AraşdırmaMingəçevir

Gender bərabərliyi qadın gücü və kişi cəsarətindən keçir

Qadın və kişi bərabərliyinin de facto reallaşdırılması üçün konkret siyasət və pozitiv tədbirlərin həyata keçirilməsi, prosesin təşviqi, monitorinqi, koordinasiyası və qiymətləndirilməsi vacibdir

 

“Normal təhsilim, işim olsaydı, belə duruma düşməzdim…”

Rahilə xanım Nizamla 30 il qabaq toxuculuq kombinatında işləyərkən tanış olub və ailə qurub. Birgə nikahdan bir qız və iki oğulları dünyaya gəlib. Qaynatanın ölümündən sonra onun adına olan mənzil bütün ailə üzvlərinin, o cümlədən Rahilənin razılığı ilə Nizamın adına özəlləşdirilib. Kombinatın fəaliyyətində yaranan böhran üzündən Nizam işdən çıxıb, pul qazanmaq məqsədilə Rusiyaya yollanıb. İki dəfə qazancla gəlsə də, üçüncü qayıdışı Rahilə üçün uğursuz olub. O, gətirdiyi avtomobili sataraq, qeyri-rəsmi yaşadığı xanımla yenidən Rusiyaya qayıdıb və “yoxa çıxıb”.

“O, bizi tamam unutdu,-Rahilə xanım qalaq-qalaq məktub və yazışmalarını bizə göstərir: Mən də dövlətdən hər uşağa verillən 9 manatı  almaq üçün onun itkin düşməsi və boşanma ilə bağlı iddialar qaldırdım. Məhkəmə iddialarımı təmin etdi. Amma alimenti almaq müşkül oldu…”

Axtarışda olan Nizam uzun illərdən sonra qayıdanda alimenti ödəmədiyinə görə hava limanında saxlanılıb və yığılıb qalmış vəsaitin bir hissəsini ödəyib. Bundan sonra Nizam mənzilindən keçmiş həyat yoldaşının çıxarılması tələbiylə məhkəməyə üz tutub.

“Dəfələrlə məhkəmə çəkişmələrində oldum. Əsəblərim korlandı, sağlamlığım itdi. Pulum olmadığından vəkil tuta bilmədim. Kortəbii məsləhətlər karıma gəlmədi. Axırda mənə verilən cüzi kompensasiyaya razı olub, mənzili boşaltdım. Bəlkə də vaxtında normal təhsilim, işim olsaydı, belə ağır duruma düşməzdim…”-Rahilə xanım özünü günahkar sayır.

“Son onilliklərdə bu sahədə tərəqqi nəzərə çarpmasına,  qadınların hüquqi vəziyyətinin yaxşılaşmasına baxmayaraq, qadınlar və kişilər arasında effektiv bərabərlik reallığa çevrilməkdən uzaqdır. Gender münasibətlərində boşluqlar və struktur maneələri bir çox sahələrdə qalmaqdadır ki, bu da qadınların və kişilərin imkanlarını onların ənənəvi rolları ilə məhdudlaşdırır. Mütəmadi monitorinq və araşdırmalar göstərir ki, qadınların siyasi həyatda iştirakı, ədalət mühakiməsinə çıxış imkanı və zərərli gender stereotiplərinin və seksizm yanaşmasının aradan qaldırılması məsələsində irəliləyiş çox ləng gedir”-Avropa Şurasının 2018-2023-cü illər üçün Gender Bərabərliyi Strategiyasında belə deyilir.

Gender bərabərliyi qadınların və kişilərin, qızların və oğlanların hüquq bərabərliyinə, eləcə də, ictimai və şəxsi həyatın bütün sahələrinə onların eyni dərəcədə cəlb olunmasına, eyni imkanlara, məsuliyyətə və iştirakçılığa malik olmasına səbəb olur. O, həm də qadınların və kişilərin resurslara bərabər çıxış imkanlarını və resursların onlar arasında bərabər bölüşdürülməsini nəzərdə tutur.

