Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan abidələri – iki fərqli baxış

557

18 aprel YUNESKO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında qeyd olunur. Məqsəd dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir.

Tarixi abidələr-məqbərələr, saraylar, məbədlər, məscidlər, qəbiristanlıqlar, körpülər, ovdanlar, günbəzlər, minarələr və s. tarixi keçmişimizin maddi yadigarlarıdır. Onlar zamanın sərt sınaqlarına sinə gərərək bu günümüzə gəlib çatmışlar. Hər bir ölkənin tarixinin qədimliyi onun maddi-mədəniyyət yadigarlarının çoxluğu və qədimliyi ilə ölçülür.

Bu sahədə Azərbaycan xalqının bəxtinə iki fərqli tale düşüb. Müstəqil Azərbaycan Respublikasında qədim abidələrimizin qorunması, bir sözlə nəsillərdən-nəsillərə çatdırılması üçün problem, qorxu yoxdur. Əsas narahatlıq isə Güneyimizdəki abidələrin taleyi ilə bağlıdır ki, bu barədə saytımızda narahatlıq doğuran məlumatlar təqdim olunmaqdadır.

Başlayaq birincidən: Bildiyiniz kimi Qobustan, Gəmiqaya, İstisu qayaüstü təsvirləri, Çıraqqala, Oğlanqala, Cavanşir, Gülüstan, Əlincə, Buğurd, Gələrsən-Görərsən kimi qalalarımız, Möminə xatın, Yusif ibn Küseyr, Olcaytu Xudabəndə məqbərələrimiz, Göy məscid, Şah Abbas məscidi, Gövhərağa məscidi, Cümə məscidi, Təzəpir məscidi kimi dini ibadətgahlarımız, Həşt behişt, Şirvanşahlar, İrəvan sərdar sarayı, Şəki xan sarayı kimi nadir memarlıq abidələrimiz bütün dünyada tanınır.

Həmin siyahını daha da genişləndirə bilərdik. Çox təəssüf ki, erməni işğalından azad olunan Qarabağımızda dünya şöhrətli abidələrimizin bir çoxunun varlığına son qoyulub.

Tarixi arayış. Birinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın işğalı altında qalan torpaqlarımızda 500-dək tarixi-memarlıq, 100-dən çox arxeoloji abidələr, on minlərlə eksponat olan 22 muzey, 4 rəsm qalereyası, 46 milyon kitab və əlyazmalar saxlanılan 927 kitabxana, 808 klub, 10 istirahət və mədəniyyət parkı, 85 musiqi və incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı qalmışdır. İşğal altında olan ərazilərimizdə xalqımızın keçmişi və bu gününü əks etdirən 1852 mədəniyyət və incəsənət abidəsi erməni vandalizminin təcavüzünə məruz qalmışdır. Nəticədə tariximiz üçün mühüm əhəmiyyət kəsb edən, milli özünəməxsusluğu özündə əks etdirən minlərlə tarixi və arxeoloji abidələrimiz məhv edilmişdir.

Azərbaycan dövləti heç olmasa iki divarı qalan abidələri əvvəlki görkəminə qaytarmağı planlaşdırır. Prezident İlham Əliyev dünya əhəmiyyətli mədəni-tarixi abidəmiz Azıx mağarasına baş çəkərkən bu fikirləri söyləyib. Bura dünyanın ən qədim insan yaşayan məskənlərindəndir. YUNESKO-nun siyahısına düşmüş bu mağaralardan tapılmış maddi mədəniyyət nümunələri hələ 1981-ci ildə Parisin İnsan muzeyində “Avropanın ilk sakinləri” adlı sərgidə nümayiş etdirilmişdi.

Bir çox ölkələrdə də tarixi abidələrin qorunması işi çox ciddi təşkil olunmuşdur. Məsələn, Fransada hətta arxeoloji qazıntılar aparıldıqdan sonra tarixi yerlərin təbii landşaftı olduğu kimi bərpa olunur. Böyük Britaniyanın şimalında da Roma imperatoru Adrianın dövründə imperiyanın sərhədlərini qorumaq məqsədilə çəkilmiş məşhur Adrian sədləri olduğu kimi qorunub saxlanır.
Lakin bu sözləri heç də Güney Azərbaycandakı abidələrimizə bəslənilən dövlət qayğısı haqqında demək olmaz. Bir çox nadir memarlıq abidələri baxımsızlıq və tamah üzündən sökülüb-dağıdılmışdır, bir çoxunun gələcək taleyi müəmmalıdır. Bu barədə saytımızda da həyacan təbili döyülməkdədir.

Şərhlər bağlıdır.