Elm və təhsil

Fərid Yusifli: “Həm bilik qazanıram, həm də iş təcrübəsi”

Əksər azərbaycanlı gənclər karyera qazanmaq üçün xaricdə təhsil almağa maraq göstərirlər

Valideynlər övladlarına dəstək olsa, istədikləri yerdə təhsil almasına imkan yaratsa, daha sağlam gələcək formalaşar

Fərid Yusifli Türkiyədə, Ankara şəhərindəki Gazi Universitetində magistr pilləsində təhsil alır. O deyir ki, xaricdə təhsil yalnız təhsillə bitmir: “Belə təhsil tələbənin dərs saatlarını uygun zamanına görə seçmək şansı yardır və nəticədə tələbəlik illərindən iş təcrübəsi qazanma fürsəti verir. Eyni zamanda insana sosial həyatda aktiv bir şərait, özünü, xüsusənxarici dil biliklərini inkişaf etdirmək üçün yollar açır”.

Fəridin fikrincə, xarici universitetlərdə təhsil alan tələbələr qısa zamanda iş tapa bilirlər, çünki onların məzunları nəzəri biliklərini təcrübədə tətbiq etməyi bacarırlar: “Götürək mənim oxuduğum universiteti. Onun ən müasir korpuslarında, hər cür avadanlıqla təchiz edilmiş laboratoryalarında keçilən dərslər tələbəlik illərində təcrübə toplamaq üçün çox yararlıdır. Bu səbəbdən bilirəm ki, üzümə əksər yerli və beynəlxalq şirkətlərin qapıları açıq olacaqdır”.

Bəzi valideynlər övladlarının xaricdə oxumasına mənfi yanaşır, istedadlı uşaqlarını, xüsusən də qızlarını bu imkanlardan kənarda qoyurlar. Amma sevindirici haldır ki, bu gün övladlarının xaricdə təhsil almasını dəstəkləyən mütərəqqi və açıq fikirli valideynlər də var.

Mingəçevir Dövlət Universitetinin pedaqogika müəllimi Ayşən İsmayılova düşünür ki, mütərəqqi insanlar gənclərin ən yaxşı təhsil ocaqlarında, o cümlədən xaricdə təhsilinə həmişə maraq göstəriblər: “Mənim üçün övladın qız və oğlan olmasının fərqi yoxdur. Hər ikisi canımın bir hissəsidir, hər ikisinə eyni gözlə baxıram. Bir vaxtlar mənim valideynlərim də ali təhsilimi doğma şəhərimizdəki universitetdə almağımı istəyirdilər. Amma mən öz arzumun arxasınca getdim. Bu gün də çox məmnunam. Valideynlərə üzümü tutub deyirəm: Övladlarınızın yolunu kəsməyin, hətta onların xaricdə təhsil almalarına dəstək olun”.

Həmin universietdə dərs deyən ÜlviyyəVerdiyeva da həmkarının fikirləri ilə tam razıdır: “Valideynlərin dəstəyi əsasdır. Övladlarımıza dəstək olsaq, istədikləri yerdə təhsil alma imkanı yaratsaq, daha sağlam gələcək formalaşdıra bilərik.Savadlı, bacarıqlı,  intellektual gənclərə Azərbaycanın çox ehtiyacı var. Təəssüf ki, xaricdə təhsil alanların bir hissəsi geri dönmür. Peşəkar mütəxəsissə çevrilən gənclərimiz vətənə qayıtmalı, ölkəmizin uğurlu inkişafına öz töhfələrini verməlidirlər”.

2019-2020-ci tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Azərbaycan vətəndaşlarının xaricdə təhsili Macarıstan, Çin Xalq Respublikası, Rusiya Federasiyası, Latviya, Rumıniya və Qazaxıstan Respublikası üzrə ayrılmış təqaüd yerlərinə əsasən həyata keçirilib.

Təhsil Nazirliyindən mətbuata verilən məlumata görə, cari tədris ili üzrə Macarıstanda 200, Çində 37, Rumıniyada 2, Rusiya Federasiyasında 3, Latviyada 13, Qazaxıstanda 4,  ümumilikdə isə 259 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close