Lakin iqtisadi çətinliklərin, millətçilik və populizmin artması, miqrantların və qaçqınların axını, resursların azalması kimi amillər dünyada vəziyyəti xeyli ağırlaşdırıb. Qadınların və kişilərin hüquq bərabərliyinin həyata keçirilməsi üçün sosial və iqtisadi şəraitin yaradılmasına, o cümlədən qadınların iqtisadiyyata daha geniş şəkildə cəlb olunmasına və onların iqtisadi müstəqilliyinin artırılmasına yetərincə diqqət lazımdır.

Mülkiyyətə əli çatmayan Azərbaycan qadını

Sabirabad Qadınlarının Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədr müavini Aygün Əliyeva  kənddə yaşasa da, rayon mərkəzində işləyir: “İlk dəfə işə gedəndə  qərar verməkdə çətinlik çəkirdim. Ailəm icazə verirdi, amma “Qonşular nə deyər?” fikrindəydim.  Baxmayaraq ki, tələbə olmuşam, Bakıda oxumuşam, amma istəmirdim ki, barəmdə xoş olmayan danışıqlara yol verilsin. O mühitdən çıxana qədər çətinlik çəkirdim. Amma bir azdan gördüm ki, hamı normal qarşılayır. Mən işləməyə gedəndən sonra bir çox qadınları da özümlə aparmağa nail oldum. Adamlar mənə inandıqlarına görə ardımca gəldilər. İndi tək deyiləm.”

Aygün xanım rayonlarda qadınların bir nömrəli problemini sterotiplərdə görür: “Baryerləri aşmaq lazımdır. Təəssüf ki, aşa bilmirlər. Çünki ailələrindən dəstək yoxdur. Qanunla bütün övladların mirasa sahib olmaq haqqı var. Amma bizdə buna əməl olunmur. Adətən qızlar mirasdan pay istəmirlər. Yəni onlar ailə qurub gedirlər, ona görə də mirasa valideynin yanında qalan oğullar sahib olurlar. Amma qızlar paylarını istəsələr, buna yaxşı baxılmır. Yaşlı insanların alt qafasında var ki, hər şey onların oğlan övladları, evin kiçiyi üçündür. Əgər kiçik qız olsa belə, ona heç nə düşmür.  Qızlarımız da dədə-baba malından nə isə əldə etmək barədə düşünmürlər. Bu isə bir çoxlarının normal təhsil almaması ilə bağlıdır. Çünki 9-cu sinfi bitirən qızların əksəriyyəti məktəbdən yayınır. Son 15 ildə  “Qız uşağı mütləq təhsil almalıdır” kimi filirləşənlər artsa da, əksər valideynlər daha çox oğlanlarının təhsilinə pul yatırırlar”.

Media və Demokratiya İnstitunun direktoru Mehriban Vəzirin qənaətinə görə, ötən əsrin əvvəllərində Azərbaycan qadınının vəziyyəti indikindən yaxşı idi. Belə ki, o dövrdə qadın daha çox xüsusi mülkiyyətə sahib idi və bu mülkiyyəti üzərində hüquqları tanınırdı: “Atanın mülkiyyəti övladlar arasında bölünürdü, amma ananın mülkiyyəti toxunulmaz sayılırdı. Heç kimin ona müdaxilə etməyə ixtiyarı çatmırdı, ana onu oğluna, gəlininə, hətta kimə istəsə verə bilərdi”.

Mehriban xanımın fikrincə, bu gün Azərbaycanda bütün mülkyyət müəyyən zümrənin əlindədir, onların 96%-i isə kişilərdir, qalan 4%-in də 95 %-i formal olaraq qadınlara məxsusdur, amma reallıqda qadınların ona əli çatmır.

