Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Əfqanıstan müharibəsi – bir nəslin tarixçəsi”

206

Öncə tədbir iştirakçıları Əfqanıstanda və Qarabağ müharibəsində həlak olan soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Layihənin rəhbəri Babək Məmmədov məlumat verərək bildirib ki, məqsəd Əfqanıstan müharibəsində döyüşən soydaşlarımızın iştirakına dair məlumatlandırıcı və maarifləndirici vəsaitlərin hazırlanması, veteranların və onların ailələrinin problemlərini ictimaiyyətin diqqətinə çatdırılması olub.
Natiq qeyd edib ki, indiyədək Azərbaycan və ingilis dillərində almanax dərc olunub, sənədli film çəkilib:
“Növbəti addım Qarabağla bağlı olacaq”.
Daha sonra “Əfqanıstan müharibəsi-bir nəslin tarixçəsi” sənədli filminin təqdimatı olub. 40 dəqiqəlik sənədli filmdə veteranlar keçdikləri şücaətli yollardan danışıb, xatirələrini bölüşüblər.
Film barədə danışan B.Məmmədov bir il ərzində Bakı, Gəncə, Sumqayıt və Mingəçevirdə yaşayan veteranlarla görüşdüklərini diqqətə çatdırıb: “İki həftə çəkilişlər olmasına baxmayaraq, texniki proseslər üç ay çəkib. Bu tariximizin bir hissəsidir. Maraqlısı odur ki, hadisəni şahidlərin özü danışır”.
AMİ Mingəçevir filialının nümayəndəsi İlhamə İsmayılova filmin həqiqətən əhəmiyyətli olduğunu, gənclərin vətənpərvər ruhda böyüməsi üçün bu vasitələrin olmasının vacibliyini vurğulayıb.
“Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev təəssüf hissi ilə bildirib ki, Əfqanıstan veteranları tez-tez hücumlara, qınağa məruz qalırlar: “Əsgər əmrə tabedir. Bunların heç bir günahı yoxdur. Bir şeyi bilmək lazımdır ki, Qarabağda gedən döyüşlərdə iştirak edənlərin və şəhid olanların əksəriyyəti məhz Əfqanıstan veteranları olub”,-deyən F.Nəbiyev bu insanları üzə çıxardığına görə layihə rəhbərinə minnətdarlıq edib.
“Əfqanıstan veteranları” İB-nin Mingəçevir şəhər şöbəsinin sədri Elşən İbrahimli təşkilat tərəfindən təşkil olunan bütün tədbirlərə İcra Hakimiyyəti nümayəndələrini dəvət etdiklərini, lakin dəvətlərinin cavabsız qaldığını bildirib.
Vahid Bəkiroğlu təəssüf hissi ilə qeyd edib ki, Əfqanıstanda gedən döyüşlərdə iştirak edən veteran soydaşlarımıza kifayət qədər qayğı göstərilmir.
Şəhid atası İspəndiyar Muradov, “Qəhramanları tanıtım” İB-nin sədri Mələk Mahmudova, YAP şəhər təşkilatının qadınlar şurasının sədri Ofelya Əzizova və digərləri çıxış edərək, əfqan veteranlarının gələcək nəslə örnək olduqlarını deyib, görülən işləri yüksək qiymətləndiriblər.

Elnarə

Şərhlər bağlıdır.