Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Bir Könüllü” Təşkilatı MDU-da məlumatlandırma sessiyası keçirib

198

2022-ci ilin 13 dekabr tarixində “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova Mingəçevir Dövlət Universitetinin (MDU) qonağı olub.

Birliyin sədri, əvvəlcə, MDU-nun rektoru Şahin Bayramovla görüşüb.

Qonağı salamlayan Ş.Bayramov hazırda müasirləşməkdə olan MDU-da tələbələrin hərtərəfli inkişafına xidmət edən və regionun inkişafına töhfə verən səmərəli ali təhsil mühitinin formalaşdırılmasının başlıca hədəflərdən olduğunu diqqətə çatdırıb. Bildirib ki, universitetdə tələbələrin asudə vaxtlarının səmərəli təşkili və çoxşaxəli könüllülük fəaliyyətinə cəlb olunması üçün müvafiq şəraitin yaradılmasına xüsusi önəm verilir. MDU-da könüllülərlə işin cari vəziyyəti barədə məlumat verən rektor bu sahədə əldə edilən uğurlu nəticələrdə “Bir” tələbə-könüllü proqramının əhəmiyyətli rolundan danışıb və əməkdaşlığın davamlılığını arzulayıb.

MDU-da könüllülük fəaliyyətinə göstərilən diqqətdən məmnunluğunu ifadə edən Birliyin sədri L.Zeynalova universitet tələbələrinin “Bir” tələbə-könüllü proqramında fəal təmsil olunduğunu vurğulayıb. Təmsil etdiyi təşkilatın başlıca fəaliyyət istiqamətlərindən və yeni layihələrindən danışan L.Zeynalova tələbələrin könüllülük fəaliyyətinə cəlb edilməsinin təşviqi ilə bağlı birgə fəaliyyətlərin potensial istiqamətləri barədə fikirlərini bölüşüb.

Sonra, “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə universitetdə tələbə və magistrantlar üçün məlumatlandırma sessiyası keçirilib.

Sessiyada gənclərin cəmiyyətin aparıcı qüvvəsi olduğunu vurğulayan Birliyin sədri L.Zeynalova könüllülük fəaliyyətinin önəmindən və “Bir” tələbə-könüllü olmağın üstünlüklərindən danışıb, rəhbərlik etdiyi qurumun yaranma tarixi, həyata keçirdiyi layihələr, əhatə dairəsi və növbəti il üçün fəaliyyət planı barədə ətraflı məlumat verib. Bildirib ki, “Bir Könüllü” Təşkilatı “Bir” tələbə-könüllü proqramı kimi 2015-ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən tələbə-könüllülərlə işi sistemləşdirmək, könüllülük fəaliyyətini stimullaşdırmaq, tələbələrin dərsdənkənar asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün yaradılıb. Qurum tələbələrə könüllülüyün mahiyyətinin aşılanması üzrə davamlı şəkildə təbliğat – təşviqat işləri aparır, tələbə-könüllülərin vahid məlumat bazasının inkişaf etdirilməsi, təlim-tədris proqramları və kurslarının təşkil olunması, tələbə-könüllülərin intellekt səviyyəsinin və dünyagörüşünün artırılması istiqamətində tədbirlər həyata keçirir.

Tədbirdə “Bir könüllü” Təşkilatının fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib və iştirakçıların sualları cavablandırılıb. Sonra, müxtəlif yarışmalar təşkil olunub və fərqlənən tələbələr hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, gənclərin dövlətə, xalqa və cəmiyyətə faydalı vətəndaş kimi yetişdirilməsini, onların hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin çoxşaxəli könüllülük fəaliyyətinə cəlb olunmasına və bununla bağlı bütün zəruri dəstək tədbirlərinin həyata keçirilməsinə xüsusi önəm verilir.

Şərhlər bağlıdır.