Dayanıqlı İnkişaf Məqsədlərinin əksəriyyəti genderlə kəsişir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin müdiri Taliyə İbrahimovanın fikrincə, bu gün dünyaya əsas çağırış odur ki, 2030 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) qlobal, milli və yerli səviyyədə həyata keçirilsin: “Maraqlıdır ki, əksər məqsədlər gender məsələsi ilə əlaqəlidir. Sosial, iqtisadi, insan hüquqları, hətta kənd təsəsrrüfatı, qida təhlükəsizliyi, təbii resurslara çıxış, su və iqlimlə bağlı məsələlər və digərləri birbaşa və ya dolayısı ilə genderlə.  əsasən qadınların imkanlarının, rolunun artırılması ilə bağlıdır. Araşdırmalara  görə, heç də qadınların hamısı əlverişli vəziyyətdə deyillər. Buna görə də ümumi tədbirlər həyata keçirilir, amma görürük ki, bunların effektiv nəticəsi yoxdur. BMT Baş Katibinin dediyi kimi, icmaların, dövlətlərrin, hətta şirkətlərin inkişafını istəyiriksə, mütləq qadınlara yatırım edilməlidir. Bu, çox önəmlidir. İndiyədək formal bərabərlikdən çox danışılıb, amma real bərabərliyə nail olunmayıb.  Məsələn, dünya məhsulunun 50 faizini istehsal edən qadınlar gəlirlərin cəmi 10 faizini əldə edə bilir. Dünya üzrə mülkiyyətin cəmi 1 faizi qadınlara məxsusdur. Zorakılığa, insan alverinə məruz qalanların böyük əksəriyyəti də qadınlardır”.

T.İbrahimova vurğulayır ki, qadınlar əmək sahəsində cinsi mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalır və şikayətini lazımi instansiyalara çatdıra bilmir: “Məsələn, fabrikdə işləyən qadın cinsi mənsubiyyətinə görə rəhbəri tərəfindən təzyiqlərə məruz qalır. O qadın bu günkü reallıqda nə edə bilər? Siz onu necə müdafiə edə bilərsiniz?  Bu gün həmin məsələyə görə rəhbər cəzalandırılmır. Dövlət yardım mərkəzi və sığınacaq olmayınca,  təhlükəsizlik məsələləri həllini tapmayacaq. Yaxşı haldır ki, 5 rayonda qadın resurs mərkəzləri yaradılıb və onların sayının artırılması nəzərdə tutulub. Bu mərkəzlər yaxşı mexanizmdir, biznes inkubator rolunu oynayır. Lakin bütün cəhdlərə baxmayaraq, qadınlar kişilərdən 3 dəfə artıq ödənişsiz əməyə cəlb olunur  Baxmayaraq ki, qanunlarda gender bərabərliyi təsbit olunub”.

Bəzən qadın olduğuna görə qadını irəli çəkirlər

Azərbaycan Respublikası bütün mühüm beynəlxalq sənədlərə-1992-ci ildə BMT-nin “Qadınların siyasi hüquqları” üzrə konvensiyasına, 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə konvensiyaya, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulub, Gender siyasətinin həyata keçirilməsi məqsədilə ölkədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. 2006-cı ilin dekabrında Milli Məclis Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında, 2010-cu ildə məişət zorakılığının aradan qaldırılması ilə bağlı qanunları qəbul edib. Hazırda gender məsələləri üzrə məsul şəxslər demək olar ki, bütün hökumət strukturlarında və Azərbaycanın şəhər və rayonlarının icra hakimiyyəti orqanlarında fəaliyyət göstərirlər.

“Qadınları məhz qadın olduqlarına görə vəzifəyə qoymaq olmaz”. Bu fikri Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova səsləndirib. O, mediainfo.az-a açıqlamasında vurğulayıb ki, bəzən qadın olduğuna görə qadını irəli çəkirlər: “Bir çox rayon icra hakimiyyətlərində belə bir proses getdi. Sıravi bir müəlliməni icra hakimiyyətində müavin təyin edirlər. Amma bir şey nəzərə alınmır ki, idarəetmə özü bir elmdir. O pilləyə çatmaq üçün hələ idarəetmənin aşağı pilləsində olmaq lazımdır, öyrənmək lazımdır, sonra yüksək pilləyə çıxıb kiməsə dərs vermək olar. Qadın irəli çəkilir, amma işinin öhdəsindən gələ bilmir, o kənarlaşdırılır, sonra deyirlər ki, qadınları irəli çəkirik, onlar bacarmırlar”.

