Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan gəncliyinə, Azərbaycan tələbəsinə böyük töhfə

376

Bakı Dövlət Universitetinin “Kitabşünaslıq və nəşriyyat işi” kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Leyla Abasovanın təsis etdiyi “Elmi inkişaf” jurnalının təqdimat mərasimi keçirilib. Mərasimdə tanınmış alim və ziyalılar çıxış edərək, təsisçiyə və redaksiya heyətinə uğurlar arzulayıblar.

BDU-nun Jurnalstikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli jurnalın nəşrini yüksək qiymətləndirərək, onun tələbələr üçün son dərəcədə əhəmiyyətli olduğundan bəhs edib və jurnalın öz nəşri ilə tələbə gənclərin elmi təşəbbüsləri üzrə informasiya siyasətini ortaya qoyması haqqında ətraflı danışıb. C.Məmmədli qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün gənclərin inkişafına yüksək qiymət verir, onlar üçün geniş imkanlar yaradır: “Bu baxımdan da Leyla Abasovanın təşəbbüsü ilə jurnalın təmənnasız nəşri böyük əhəmiyyət kəsb edir. Jurnalda təqdim edilən tələbələrin məqalələrini diqqətlə oxudum və çox kövrəldim. Ona görə ki, bir daha əmin oldum ki, müasir gənclik klassikanı nə dərəcədə sevir. Bu çox böyük nailiyyətdir.”

Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin “İqtisadiyyat” ixtisasının III kurs tələbəsi Qalib Süleymanov jurnalın veb saytının təqdimatını edərək, elmi-inkishaf.az saytında yaradılmış bölmələrlə iştirakçıları tanış edib.

Jurnalın təsisçisi və baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Leyla Qabil qızı Abasova  jurnalın yaranma səbəbləri barədə məlumat verib: “Elmi İnkişaf” jurnalının ilk sayı 2019-cu ildə işıq üzü gördü. Biz tələbələrə mövzular təqdim etdik. Onlar sevdikləri mövzuları seçib, araşdırmaya başladılar. Sonra isə Tələbə Elmi Cəmiyyətində hazırladıqları mövzular üzrə çıxışlar etdilər. Onların araşdırmalarına müəllimlər tərəfindən qiymət verildi və ən yaxşı tədqiqatlar çapa məsləhət görüldü. Beləliklə, bu jurnalda onların elmi məqalələri nəşr olundu. Demək olar ki, onlarda inam, məsuliyyət və elmə həvəsin daha da yüksəldiyinin şahidi olduq.”

Jurnalın tərtibatını özü verən L. Abasova qeyd edib ki, məqsədi tələbələrin Tələbə Elmi Cəmiyyətində fəaliyyətlərini artırmaq, onlarda elmi axtarışlara həvəs yaratmaq, həmçinin tələbələr arasında əlaqə və universitetlər arasında körpü yaratmaqdır.

AMEA-nın Dünya ədəbiyyatı və komparativistikası şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Lyudmila Səmədova jurnalın nəşri münasibətilə hər kəsi, xüsusilə tələbələri təbrik edib, bir vaxtlar tələbəsi olduğu Leyla Abasova haqqında geniş söhbət açıb. Qeyd edib ki, Leyla təhsil aldığı illərdə də fəal və elmə həvəsli olub. Onun bu günkü uğurları onu çox sevindirir və müəllimi kimi Leyla ilə qürur duyur.

Professor İslam Sadıq jurnal haqqında fikirlərini bölüşüb: “Bu jurnala adi jurnal kimi baxmaq olmaz. Bu jurnal tələbə-müəllim sevgisinin çox gözəl örnəyidir. Yəni Leyla xanımın tələbələrlə işləməsi, onlara olan sevgisi bu jurnalda öz əksini tapmışdır.”

