Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Avropa İttifaqı, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyi bir sıra peşə təhsil müəssisələri üçün “açıq qapı” günlərinə başlayıb

306

Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi Gəncə, Cəlilabad və Şəkidə yerləşən bir sıra peşə təhsil mərkəzləri üçün “açıq qapı” günlərinin keçirilməsinə start verib.

“Açıq qapı” günlərinin məqsədi peşə təhsil mərkəzləri haqqında məlumatlılıq səviyyəsini yüksəltməyə, eləcə də peşə təhsilinin gənclər üçün cəlbediciliyini artırmağa kömək etməkdir.

İlk tədbir Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi ilə birgə təşkil olunub. Onlayn qaydada keçirilən tədbirdə Gəncə şəhərindən 300 nəfərədək yuxarı sinif şagirdləri, valideynlər, müəllimlər, eləcə də Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi nümayəndələri iştirak edib.

İştirakçılar peşə təhsili sisteminin müasirləşdirilməsi istiqamətində hazırda gedən fəaliyyətlər haqqında öyrənmə imkanı əldə ediblər, eləcə də peşə təhsil mərkəzinə qəbul prosedurları və müvafiq peşə təhsil mərkəzlərində mövcud imkan və xidmətlər barədə ətraflı məlumat alıblar. Tədbirdə həmçinin, cari çətinliklər, regionlarda peşə təhsili üzrə karyera imkanları və perspektivləri barədə müzakirələr aparılıb.

Tədbir zamanı təhsildə seçim olaraq peşə ixtisaslarına olan ictimai münasibət barədə daha çox məlumat əldə etmək məqsədilə sorğu paylaşılıb. Sorğunun nəticələri layihənin, peşə təhsilinin cəlbediciliyini artırmaq istiqamətindəki gələcək fəaliyyətlərini planlaşdırmaq üçün istifadə ediləcək.

İnteraktiv şəkildə həyata keçirilən tədbirdə iştirakçılar kiçik hədiyyələr qazanmaq imkanı da əldə edib.

Qeyd edilən tədbir Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihə, səriştə əsaslı tədrisin təşkilinə dəstək olmaq üçün Azərbaycandakı peşə təhsili müəssisələrinin müasirləşdirilməsinə xidmət edir. Məqsəd, peşə təhsil müəssisələrinin cəlbediciliyini və əmək bazarının tələblərinə uyğunluq səviyyəsini artırmağa yardım etməkdir.

Şərhlər bağlıdır.