Psixoloq Azad İsazadə problemin kökünü kişilərə təklif olunan imkanların qadınlar üçün eyni dərəcədə əlçatan olmamasında görür: “Onların hüquqlarını tələb etmələri çox vaxt uğursuzluqla nəticələnir”.

Hüquq və İnkişaf İctimai birliyinin rəhbəri Hafiz Həsənov düşünür ki, hər şey hüququn üstünlüyünə əsaslanmalıdır: “Məişət zorakılığı ilə bağlı mühafizə orderlərinin tətbiqi vəziyyəti dəyişə bilmədi. Vəkil kimi mənim icraatımda işlər var. Bu gün də qadın mühafizə orderi olmasına baxmayaraq, təzyiqlərə məruz qalır. Normal hüquqi dövlətdə vətəndaş var, dövlət var, qanunlar var. O başqa məsələdir ki, qanunlar arzu olunan səviyyədə işləmir, cəmiyyətdə qadınlara qarşı ayrı-seçkiliyə yol verilir. Amma mən qanunun aliliyini, bərabər ədalətli mühiti görmək istəyirəm. Kvota məsələsini çıxmaq şərtilə, deyək ki, parlamentdə yerlərin müəyyən faizini qadınlara necə vermək olar? Onlar aktivlik göstərib, seçkilərdə səs qazana bilərlər. Eləcə də kişilər…”

Bu gün kişilər daha çox psixoloji və iqtisadi yükə məruz qalırlar

ABŞ-da yaşayan və uzun illər gender problemlərini araşdıran Dr. Aysel Vəzirova da belə hesab edir ki, bizim zəif yerimiz qanunların icrasındadır: “Qadın yaxşı təhsil alsa da, bu ona iqtisadi sahədə yaxşı qazanc əldə etmək imkanı vermir. Özəl sektorda liderlərə baxsaq, qadınlar çox cüzi hissə kimi görünür. Azərbaycan parlamentinə baxırıq, cəmi 16 faiz qadının qanunvericilik hakimiyyətində təmsil olunduğunu görürük. Bir çox ölkələrdə vəziyyət belədir. Əslində qadınların təhsilinə yatırım qoyulur, amma bundan gəlir alınmır. Çünki qadınlar daha az gəlirli sahələrdə işləyirlər. Nazirlər Kabinetimizin iclaslarına, səfirlərimizin tərkibinə baxsaq, orda da qadın görmürük. Amma kifayət qədər təhsilli qadınlarımız var, qanunlar da onların vəzifələrə irəli çəkilməsində məhdudiyyətlər qoymur. Qanunvericilikdə olan güclü məqamlar icra prosesində normal işləmir”.

Ekspert təəssüf edir ki, bu gün ən ciddi məsələ kişilərin boynuna həddən artıq yük düşməsi ilə bağlıdır: “Çünki ailə dəstək infrastrukturu zəif olduğundan kişilər zorakılıqdan daha çox həyatlarını itirirlər. Gender təkcə qadın demək deyil. Gender qadın və kişi arasında olan münasibətlərə aiddir. Baxın, kişilərdə ömür uzunluğu qadınlarla müqayisədə xeyli azalıb. Kişilər çox böyük psixoloji və iqtisadi yükə məruz qalır. Patriarxal ailədə yük daha çox bölünürdü. Nuklear ailədə isə belə deyil, ailənin maddi təminatı kişinin funksiyasına daxildir. Hətta qadınlar deyirlər: “Mənim vecimə deyil, hardan istəyirsən, tap, gətir”. Belə halda ailə üzvü həddən artıq stress içində yaşayır. Eyni zamanda qadının üzərinə düşən yük, əgər işləyirsə, ikiqat artır. Nəticədə dəyişən iqtisadi vəziyyətdə ailə çətinliklərlə qarşılaşır. Sirr deyil ki, bir nəfərin gəliri hesabına yaşayan ailənin bünövrəsi möhkəm deyil. Günün birində bu insan sağlamlığını və ya həyatını iturəndə ailə qalır başsız. Ailə sistemi o zaman möhkəm olur ki, bir neçə nəfər ailədə gəlir əldə etmək funksiyasına malik olur. Bu zaman yüklər bölüşdürülür, risklər azalır. Tərəf yükləri birgə bölüşərsə, rahat nəfəs ala bilərlər. Bir sözlə, gender problemində kişilərlə bağlı vəziyyəti araşdırmağa da ehtiyac var”.

