Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bakıdan şərh: “Moskva aqressiyanı artırır”

353

Kremldən səslənən son bəyanatların Rusiya ilə qonşu dövlətlərə bilavasitə aidiyyatı var. Bakının Ankara ilə yaxınlığını və Türkiyənin NATO üzvü olduğunu nəzərə alsaq, Azərbaycanı da düşündürəcək məsələlər mövcuddur. Regionda yaranmış vəziyyəti siyasi icmalçı Aqşin Kərimov şərh edib.

“Rusiya aqressiyasını artırır: Kremlin mesajlarından Bakıya da pay düşür, – azərbaycanlı siyasi icmalçı Aqşin Kərimov hesab edir.

Ekspertin sözlərinə görə, son bir neçə gündə Rusiya tərəfindən nümayiş etdirilən aqressiv ritorikaya dair bir neçə nümunə gətirmək mümkündür:

“Birincisi, Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Vladimir Çijov İlham Əliyev-Nikol Paşinyan danışıqlarının Brüssel raunduna diplomatik tərzdə etirazını dilə gətirdi. O, bu görüşün danışıqlar kimi xarakterizə edilməsini şişirtmə hesab edir.

İkincisi, Rusiya XİN başçısı Sergey Lavrov Gürcüstanın NATO-ya üzvlüyünün Rusiya üçün qırmızı xəttin keçilməsi elan etdi.

Üçüncüsü, Kremlin mətbuat katibi Dmitri Peskov postsovet ölkələrinin NATO ilə əməkdaşlığını şərh edib. Qısası, mahiyyət etibarı ilə bildirib ki, NATO ilə əməkdaşlıqla NATO-ya inteqrasiya arasında sərhəd müəyyən edilməlidir.

Dördüncüsü, Vladimir Putin Qərbi hədələyib. Vaşinqtonun Ukrayna ilə bağlı planlarına görə Rusiyanın geri çəkiləcək yeri olmadığını, NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi infrastruktur qurmasına cavab olaraq ölkəsinin adekvat hərbi tədbirlər görəcəyini bəyan edib”.

Aqşin Kərimov hesab edir ki, Burada Azərbaycanla bağlı məqam birinci və üçüncü bənddir.

“Hərçənd ki, Bakının diplomatik tərzi Moskvadan Qərbə uzanan zolaqda bərabər məsafədədir.

Bəs Bakı nə istəyir? Bakı təbii ki, Avroatlantika məkanına inteqrasiyanın tərəfdarıdır. Amma Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərini saxlamaq istəyir.

Bu zamana qədərki proseslərdə Bakı-Moskva xəttində gərginliyin artdığı halları olsa da, ikitərəfli əlaqələrin ümumi ruhu tərəfləri qane edir.

Bəs bundan sonra? Qısa baxış: Ortada Türkiyə amili və Bakı-Ankara-Moskva müştərək maraqları mövcuddur.

Ziddiyyətlər isə hələlik hələlik kəskin məcraya yönəlməyib, Moskvadan region ölkələrinə təhdidlərin artdığı bir zamanda Bakının siyasəti daha praqmatikdir”, – siyasi icmalçı əlavə edib.

jam-news

Şərhlər bağlıdır.