ADPU-nin pedaqogika kafedrasının professoru Rüfət Hüseynzadə qeyd edib ki, jurnalın uğurlu redaksiya heyəti formalaşıb və arıq jurnal respublika miqyasından kənara çıxır, hətta xaricdə təhsil alan tələbələr də bu jurnalla əməkdaşlığa maraq göstərirlər: “Mən çox istəyirəm ki, bu jurnal bütün ali məktəbləri əhatə etsin, bütün müəllimlərin, tələbələrin əllərində olsun. Bu jurnal bizim ölkəmizin bölgələrində olan ali məkətblərimizin əlində olsun, bu jurnala abunə yazılışı həyata keçirilsin və jurnalın auditoriyası daha da genişlənsin. Məlumdur ki, hər bir işin əsasında elm durur. Elmsiz kimsə irəli gedə bilməz. Bizim tələbələrimiz elm yolundadırlar, məhz elmi olanlar qələbə çalacaqlar. Bu jurnal həm elmin inkişafına kömək məqsədi güdür, həm də tədrisin keyfiyyətini yüksəldir. Tələbələrimizin tədqiqatçılıq bacarığı inkişaf edəcək. Araşdırmalar aparacaqlar. Onların dünyagörüşünü genişləndirəcək, ixtisas biliklərini daha da dərinləşdirəcəkdır. Yalnız bunun sayəsində biz elmimizi, təhslimizi, tədrisimizi inkişaf etdirə bilərik. Bu jurnal BDU-nun 100 illiyinə gözəl bir hədiyyədir.”

“Xəzan” jurnalının təsisçisi və baş redaktoru Əli bəy Azəri də jurnalın həm ənənəvi çap formasının, həm də elektron səhifəsinin yaradılmasını alqışlayıb.  Tələbələrə üzünü tutaraq deyib ki, nə yazırsınız yazın, lakin yazılarınıza milli mənafeyimiz tərəfdən yanaşmağı unutmayın. Ən böyük sərvətimiz bizim milli kimliyimizdir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, xalq artisti Həmidə Ömərova bu jurnalın tələbələr üçün qiymətli material olduğunu diqqətə çatdırıb: “Bu jurnal tələbələrimzin biliyini artırmaq, düşüncə tərzini, fikirlərini ifadəetmə qabiliyyətini asanlaşdırmaq məqsədilə böyük rol oynaya bilər”.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin idarə heyətinin üzvü Samir Əliyev jurnalın nəşrini çox əhəmiyyətli bir hadisə kimi dəyərləndirib: “İndiki dövrdə belə bir nəşrin həyata keçirilməsi maddi cəhətdən çətin məsələdir. Biz tələbə olanda məqaləmizi çap etdirmək üçün jurnal tapa bilmirdik, lakin bu gün tələbələr üçün bu cür gözəl imkan yaradılıb. Bu doğrudan da alqışlanacaq bir hadisədir. Bu jurnalda tələbələrin iştirak etməsi çox sevindirici bir haldır. Biz öz düşmənlərimizə öz biliyimizlə qalib gələ bilərik. Bilirik ki, bilik ən güclü silahdır. Tələbələrin savadlı olması bizim gələcəyimiz üçün olduqca önəmlidir”.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstəyi Şurasının Mətbuat Xidmətinin rəhbəri Elməddin Behbud bildirib ki, bu sayda auditoriya son on illiklərdə çox öyrəşdiyi hansısa əyləncəli tədbir üçün yox, məhz elmi tutumlu bir sahə üçün, hansısa akademik çalışmaların nəticələrinin təqdim olunması ilə bağlı bir araya gəlib. “Bunun özü cəmiyyətimiz üçün çox faydalıdır, çox önəmlidir və indiki dövr üçün də böyük aktuallıq kəsb edir. Bizim aid olduğumuz cəmiyyətin də elmi yaradıcılığa xüsusi diqqət yetirməsi, xüsusilə də gənc yaşlardan tələbələrdə müvafiq sahə üzrə ixtisaslaşdırılması və istiqamətləndirilməsi üçün onlara zəruri şəraitin yaradılması, müvafiq resurslarla təmin olunması çox mühüm əhəmiyyət kəsb edir. Bu jurnalda tələbələrin elmi məqalələrlə çıxış etməsi çox sevindirici bir haldır. Bu cür jurnallar bütövlükdə cəmiyyətin inkişafına xidmət edir. Bu müqəddəs işdə mən Leyla xanıma uğurlar arzu edirəm.”

ADMİU-nun müəllimi Natiq Mürsəlov deyib ki, həqiqətən də BDU-nun hər bir uğuru hər kəsi, o cümlədən bu universitetin məzunu kimi onu da sevindirir:  “Mən çox sevinirəm ki, ADMİU-nun tələbələri bu gün təqdimatını keçirdiyimiz Elmi İnkişaf jurnalında öz məqalələri ilə iştirak ediblər. Mən bir müəllim kimi belə fikirləşirəm ki, biz də tələbələrin bu işdə fəal olmasına yardımçı olmalıyıq, onları elmi yaradıcılığa həvəsləndirməliyik”.

