Aktual

Gənclik arzularını “qəbrə basdıran” qadınlar

Öz başına gələnləri unutmayan Nərmin qızlarının təhsil alması üçün əlindən gələni edəcəyini deyir və həyat yoldaşı da keçmişdə elədiyi yanlışın fərqindədir

Nərmini kollecə deyil, ər evinə göndərdilər

Nərmin 2010-cu ildə kənd məktəbini bitirib. Qəbul imtahanlarından sonra onun  Mingəçevir Turizm Kollecinə, ödənişli əsaslarla qəbul edildiyi aydın olub. Lakin bu qız istəyini gerçəkləşdirə bilməyib.  Ailə “maddiyat azlığı”na görə qızının ödənişli yolla təhsilinə pul ayırmaq istəməyib. Hətta ona növbəti ilə hazırlaşmaq şansı da verməyib. 1 il sonra, 2011-ci ildə valideynlərinin təkidi və razılığı ilə Nərmini Toğrul Cəbrayılovla nişanlayıblar. 

Nərmin öz ailəsində olduğu kimi həyat yoldaşı Toğrulun ailəsində də qadınların təhsilinə diqqət ayrılmadığının şahidi olub. Nəticədə qayınana və qayınata yanında xoşbəxt və ailəsini sevən, onun qayğısına qalan bir xanım təsiri bağışlasa da, təhsildən geri qalması ilə “bəzi qaranlıqların aydın tərəfini” görməkdən məhrum olub. 

Bu gün Nərmin və Toğrulun  iki qız övladı var. Öz başına gələnləri unutmayan Nərmin deyir ki, qızlarının təhsil alması üçün əlindən gələni edəcək: “Onların mükəmməl insan kimi yetişmələri üçün nə lazımdırsa, edəcəyəm”. Yeri gəlmişkən, Toğrul da keçmişdə elədiyi yanlışın fərqindədir və o da qızlarına təhsildə bacardığı qədər dəstək olmağa çalışır.

“Atam və əmilərim mənə qarşı çox sərt davrandılar”

Bənövşə (qəhrəmanımızın xahişi ilə adını dəyişmişik) orta məktəbi yaxşı oxumasa da, qabiliyyətli və bacarıqlı  qız idi. Uşaqlıqdan milli rəqslərimizə həvəsliydi. Ailəsi onu Mingəçevirdəki Uşaq Yaradıcılıq Mərkəzində Mələk xanımın rəhbərlik etdiyi dərnəyə göndərirdi. Həftənin üç günü dərsdən sonra mərkəzə gələr, milli rəqslərimizi öyrənərdi..  Gələcəkdə özünü bacarıqlı rəqqasə, rəqs müəlliməsi kimi görürdü.  

2016-cı ildə Bənövşə şəhərdəki  10 nömrəli tam orta məktəbi bitirdi və incəsənət sahəsində təhsil almaq arzusunu ailəsinə bildirdi. Atası və əmiləri onun bu istəyini olduqca sərt qarşıladılar. 

Bənövşə deyir ki, onun rəqqasə kimi bacarığından ailəsi xəbərdar idi: “Lakin mən “Rəqqasə olmaq istəyirəm” deyəndə atam və əmilərim mənə qarşı çox sərt davrandılar: “Sənin məqsədin bizim ailənin adına söz gətirməkdir?” Hələ də anlamıram ki, rəqqasə olmağım ailəmin adına hansı cəhətdən söz gətirə bilərdi. Çünki sevgimlə, ağlımla və mərifətimlə edəcəyim bir işin ailəmə mənfi təsir edəcəyini düşünmürdüm”

Bənövşə də bu dar dünyagörüşlü insanların arasında və maneələrin nəticəsində ümumiyyətlə ixtisas təhsilinə yiyələnə bilmədi və ailəsinin təkidi ilə ailə həyatı qurmağa məcbur oldu. 

Ailələrin maarifləndirilməsinə ehtiyac var

Şəki Dövlət Regional Kollecinin Xanəndəlik ixtisasının məzunu Mehin Qarayeva ona görə narahatdır ki, maddiyatı bəhanə tutaraq öz qızlarının arzusunu nəzərə almayan ailə toy xərclərini, cehizi, eləcə də digər xərcləri təmin edir: “Niyə bunu təhsilə yox, məhz toya xərcləməyi üstün tuturlar? Çünki bir çox ailələr qızlarının təhsilinin vacibliyini, onların gələcəyini və öz ayaqları üzərində durmağı bacarmalarını tam anlamı ilə dərk edə bilmirlər”. 

Qadınların inkişafı və təhsil alaraq irəli getməsi bir çox kişilərin ürəyincə deyil. Onlar idarə etməyin, üstünlüyün bir qayda olaraq kişilərə aid olduğunu düşünürlər və  “qulluqçu” saydıqları qadınların irəli çıxacaqlarından, bu mövqeni ələ keçirəcəklərindən ehtiyat edirlər.Buna görə də bəzi dar dünyagörüşlü kişilər qadınların inkişafının qarşısını alırlar.  

Mingəçevir Dövlət Universitetinin Pedaqogika müəllimi Ülviyyə Verdiyevanın fikrincə, bölgələrdə qızların təhsil almasında məhdudiyyət var: “Bu, rayonlarda hələ köhnəfikirli ailələrin olması ilə əlaqədardır. bu gün əsasən cənub bölgəsində yaşayan qızlar daha çox əziyyət çəkirlər. Qadın təhsili bütün dövrlərdə prioritet məsələrdən biri olmuşdur.” H.Z. Tağıyevin məşhur kəlamı var:”Bir oğlanın ziyalı olması, bir ailənin ziyalı olmasıdır. Bir qadının ziyalı olması bütöv bir cəmiyyətin ziyalı olmasına gətirib çıxarır”

 

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close