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İB-nin sədri Nailə İsmayılova bu gün ailədaxili münaqişələrin baş verməsi və ya diğər səbəblərdən daha çox kişilərin evlərini tərk etməsindən narahatdır: “Bu məqamda qadınlar çıxılmaz vəziyyətdə qalır. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası”nı həyata keçiririk və təcrübədə yuxarıda sadaladığım faktlarla daha çox rastlaşırıq. Düşünürəm ki, problemlərin həllinə ciddi maarifləndirmədən başlamalıyıq. Bu sahədə medianın töhfəsi əvəzsiz ola bilər”.

Gender bərabərliyində media necə rol oynaya bilər?

Internet səhifələrinə baxış zamanı belə təsəvvür yaranır ki, Azərbaycan KİV-lərinin əksəriyyəti haqqında söhbət gedən mövzuda araşdırmalara ümumiyyətlə yer ayırmır, ən yaxşı halda hesabatları dərc etmək, tədbirlər barədə quru xəbərlər verməklə kifayətlənir. Əslində belə tərzdə təqdim olunan yazılar geniş oxucu auditoriyası üçün ciddi maraq doğurmur. Bəs gender bərabərliyi üçün medianın rolunu necə artırmaq olar?

Bu sualla bir neçə media və QHT nümayəndələrinə müraciət etdik. Tanınmış jurnalist Seymur Verdizadə bildirir ki, media rəhbərləri arasında qadınların sayı artmalıdır: “Qərarvermə prosesində qadınların kişilərdən asılılığı azalmalıdır. Qadın və kişi bərabərliyi haqqında vaxtaşırı video və telesüjetlər hazırlamağa ehtiyac var. Məsələn, kişini bir gün belə qadın olmağın nə demək olduğunu düşündürən videoçarx çəkmək, uğurlu qadınların hekayələrini yazmaq effekt verərdi”.

S.Verdizadənin fikrincə, başqa peşə sahibləri kimi,  jurnalistlərin də haqqında söhbət gedən mövzu ilə bağlı peşəkarlığını artırmağa ehtiyac var: “Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ)  jurnalistlər üçün hüquqi mövzuda, xüsusən də genderlə bağlı faydalı təlimlər təşkil edir. Başqa qurumların, xüsusən jurnalist təşkilatlarının bu sahədə aktiv fəaliyyət göstərməsini arzu edərdim. Xüsusən regionlarda qadınların cox sayda hüquqlarının tapdalandığı bölgələrdə mobil media qrupları yaradılmalıdır. Onlar hüqüq-muhafizə, icra, təhsil və səhiyyə orqanları ilə birgə qapalı səraitdə əli, səsi heç yana catmayan, daim basqıya məruz qalan qadınlarımızın vəziyyətini yerində araşdıra bilərlər”.

“Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri Əvəz Rüstəmov düşünür ki, Azərbaycan kimi ölkələrdə gender bərabərliyi özünü daha çox qadın hüquqlarının qorunmasının vacibliyi müstəvisində göstərir: “Bəzən elementar məsələlərdə qadınların hüquqlarına etinasız yanaşılır və bu, tarixən formalaşmış ailə institutunun tələbi kimi meydana çıxaraq, bir növ, leqallaşır. Məncə, media yanaşmanı xeyli dərəcədə dəyişə bilər. Əvvəla, keçmişdəki şərtlərlə indiki şərtlər üzləşdirilə, istehsal və digər sahələrdə qadın əməyinin səmərəliliyinə aydınlıq gətirilə və bu əməyin cəmiyyətin tərəqqisi naminə faydalılığına izah verilə, mövcud sahədəki beynəlxadq təcrübə bölüşülə bilər. Təbii, bütün sadaladıqlarım məsələyə kompleks yanaşma tələb edir. Digər tərəfdən, ictimai sektorda fəallıq artırılmalıdır ki, jurnalistlər də həmin fəallığı işıqlandırmaqla prosesə töhfə vermiş olsunlar”.

Yerli İdarəetməyə yardım İB-nin təhsil və təlim üzrə mütəxəssisi Rasim Zeynalov isə zənn edir ki, bizim ölkədə gender məsələsinə kompleks yanaşma yoxdur: “Məsələn, digər sahələrdə olduğu kimi, burda da kampaniya xarakteri var. Bir dövr başladı ki, bələdiyyələrə, İcra hakimiyyətlərinə qadınlar irəli çəkildilər. Bu zaman əksəriyyəti bacarıqsız kadrlar olduğundan irəliləyiş olmadı. Hətta indi də təsadüf edirik, ad qadınındır, işi icra edən isə onun əri, ya qardaşıdır. Gender çox geniş, əhatəli bir anlamdır. Əslində bütün sahələrdə genderin rolu var. Məsələn, təşkilatlanma məsələsində. İstənilən təşkilatın  tərkibində cinsi balans gözlənilməlidir. Mətbuatda əksər hallarda qadın hüquaqları termini düzgün işlənmir. Bəzən belə yazırlar: insan hüquqları və qadın hüquqları. Bunun belə təqdimatı əslində qadını aşağılamaqdır. Hər şeydə bir ortaq norma olduğu kimi, qadın hüquqları məsələsinin də həddən artıq şişirdilməsinin əleyhinəyəm. Ola bilər bu,  bir sıra islam ölkələri, İran üçün prioritetdir. Amma Azərbaycan fərqlidir və bizdə vəziyyət kifayət qədər qənaətbəxşdir”.

 “Amma bizdə hələ də qadına ət kimi baxanlar var”

“Bu yaxınlarda tanışlarımdan biri danışırdı ki, qohumu xoşu gələn qızla tanış olmaq istəyəndə qız çantasını oğlanın başına vurub,  onu qardaşı ilə, polisə  verəcəyilə hədələyib. Normalda bir oğlan bir qıza hisslərini,  rəğbətini, lap ehtirasını açıqlaya bilər. Yəni yetkinlik yaşına çatmış insanların özlərinin  münasibət qurması təbii haldır. Amma qızlar etiraf edirlər ki,  valideynlərinin razılığı olmadan kiminləsə münasibət qurmaları mümkün deyil. Bəs bizim qız və qadınlarımız normal insani münasibəti nə vaxt quracaqlar,  özləri nə vaxt seçəcəklər?  Məncə, bu,  psixoloji problemdir. Əslində insanlar ailə qurana qədər bir-birini tanımalıdırlar”.

Bu fikirləri hüquq müdafiəçisi Əvəz Həsənov deyir. Həm də təəssüflə  bildirir ki, bizdə hələ də qadına ət kimi baxanlar az deyil: “Bir neçə gün əvvəlin söhbətidir,  mikrarayona gedirdim. Bir qız dayanacaqda avtobus gözləyirdi.  Minik maşınlarının sürücüləri düz onun yanında saxlayıb, təkidlə: “Ay qız, hara gedirsən, otur, aparım” deyirdilər. Sanki onların malıdır, pulunu verib alacaqdılar. Sonra da deyirik ki, avropalılar tərbiyəsizdir, biz isə idealıq. Amma heç bir Avropa ölkəsində, hətta Gürcüstanda da belə vəziyyətə rast gələ bilməzsən. Ona görə qadınlar güclü olmalıdır ki, kişiləri dəyişə bilsinlər…Həm də kişilər bu dəyişikliklərə hazır olmalıdırlar”.