Yazıçı publisist Şöhrət Səlimbəyli qeyd edib ki, bu jurnalın nəşri çox əlamətdar bir hadisədir: “Çünki bu jurnal vasitəsilə tələbələr öz araşdırmalarını ictimaiyyətə çatdıracaqlar. Arzu edirəm ki, bu jurnal təkcə humanitar sahələrlə deyil, həm də texniki sahələrlə də zənginləşsin.”

AMEA-nın Fəlsəfə institutunun böyük elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ruşan Ruşanzadə qeyd edib ki, bu jurnalın ərsəyə gəlməsində Leyla Abasovanın zəhməti danilmazdır: “Jurnalın ərsəyə gəlməsi özü hadisədir. Tələbələrə üzümü tutub demək istəyirəm ki, yaxşı oxumaq, elmi araşdırmaları davam etdirmək lazımdır.”

AMEA-nın elmi işçisi Elçin Əliyev də Leyla xanıma  təbriklərini çatdırıb: “Təbrik edirəm ona görə ki, burda tələbənin dilindən eşitdiyim sözə görə “Leyla müəllim bizim mənəvi anamızdır”. Yəni bu sözü qazanmaq üçün, mənəvi ana adını qazanmaq üçün uzun illər lazımdır. Mən sizi təbrik edirəm, ona görə ki, tələbələrimizi düşünüb dərc edilən tələbələrin məqalələrinin pulsuz çapını həyata keçirdiyinə görə. Bu gün məlum məsələdir ki, maddi çətinliyinə görə tələbələrin hamısının jurnallarda məqalə dərc etdirmək imkanı olmur və bu düşünülmüş olduğuna görə sizi təbrik edirəm. Sizi təbrik edirəm ona görə ki, doğrudan da sizin cəsarətiniz, işgüzarlığınız, qabiliyyətli olmağınız bu gün bu cür əhəmiyyətli bir jurnalın ərəsəyə gəməsinə gətirib çıxarmışdır. Burda bayaq əməkdaşlar qeyd etdilər, həqiqətən də gəlir gətirməyən bir sahəyə bütün əməyini vermək özü fədakarlıqdır. Mən jurnalda məqalələrə baxıram, həqiqətən bu tələbələr tərəfindən atılan ilk addımlardır. Üzümü tuturam tələbələrə deyirəm ki, bu sizin üçün yaradılmış ən uğurlu bir vasitədir. Bu jurnalın nəşrini dəyərləndirin”.

BDU-nun Biologiya fakültəsinin “Zoologiya” kafedrasının dosenti, “Sabah” mərkəzinin rəhbəri,  biologiya elmləri namizədi İradə Süleymanova deyib ki, bu jurnal Azərbaycan gəncliyinə, Azərbaycan tələbəsinə çox böyük töhfədir: “Bunu dəyərləndirmək lazımdır. Mən iki təklif vermək istəyirəm. Birinci təlifim: mən bu jurnalın təqdimatını “Sabah” qruplaırnda keçirmək istəyirəm. İkinci təklifim, redaksiya heyətinə texniki fənlərdən və digər sahələr üzrə elmi dərəcəli insanlar əlavə edilsin. Çünki jurnalın proflində müxtəlif elmlər üzrə təhsil alan tələbələr nəzərdə tutulduğunun şahidi oldum. Bunun üçün redaksiya heyətinə digər sahələrdən də mütəxəssislər daxil edilməldirlər. Amma ümumilikdə jurnalın çap edilməsi tələbə dünyasına ən qiymətli töhfədir.”

Təqdimt mərasiminin sonunda jurnalın redaksiya heyəti tərəfindən jurnalın işıq üzü görməsində əhəmiyyətli rolu olmuş mütəxəssislərə və elmi araşdırma həyata keçirmiş tələbələrə müxtəlif nominasiyalar üzrə diplomlar təqdim edilib.

Hazırda jurnalın redaksiya heyətinə Azərbaycandan akademik Ziyad Səmədzadə, professor Abuzər Xələfov, professor Xəlil İsmayılov, professor Əsməd Muxtarova, professor Lyudmila Səmədova, professor Cahangir Məmmədli və Türkiyədən professor Dr. Mustafa Talas daxildir.

Şərhlər bağlıdır.