Bizimlə həyatınız həmişə işıqlı olacaq!

 Əfqanıstan  veteranlarının  məktəbə növbəti gəlişi

199

Şəhid İlqar Kişiyev adına 17 saylı məktəbdə  Əfqanıstan Veteranları İttifaqı Mingəçevir şöbəsinin üzvləri  ilə  şagirdlərin görüşü olub.  Şöbənin sədri Elşən İbrahimli ölkə rəhbərliyinin veteranlara diqqət və qayğısından, rəhbərlik etdiyi təşkilatın  gənclərdə hərbi vətənpərvərlik ruhunun aşılanması istiqamətində gördüyü işlərdən və veteranların döyüş yolundan söz açıb: “25 dekabr 1979-cu ildən 15 fevral 1989-cu ilədək SSRİ-nin 40-cı ordusu Əfqanıstan ərazisində oldu. 10 il müddətində Azərbaycandan 9500 döyüşçü Əfqanıstan müharibəsində iştirak etdi. Hərbi əməliyyatlarda onların 208-i həlak oldu, 450-si əlil oldu, 7-si isə itkin düşdü. Əfqanıstan veteranlarından 4500-ü Qarabağ torpaqlarının erməni işğalçılarından azad olunması üçün fədakarcasına döyüşdü. Onların 76-nı şəhid verdik. Qarabağ savaşında 45  veteranımız əlil oldu,  6 nəfər isə itkin düşdü”.

E.İbrahimli nəzərə çatdırıb ki, Mingəçevirdə 154 əfqan müharibəsi veteranı var, onların 6-sı əlildir, 8 nəfər isə şəhid olub: “Üzvlərimizdən üçü də Qarabağ şəhididir. Biz onları unutmamalıyıq,  gələcək nəsillərə tanıtmalıyıq. Əvvəllər  məktəblər bizi dəvət edirdi. İndi isə özümüz məktəblərə, hərbi hissələrə gedib vətənpərvərlik mövzularında çıxışlar edirik”.

Məktəbin direktoru  Rəsmiyyə Bəxşəliyeva keçmiş müharibə veteranlarının  xatirələri ilə tanışlıqdan məmnunluq duyduğunu bildirib. Tarix müəllimi Ceyhun Atayev, digər Əfqanıstan veteranları və şəhid  İlqar Kişiyevin anası fikirlərini bölüşüblər.

Qarabağ döyüşlərində həlak olan əsgərlər haqqında çəkilən filmə baxışdan sonra Əfqanıstan müharibəsi veteranları haqqında çapdan çıxan jurnal məktəbin direktoruna hədiyyə edilib.

Xəbəri ötürdü:

Esmira Hidayətova

Şərhlər bağlıdır.