Ə.Həsənov belə hesab edir ki, gender stereotipləri geniş yayıldığına və zaman keçdikcə öz təsirini göstərdiyinə görə geniş çeşidli sosial sahələrdə – evdə, təhsil və iş sahələrində, ictimai yerlərdə, sosial mediada və sosial şəbəkələrdə kişilərin və oğlanların sosiallaşmasına həyat prizmasından yanaşmaq lazımdır: “Həm yerli, həm də beynəlxalq qurumların qənaətinə görə, insan hüquqlarının və gender bərabərliyinin təşviq edilməsində qadınların və kişilərin aktiv tərəfdaş və bəhrələnən tərəf kimi prosesə maraq göstərmələri vacibdir”.

Hökumət problemin həlli üçün hansı addımları atacaq?

Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində  gender əsaslı problemlərin həllinə başlıca diqqət yetirilib. Burada qadın sahibkarlığının inkişaf etdirilməsi (4.4), kənd yerlərində qadınların və gənclərin məşğulluğunun artırılması (9.2, 9.3) və digər məsələlər nəzərdə tutulub.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da ölkədə gender bərabərliyinin təmin edilməsi məsələsi diqqət mərkəzində saxlanılıb: “Bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini gender əsaslı zorakılıq hallarının qarşısının alınması üzrə tədbirlərin görülməsi, qadınlar və kişilər üçün əmək bazarında bərabər imkanların yaradılması, qadınların işdə irəli çəkilmək, rəhbər vəzifə tutmaq imkanlarının daha da genişləndirilməsi təşkil edəcəkdir. Ana və uşaqların sosial müdafiəsi və mühafizəsinin gücləndirilməsi, BƏT-in ratifikasiya olunmuş “Ailə öhdəlikləri olan işçilər haqqında Konvensiya”sına uyğun olaraq, işləyən valideynlər üçün uşağa baxmanın asanlaşdırılması, uşaq bağçalarının sayının artırılması, həmçinin ailə planlaşdırma xidmətlərinin inkişaf etdirilməsi dəstəklənəcəkdir. Qeyd edilən istiqamətlərin reallaşdırılması üçün bir sıra məqsədli sənədlər qəbul ediləcəkdir. Bununla bağlı “Azərbaycan ailəsi Strategiyasi”nın, gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının, Uşaq Məcəlləsinin və Milli Uşaq Strategiyasının hazırlanması nəzərdə tutulur. Eyni zamanda, “Ailə psixoloqu” institutu, məişət zorakılığına məruz qalmış şəxslər üçün yardım mərkəzləri və sığınacaqlar, həmçinin ölkədə zorakılıq, təhsildən yayınma və erkən nikah halları üzrə monitorinq sistemi yaradılacaqdır”.

