Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Çəkməçi qadın

186

“Balalarıma halal çörək qazanıram”

Adətən daha çox kişilərin çalışdığı peşələrdə qadınların işlədiyini görəndə təəccübümüzü gizlədə bilmirik. Şəhərimizdə fəaliyyət göstərən ayaqqabı sexlərinin birində belə bir qadının olduğunu öyrəndikdə yollandıq həmin sexə. Elə iş üstündə də onunla həmsöhbət olduq.
Öyrəndik ki, həyat yoldaşının ölümündən sonra ailənin ağırlığı onun zərif çiyinlərinə düşüb: “Ərimin qırxını verən gündən işləməyə məcbur oldum. Çünki öhdəmdə 5 övladım vardı. Onlara baxmalı idim. Əvvəllər şirniyyat sexində, kafelərdə çalışdım. Mənim üçün belə yerlərdə işləmək çox çətin idi. Üstəlikdə əmək haqqı qane etmirdi. Bir gün çalışdığım kafenin müdiri dedi ki, bura sənin yerin deyil. O məni ayaqqabı sexinə gətirdi və orada çalışan Elxan adlı ustadan xahiş etdi ki, mənə sənət öyrətsin. 2 il şagirdlik etdim. Bu müddət ərzində sənətin incəliklərini, sirlərini öyrəndim”.
Müsahibim 1968-ci ildə Yevlax rayonunda doğulan Təranə Mehdiyevadır. Orta təhsillidir. 24 il əvvəl ailə həyatı qurub, 12 il qabaq həyat yoldaşını itirib. Ailə başçısının qəfil ölümü heç bir peşəsi olmayan gənc qadını çətin vəziyyətə salıb. Lakin dörd oğul, bir qız anası olan Təranə xanım bütün çətinliklərə baxmayaraq, güclü olmağa, ağırlıqlara sinə gərməyə çalışıb. O, hər şeyə rəğmən həyatı sevir…
Yalnız kişi cinsinin nümayəndələri üçün ayaqqabı tikdiyini və işindən indiyədək heç kimin narazı qalmadığını deyən gülər üzlü bu xanım sənətinin vurğunudur: “Bu peşə mənim sevimli məşğuliyyətimə çevrilib. İşimdən çox razıyam. Əmək haqqım 200-300 manat olur. Burada günüm maraqlı keçir”.
Dörd nəfərdən ibarət balaca sexdə çalışan Təranə xanımın oğlunu da yanında gördük. O da çəkməçi peşəsinin incəliklərini anasından öyrənməyə çalışır: “Oğlumu burada zəhmətə alışdırmaqla gələcəyə hazırlayıram”.
Səhər saat 10-dan axşam saatlarına kimi işləyən, ömrünün son doqquz ilini ayaqqabı tikməklə məşğul olan Təranə xanımı işin ağırlığı yormur: “Çəkməçilik asan iş deyil, amma balalarıma halal çörək qazandığım üçün yorulmuram”.
İncə qadın əllərindən fərqlənən bu xanımın əlləri də diqqətimizdən yayınmadı: “Belə işlərdə əlləri qorumaq mümkün deyil. Amma heç də heyfslənmirəm. Doğrudur, məni burada görənlərin əksəriyyəti təəccüblənir. Hətta üzü üzümə deyənlər də olur ki, bu, qadın işi deyil”.
-Bəs başqa qadınların bu sənətə gəlişinə necə baxırsınız?
Sualımızı cavablandıran Təranə xanımın fikrincə, çəkməçilik ciddi diqqət tələb edən peşədir, əksər qadınların isə fikri dağınıqdır: “Adətən qadınlar söhbətcil olurlar. O zaman istər-istəməz iş uzanır, üstəlik keyfiyyət aşağı düşür. Buna görə də qadınlarla işləmək əksər ustaların ürəyindən deyil”.
Bu gün Təranə xanımın iş yoldaşları ilə birgə tikdiyi ayaqqabılar həm Mingəçevirdə, həm də qonşu rayonlarda satılır: “Bizim tikdiyimiz ayaqqabılar kənardan gətirilənlərdən qat-qat keyfiyyətlidir. 100 faiz zəmanət veririk”,-ayrılanda Təranə xanım belə dedi.

Gülnarə

Şərhlər bağlıdır.