Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Evdə qal, amma doğru yolda irəlilə

194

Bir yerdə yol gedərsən, yol yoldaşı olarsan, nə qədər gedəcəyin deyil, necə gedəcəyin önəmlidir, vacibdir. Deyək ki, həyatımızı yaşayırıq, maddi-fiziki varlığımızı yaşadırıq, qoruyuruq. Bəs düşüncələrimiz, arzularımız, mənəvi dünyamız, onu da yaşadıb qoruyuruqmu? İndi çoxumuz evdə oturmuşuq, əvvəllər də otururduq, amma indi qorxudan oturmuşuq, çünki fiziki varlığımıza təhlükə var. Həm də deyərsiniz ki, fiziki olaraq mövcud olmasaq, yəqin ki, ruhən də, mənəvi olaraq da mövcud olmarıq? Ola bilər, amma olmaya da bilər…Az qala iki ay keçib çölə çıxmaq qadağasından, heç bu müddətdə düşünmədiniz ki, sadəcə, fiziki olaraq mövcud olmaq çox mənasızdır? Doğrudur, insanlar ancaq maddi olana etibar edirlər: gözlə görünənə, qarın doyurana, cibdə çox olana…Duyğuların, düşüncələrin, arzuların, təsəvvürlərin isə belə xüsusiyyəti yoxdur. Lakin xəsətlikdən qorxaraq keçirdiyimiz bü çətin və ağrılı günlərdə, maddi olanların, insan üçün, heç də ən önəmli olmadığını anlamadınızmı? Evdə, ailədə, sizi bir-birinizə bağlayan, sadəcə, qan bağları, qohumluq əlaqələridirmi? Mənə belə gəlir ki, hərdən, evdəkilərlə arzularınızdan, düşüncələrinizdən də danışsanız yaxşı olar. Çünki düşüncə yolçuluğu heç nəyə bənzəməz, nə fiziki mövcudluğa, nə də fiziki yolçuluğa. Bu yolçuluqda təksən, təm tək. Bəlkə də, bu yolçuluğumuzda, yəni düşüncə yolçuluğumuzda tək olduğumuzu, ya da uğursuz olduğumuzu gizlətmək daha asandır?  Danışmırsan, kimsə bilmir… Maddi və ya fiziki mövcudluğumuz inkarolunmazdır, bəs düşüncə varlığımız, mənəvi varlğımız görünmür deyə, inkar etmək doğrudurmu? Necə də rast gəlib, artıq, Orucluq ayı da evdə qaldığımız, xəstəlikdən uzaq olmağa çalışdığımız vaxta düşüb. Düşüncə yolçuluğumuz yeni mərhələsinə qədəm qoyub, hər halda bunu inkar edə bilmərik, elə deyilmi? O gözəgörünməzdən dilədiklərimiz daha çox nədir? Bir az fikirləşin: mal-mülk, pul-para, yoxsa can sağlığı, xəstəliklərdən uzaq olmaq, yoxsa xoşbəxtlik, yoxsa torpaqlarımızı işğaldan qurtarıb əmin-aman yaşamaq? Sizcə, bunların hansı daha real görünür? Ya da, gözəgörünməz bir qüvvədən bütün bunları istəmək? Sizcə, görünən daha etibarlıdır, yoxsa görünməyən?  Əgər bu suala cavab verə bilmirsinizsə, o zaman sizin durumunuz Tanrı üçün aktiv deyil, ona görə də boşuna zəhmət çəkib nə isə istəməyin. Mən arzu edirəm ki, öncə hamı-bütün insanlar -Tanrıya inansın, onun mərhəmətinə, sonra biz insanları bir-birinə bağlayan mənəvi bağlara, mənəvi körpülərə inansınlar, düşünsünlər, arzulasınlar, gözəl olanları, xeyirli olanları arzulasınlar, amma hamı üçün arzulasınlar, tək özləri üçün yox. Ailəsində olanları bir yük kimi görməsinlər, onları Tanrının əmanəti kimi görsünlər, evdə, ailədə hamı bir-birini əziz qonağı kimi görsün və belə davransınlar. Zatən, hamımız bu dünyanın qonaqlarıyıq, bir gün müsafirliyimiz başa çatacaq, amma ən azından bir-birmizin yadında xoş duyğularla, xoş hisslərlə qalaq, “Yas dəftəri”-ndəki pulun miqdarı ilə yox. Bir də, qəlbimizi təmiz saxlayaq ki, dualarımız qəbul olsun. Tanrı gözəgörünməz olsa da, biz bir-birimizi görürük, biz- yəni Tanrının yaratdıqları.

Şərhlər bağlıdır.