhiyyə,  mədəniyyət və turizm xidmətləri  göstərən,  gənclərlə işləyən  təşkilatların, siyasi partiya, QHT və  KİV-lərin,  dini qurumların  fəaliyyəti  ilboyu icra hakimiyyətinin diqqət mərkəzində olub.    İH başçısı tərəfindən vətəndaşların qəbulu ilə bağlı 47 rəsmi, 44 səyyar görüş keçirilib.

2015-ci il həm də Azərbaycan Prezidenti  İlham Əliyevin  Mingəçevirə gəlişi ilə yadda qalıb.  Ötən il fevral ayının 24-də ölkə başçısı məcburi köçkünlər  üçün  tikilən şəhərciyə  və əsaslı təmir olunmuş mərkəzi xəstəxanaya,  yeni inşa olunan  “Ağsaray” otelinə və təzədən  qurulan Heydər Əliyev parkına  baş çəkib , 120 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Bütün bunlar barədə Mingəçevir Şəhər İcra hakimiyyəti başçısı Niyazi Bayramov  2015-ci il ərzində Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı hesabatında bəhs edib.  MDU-nun konfrans zalında baş tutan hesabat yığıncağında başçı  bildirib ki,  su və kanalizasiya şəbəkəsində   yenidənqurma,  Aydın Məmmədov küçəsində asfaltlanma və işıqlandırma,  1, 7 və 9 nömrəli orta ümumtəhsil məktəblərində əsaslı təmir işlərini  başa çatdırmaq,   istilik təchizatının  əhatə dairəsini genişləndirmək,   fərdi mənzil tikilən əraziləri  qazlaşma ilə tam təmin etmək,  dam örtüklərinin yenilənməsini davam etdirmək,   sənaye parkının yaradılmasının sürətləndirmək,  yeni inşa olunan ticarət və digər təyinatlı obyektlərin qısa müddətdə fəaliyyətə başlamasına şərait yaratmaq,  işsizliyi aradan qaldırmaq 2016-cı ildə qarşıda duran vəzifələrdəndir.

Hesabat məruzəsi ətrafında Maliyyə İdarəsinin rəisi Şahverdi İsfəndiyarov, Məşğulluq Mərkəzinin direktoru İsmayıl  Məmmədov,  Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Elçin Abdullayev,  Texniki-Rezin ASC-nin sədri Vaqif Həsənov,  Təhsil şöbəsini müdiri Sahib  Məmmədov, Mərkəzi Xəstəxananın baş həkimi Yusif Quliyev,  Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev,  Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Kommunal Təsərrüfatı İstehsalat  Birliyinin rəisi Samir  Məmmədov fikirlərini bölüşüblər.  Qeyd olunub ki, hesabat dövründə maliyyə gəlirlərinin icrası  100,5 faiz, xərclər üzrə  isə 97,6 faiz yerinə yetirilib. Kommunal müəssisələrdə əhalidn yığım aşağı səviyyədə olub. 650 nəfər işlə təmin edilib.  Lakin bütün müəssisələr boş iş yerləri barədə məlumatları vaxtında təqdim etməyib, işçilərlə online müqavilələr  bağlamayıblar. Prezidentin göstərişindən sonra sahibkarların  gömrükdə qarşılaşdıqları maneələr  azaldılıb.  Orta məktəblərin MDU ilə əlaqələri genişlənib.  Ötən il əhalinin 75 mini  tibbi müayinədən keçirilib və bi işə fevral ayının 15-dən  yenidən başlanıb. Mədən vergisi istisna olmaqla, bələdiyyənin başqa sahələrdən əldə etdiyi gəlirlər artıb. 10 mindən çox gənc Gənclər Evində tədbirlərə qatılıb.  Yağış sularını ötürən xətlər və şəhəri sel təhlükəsindən qoruyan kanallar təmizlənib, əlavə mühafizə kanalının çəkilməsi nəzərdə tutulub.

Prezident  Administrasiyasının məsul  işçisi Vəfadar  Bağırov  ötən il ərzində ölkədə, o cümlədən  Mingəçevirdə görülən işlərdən söhbət açıb.  Onun fikrincə,  dünyanı bürümüş  krizis  Azərbaycandan da təsirsiz keçməyib: “Lakin biz ən az itki ilə vəziyyətdən çıxan ölkəyik. Bu, iqtisadiyyatımızın şaxələndirilməsi, biznes mühitinin yaxşılaşdırılması syəsində mümkün olub. Taxıl və taxıl məhsulları ƏDV-dən azad edilib, nəticədə çörəyin qiymətini əvvəlki səviyyədə saxlamaq mümkün olub.  Əhalinin işsizliyini aradan qalırılmaq  üçün ciddi addımlar atılıb.  Azərbaycanın ərazi bütövlüyünün qorunması dövlətin ən ümdə və prioritet vəzifələrindən biri olub”.

V.Bağırov  çoxmənzilli binaların isidilməsi,  dam örtüklərinin dəyişdirilməsi, məktəb və uşaq bağçalarının, məhəllədaxili ərazilərin  təmiri vəziyyətindən də narahatlığını  vurğulayıb.  Tədbir iştirakçıları da  bu və ya digər məsələlərin nə vaxt həll olunacağı ilə bağlı fikirlərini İH başçısına ünvanlayıbıar.  Vətəndaşlar süni qiymət artımı yaradanlara qarşı mübarizənin artırılması,  yeni iş yerlərinin tezliklə açılması, bağ sahələri və yaşıllıqları suvarmaq üçün əhaliyə münasib qiymətə su verilməsi ilə bağlı sual və təkliflərini ünvanlayıblar. Prezidentin sahibkarlığın inkişafına diqqət və qayğısını artırmasına baxmayaraq, “Azərsu” ASC-nin yeni sayğacını ala bilməyən kiçik sahibkarların obyektlərinin susuz qalması  barədə məsələ isə ciddi müzakirəyə səbəb olub. Başçı bütün bunların həlli üçün yuxarı orqanlarla birgə apardığı danışıqlar barədə məlumat verib. Həm də Mingəçevirdə suyun qiymətinin aşağı salınacağına ümid etdiyini bildirib.

Qərar layihəsinin qəbulundan sonra ölkə başçsına müraciət ünvanlanıb.

Şərhlər bağlıdır.