Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Fəlakət” Mingəçevirdə

300

Fevralın 17-də Mingəçevirdə, “Asan Xidmət”də yerləşən kinoklubda komediya janrında olan “Fəlakət” filminin təqdimatı keçirilib. Baş rolun – Fəlakət obrazının ifaçısı Elşən Orucov filmdən əvvəl və sonra tamaşaçılarla görüşüb, onlarla birlikdə şəkillər çəkdirib. Media nümayəndələrinin suallarını cavablandıran E.Orucov bildirib ki, ona belə bir rolda çəkilmək təklifi gələndə etiraz etməyib: “Mən də dəyərləndirdim. Bu, filmin birincisidir, mənə deyilənə görə ikincisi də olacaq”.

Film bu günədək sevilən eyni adlı obrazın həyatından bəhs edir. Tamaşaçılar onun evini, sevgilisini, qonşularını və sevimli “balalarını” yaxından tanımaq imkanı qazanırlar. Sakit həyatını yaşayan Fəlakətin problemi bir biznesmenin onun yaşadığı məhəlləni sökmək qərarından sonra başlayır. Qəhrəmanımız irəli atılır, problemi aradan qaldırmaq və zalım biznesmeni cəzalandırmaq istəyir. Amma qeyri adekvat olması Fəlakətin bütün planlarını alt-üst edir və problemi daha da dərinləşdirir. Bəs Fəlakət bu vəziyyətdən çıxış yolu tapa bilirmi?

Filmin ssenari müəllifləri Emil Quliyev (o, həm də rejissorudur) və Vüsal Əhmədzadə, operatoru Orxan Abbasov, quruluşçu rəssamı Arif Niftiyevdir. Mingəçevirdə tədbirin təşkilinə “ARB” Aran kanalı informasiya dəstəyi göstərib.
Son illər yerli istehsalçılar tərəfindən çoxsaylı filmlərin çəkilməsi təqdirəlayiqdir. Lakin bu filmlərin əksəriyyəti daxili auditoriyanın “lağlağa”sından uzağa getmir. Vəsait xərclənir, yaradıcı və texniki işçilərin əməyi sərf olunur, bir-iki dəfə də kinoklublarda nümayiş etdirilir, bununla da hər şey yaddan çıxır. Halbuki 5-10 filmin vəsaitini bir yerə toplayıb, gözəl süjetə və quruluşa malik bir-iki film çəkmək, daha çox qazanmaq, eyni zamanda sərhədlərimizdən kənarda ölkəmizi tanıtmaq barədə fikirləşmirik. Və “Fəlakət”i də “O olmasın, bu olsun” səviyyəsində çəkməklə mədəniyyətimizin qızıl fondunu zənginləşdirə bilərdik.

Şərhlər bağlıdır.