Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında beynəlxalq ictimaiyyət daim məlumatlandırılmalıdır

659

Şuşa 1752-ci ildə təməli Pənahəli xan tərəfindən qoyulan ilk gündən Azərbaycan şəhəri olub. Bu, indi də belədir və əsrlər sonra da belə qalacaq. Xislətləri oğurluqla, başqasına məxsus olanı mənimsəməklə yoğrulan ermənilər bu həqiqəti xoşluqla anlamaq istəmədilər. Buna görə də Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu bu missiyanı öz üzərinə götürməli oldu. Şuşa 28 il işğala dözdü. Sınmadı, əyilmədi və nəhayət öz xilaskarlarına və doğma Vətənə qovuşdu. Bu gün Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində olduğu kimi, Şuşada da böyük vüsətlə bərpa-quruculuq işləri aparılır. Artıq bütün dünya erməni vandallarının bu torpaqlarda törətdikləri vəhşilikləri də, Azərbaycanın yaradıcı ruhunun səmərəsini də aydın görür.
Aprel ayının 22-23-də Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V qurultayında bütün bu məsələlər bir dah müzakirə olunaraq tam dolğunluğu ilə təhlil edildi. Qurultayın açılışında Prezident İlham Əliyevin söylədiyi geniş nitqdə bu mötəbər tədbir Zəfər qurultayı elan olundu. Bu gün Azərbaycan həqiqətən də bütün sahələrdə ardıcıl olaraq möhtəşəm Zəfərlər qazanır. Dövlətimizin belə nailiyyətlərindən biri də postmüharibə dövrünün reallıqlarının dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindəb tanınmasıdır. Prezident İlham Əliyev öz çıxışında bu məsələyə xüsusi diqqət yetirərək bildirdi ki, dünyanın aparıcı beynəlxalq təşkilatları tərəfindən yeni reallıqların qəbul edilməsi Azərbaycanın böyük uğurudur.
Əlbəttə ki, bu baxımdan BMT xətti ilə Şuşa şəhərində bu yaxınlarda Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş beynəlxalq tədbirin keçirilməsi çox əlamətdar hadisə idi. Bu, bir daha sübut edir ki, BMT Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyır. Həmçinin BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına hazırda Azərbaycanın sədrlik etməsi də ölkəmizin yüksək beynəlxalq nüfuzunun göstəricisidir. Qoşulmama Hərəkatı Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir. Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm də müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur. Bundan başqa İslam Əməkdaşlıq Təşkilatının işğal dövründə dəfələrlə Azərbaycanın mövqelərini əks etdirən qərar-qətnamələr qəbul etməsini də vurğulamaq lazımdır. İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri səviyyəsindəki toplantıda bir daha Azərbaycan mövqeyini dəstəkləyən bir neçə qətnamə, o cümlədən Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılmasına dair önəmli qərar-qətnamələr qəbul edildi.
Hazırda beş qonşu ölkə tərəfindən 3+3 formatda əməkdaşlıq platforması yaradıb. Qonşu ölkələrin hamısı postmünaqişə reallıqlarını qəbul ediblər. Böyük dövlətlər bu reallıqları qəbul ediblər. Bundan sonra artıq Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması məsələsi gündəlikdədir. Yenə də bu gündəliyi Azərbaycan ortaya qoydu. Dövlət başçımızın dediyi kimi, bütün ağrılı məqamlara baxmayaraq, işğala baxmayaraq, edilmiş bu vəhşiliklərə baxmayaraq, bölgənin gələcəyi naminə Azərbaycan sülh gündəliyi təqdim etdi. Lakin Ermənistandan hər hansı bir cavab gəlmədi. Beynəlxalq təşkilatlar da demək olar ki, buna o qədər də maraq göstərmədilər. Ona görə Azərbaycan konkret olaraq beş prinsipdən ibarət təklif irəli sürdü və Ermənistan bu beş prinsipi qəbul etdi. Beləliklə, Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq. Heç şübhəsiz bu, postmünaqişə dövrü üçün vacib məqamdır və Azərbaycan dövləti məhz bu beş prinsip əsasında danışıqları aparmaq fikrindədir.
Bir vacib məqamı da qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Zəfər Qurultayında söylədiyi nitqi əslində diaspor fəaliyyətinin gələcək istiqamətləri üçün “yol xəritəsi” olmaqla yanaşı, gənc nəslə milli hisslərin, dilin, şanlı tariximizin aşılanması, öyrədilməsi, təbliğ edilməsi sahəsində konkret və aydın müddəaların məcmusudur. Bu nitqin əsas qayəsi də hədəflərimizin müəyyənləşdirilməsi və onların qarşısında dayanan əsas maneələrin aşkar olunmasıdır. Dövlət başçımızın dediyi kimi, ağır döyüşlərdə qələbə qazanan bir xalqın övladları arxayınlaşmamalı, haqdan, ədalətdən və Vətənimizə olan sevgidən ilham alan mübarizəmizi yorulmadan, usanmadan, fasiləsiz bir şəkildə davam etdirməlidirlər. Hədəflərimizə gedən yolumuzda harada yaşamağımızdan, hansı vəzifə tutmağımızdan asılı olmayaraq, Azərbaycançılıq ideyalarına sədaqətlə xidmət etməli, bütün fəaliyyətimizi Azərbaycanımızı yaşatmağa həsr etməliyik. Birliyimizi, diriliyimizi qorumalı, inkişaf etdirməli, gələcək mübarizəmizə hamılıqla töhfə verməliyik. Yalnız belə olduğu təqdirdə daha güclü olacağıq, daha böyük əzmkarlıqla mübarizə aparacağıq.

Cavanşir Yusubov,
YAP Mingəçevir şəhər təşkilatının sədri

Şərhlər bağlıdır.