Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan – İtaliya münasibətlərində önəmli əməkdaşlıq istiqamətlərindən biri də təhsil sahəsidir

Azərbaycanın ADA Universitetinin İtaliyanın beş aparıcı universiteti olan Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universiteti ilə tərəfdaşlıq edir

1. 133

Bu gün yeni dünya düzəninin formalaşması prosesi Avropada baş verən hadisələr, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda bütün böhranlı məqamları ilə daha qabarıq formada müşahidə olunmaqdadır. İtaliya Respublikasına səfəri çərçivəsində sentyabrın 2-də “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin söylədiyi kimi, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq. Dəyişikliklərin hansı axınla gedəcəyi isə Ukraynada müharibənin hələ nə qədər davam edəcəyindən, bu savaşın necə bitəcəyindən və bundan sonra dünyada güc balansının hansı şəkildə olacağından çox asılı olacaq. Əlbəttə ki, hər bir müstəqil ölkə kimi, Azərbaycan üçün də xarici amillərdən müdafiə olunmaq əsas məsələlərdəndir. Keçən il müstəqilliyinin 30-cu ildönümünü qeyd edən Azərbaycan heç bir zaman özünü nəhəng qonşuların siyasətinə uyğunlaşdırmayıb, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşan siyasət yürüdərək, artıq sabit siyasi və iqtisadi mövqeyə yiyələnib ki, bu da xarici ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq münasibətləri qurmaq imkanı verir.

Azərbaycanın müstəqil xarici siyasət yürütməyi və özünü beynəlxalq əməkdaşlığın ən müxtəlif sahələrində etibarlı tərəfdaş kimi təsdiqləməsi mövcud böhran şəraitində alternativ enerji təchizatı axtarışında olan Avropa İttifaqı ölkələrinin diqqətindən kənarda qala bilməzdi. Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda etdiyi çıxışında möhtərəm dövlət başçımız qeyd etdi ki, Azərbaycan İtaliyanı neft və qazla təchiz edən əsas ölkədir. Diqqətəlayiq məqamdır ki, 1994-cü ildə müstəqilliyimizin bərpasından üç il keçdikdən sonra Azərbaycan dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə oldu və tezliklə Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildi. İki strateji neft boru kəmərinin inşası ilə Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdü. Əlbəttə ki, Azərbaycanın enerji strategiyasının daha bir önəmli mərhələsi də nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin öz çıxışında xatırlatdığı kimi, Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Azərbaycanın malik olduğu  böyük qaz təchizatı boru kəməri, Cənub Qaz Dəhlizi Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəmərindən ibarətdir ki, sonuncu kəmər də İtaliyaya qədər uzanır. Cari ildə İtaliya bazarına əlavə 10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır. Bununla da ümumi ixrac 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd edir.

Çernobbio Forumunda etdiyi çıxışında Azərbaycan Prezidentinin vurğuladığı vacib məqamlardan biri də Azərbaycan və İtaliya arasında önəmli əməkdaşlıq istiqamətlərindən birinin təhsil sahəsinin olması ilə bağlıdır. Dövlətimizin başçısı öz çıxışında bu əməkdaşlığa nümunə kimi Azərbaycanın ADA Universitetinin İtaliyanın beş aparıcı universiteti olan Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universiteti ilə tərəfdaşlıq etdiyini xatırlatdı. Forumdan bir gün əvvəl Azərbaycanın Romadakı səfirliyinin binasında İtaliya-Azərbaycan Universitetinin yaradılmasına həsr edilmiş gözəl mərasim təşkil olunmuşdu. Məlimdur ki, İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılıq Ölkə Prezidenti cənab İlham Əliyevin hələ 2020-ci ilin fevralında İtaliyaya rəsmi səfəri zamanı əldə olunub. İtaliya-Azərbaycan Universiteti ADA Universitetinin bazasında fəaliyyət göstərir. 2022-ci il sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib. Həmin tədbirdə iştirak edən dövlətimizin başçısı bildirib ki, İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır. Təbii ki, bu əlaqələrin möhkəmlənməsində və genişlənməsində İtaliya-Azərbaycan Universitetinin də önəmli rolu olacaq.

 

Bəxtiyar Mustafayev,

YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini

Şərhlər bağlıdır.