Yeri gəlmişkən, Avropa Şurası 2018-2023-cü illər üçün Gender Bərabərliyi Strategiyasında gender bərabərliyinin de facto reallaşdırılması üçün konkret siyasət və tədbirlərin qəbul edilməsini, o cümlədən lazımi hallarda qadınların vəziyyətini yaxşılaşdırmağın tələb olunduğu mühüm sahələrdə pozitiv tədbirlərin görülməsini; bütün siyasət və proqramlarda gender məsələlərinin nəzərə alınması prosesinin təşviqi, monitorinqi, koordinasiyası və qiymətləndirilməsini zəruri hesab edir: “Məşğulluq, əmək haqqı, yoxsulluq, pensiyalar, kişilər və qadınlar arasında ev təsərrüfatı işlərinin və ailə üzvlərinə qulluq vəzifələrinin qeyri-bərabər bölgüsü kimi məsələlərdə davam etməkdə olan çatışmazlıqları aradan qaldırmağın vacibliyi yeni Strategiyada qadınların iqtisadi müstəqilliyinə aparan əsas amil kimi qəbul edilir… Yeni Strategiyada həmçinin qadınlar və kişilər arasında bərabərliyin ictimai, şəxsi və ailə həyatında onların layiqli yaşayışı və hüquqları üçün doğurduğu nəticələrə toxunulur. Analıq və atalıq məzuniyyətinin sosial əhəmiyyətini və hər iki valideynin uşaqların tərbiyəsindəki rollarını və himayələrində olan yetkinlik yaşına çatmayan övladlarının himayədarı qismində rollarını nəzərə almaq həm qadınların, həm də kişilərin insan hüquqlarına tam və bərabər əsasda hörmət edilməsini təmin etmək üçün vacibdir. Ödənişsiz ev təsərrüfatı və ailə üzvlərinə qulluq işlərinin bərabər bölüşdürülməsi gender stereotiplərini dağıtmaq, qadınlarla kişilərin işində və həyatında balansı təmin etmək və real gender bərabərliyinə daha da yaxınlaşmaq üçün təşviq edilməlidir”.

Təlim keçmiş qadın artıq biznes plan yazır

Erkən nikahdan danışanda ilk növbədə cənub bölgəsi yada düşür. Masallı Qadın Resurs Mərkəzinin koordinatoru Nərgiz Muxtarova bunun günahını valideynlərdə, ilk növbədə analarda görür: “Uşaq ağlı bir az kəsən kimi analar başlayır cehiz yığmağa. Uşağa deyir ki, bunu sənə almışam. Erkən yaşdan uşağı təhsil almağa deyil, ərə getməyə yönləndirir. Amma əslində uşaq oxumaq istəyir. Ana baxır ki, 3 -4 qızı var. Düşünür ki, vaxtında ərə verməsə, qız üstündə qalacaq.  Qız doqquzuncu, onuncu sinfə çatanda,  15, 16 yaşında, hətta 14 yaşında bir imkanlı yerdən namizəd çıxır, valideyn heç uşaqdan soruşmadan razılıq verir. Uşaq istəməsə də… Mən məktəblərlə əlaqə saxlayıram. Müşahidəmə görə, 9-cu sinifdən sonra təhsil alan qızların sayı kəskin azalır. Bilirsiniz bəylə gəlinin yaş fərqi nə qədər olur? Hətta on ilə qədər. Biz adətən hər il qadınlara qarşı zorakılğa son qoyulması məqsədilə 16 günlük kampaniya çərçivəsində tədbirlər keçiririk. Orta məktəblərə gedrik, şagird, müəllim və valideynlərlə görüşürük.  Təəssüf ki, əksər valideynlər məktəblərə gəlmirlər. Valideynləri təlimlərə cəlb etmək lazımdır. Müəllimlərin tez-tez evlərə baş çəkməsinə  də ehtiyac var. Təlim keçmiş xeyli qadın var ki, artıq biznes plan yazır, özünün CV-ni hazırlayıb, iş tapa bilir”.

Nərgiz xanım deyir ki, qadınların peşə seçiminə diqqəti artırmaq lazımdır: “Hazırda 20-yə yaxın xanım kurslarımızda dərzilik öyrənir. Xalçaçılıq, tibb bacısı, kompüter operatoru ixtisaslarına maraq yüksəkdir. Gözəllik salonlarında tələb olunan peşələrə də. Sadəcə evdə oturan valideynlər passivdirlər. Onları maarifləndirmək lazımdır ki, uşaqlarının, xüsusən qızlarının evdən kənar şəraitdə qazandıqları müsbət fəaliyyətin qarşısına sədd çəkməsinlər…”

Tag
Daha çox

Oxşar yazılar

Bu xəbəri oxumusunuz?

Close
Close