Azərbaycan gəncləri dayanıqlı gələcək üçün bir araya gəlir
Gənclər və dayanıqlı inkişaf: "Yaşıl Gələcək 2025" müsabiqəsi
31 yanvar 2025-ci il tarixində Bakıda Avropa Gənclər Müsabiqəsinin dördüncü buraxılışı keçirildi. “Yaşıl Gələcək” şüarı altında gerçəkləşdirilən bu müsabiqə, Gənc Avropa Səfirləri və Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi tərəfindən təşkilatçılıq edilərək reallaşdı. Müsabiqə Avropa İttifaqının maliyyələşdirdiyi “Planetimiz naminə” kampaniyası çərçivəsində həyata keçirildi.
Bu ilki müsabiqə Azərbaycanın müxtəif yerlərindən olan orta məktəb şagirdlərini və universitet tələbələrini bir araya gətirərək, dayanıqlılıqla bağlı innovativ biznes ideyalarının işıqlandırılmasına sövq etdi. Bu yanaşma gənclər arasında komanda ruhunu, biznes düşüncə tərzini və dayanıqlı fəaliyyət prinsipini formalaşdırmaq baxımından önəmli bir addım oldu.
Avropa İttifaqının Azərbaycandakı səfiri, Zati-aliləri cənab Peter Michalko tədbirdə çıxış edərək bunları bildirib: “Bərpa olunan enerji və yaşıl siyasət sahəsində qlobal lider olan Avropa İttifaqı, Azərbaycan gənclərinin dayanıqlılıqla bağlı ideyalarını dəstəkləməyə özəl önəm verir. Bu gün burada gənclərin perspektivlərini dinləmək və real problemlərə yaradıcı yanaşma təklif etdiklərini görmək bizim üçün fəxrdir. Bu komandaların innovativ yanaşmaları Azərbaycanın və planetimizin gələcəyi üçün ümidvericidir. İdeyalarına və fəaliyyətlərinə görə bütün komandaları təbrik edirəm.”
Bu ilki “Yaşıl Gələcək” müsabiqəsində Ağdaş, Bakı, Xankəndi, İsmayıllı, Lənkəran və Şəmkirdən olan 512 gənc 128 komanda halında iştirak etdi. Finala dörd komanda yolu tapdı.
Finalda müsabiqənin münsiflər heyəti komandalara qiymət verərək qalibləri elan etdi. “Times New Roman” komandası birinci, “Green Innovators” ikinci, “Sustainable Synergy” üçüncü, “Voyage” komandası isə dördüncü yeri tutdu. Finalçı komandalar Aİ-nin Azərbaycandakı səfiri tərəfindən sertifikat və dəyərli hədiyyələrlə təltif edildilər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.