Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Avropa İttifaqı Azərbaycanda təlim seminarları silsiləsindən birincisini təşkil edib

239

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ tərəfindən maliyyələşdirilən layihələrin benefisiarları olan tərəfdaş qurumların bilik və bacarıqlarının artırılmasına yönəlmiş silsilə təlimlərə start verir. Təlimlər layihələrin idarə edilməsi, Monitorinq & Qiymətləndirmə və digər Aİ prosedurları kimi mövzuları əhatə edəcək. 

12 avqust 2020-ci il tarixində “Avropa İttifaqının İnstitutsional Quruculuq Alətləri” mövzusundakı ilk təlim vebinarı təşkil edildi və Azərbaycanın müxtəlif dövlət qurumlarını təmsil edən 8 mütəxəssisdən ibarət birinci qrup Tvinninq, TAİEX, SİGMA, SOCİEUX kimi İnstitutsional Quruculuq və həmçinin Aİ-nin digər yardım alətləri və layihələri barədə biliklərinin artırılması məqsədi ilə bu onlayn tədbirdə iştirak etdilər. İkinci təlimçilər qrupu üçün eyni mövzuda növbəti vebinarın 18 avqust 2020-ci ildə keçirilməsi planlaşdırılır.

Təlim iştirakçılarından, Dövlət Statistika Komitəsinin əməkdaşı Aytan Nərimanlı təlim barədə öz fikirlərini bölüşərək “Mən ilk dəfə olaraq onlayn təlim vebinarına qatılıram və tədbir təşkilatçılarına bu çətin missiyanın öhdəsindən layiqincə gəldiklərinə görə təşəkkürümü bildirirəm. Təlim zamanı mən, Aİ-nin müxtəlif İnstitutsional Quruculuq və digər yardım alətləri barədə biliklərimi artırmaq şansı əldə etdim və yeni təcrübələr qazandım. Bütün iştirakçılar təlim materialları ilə tam təmin edilmişdilər və təlimçilər başa düşülən dildə bu materialları bizə çatdırmağı bacardılar. Təlim materialları təlim mövzularını tam əhatə edirdi və çox maraqlı idi. Təlimdə əldə etdiyim bilikləri təmsilçisi olduğum qurumda başlanılması planlaşdırılan yeni Tvinninq layihəsinin icrası zamanı tətbiq etməyi planlaşdırıram” – qeyd etdi.

Silsilə təlim seminarları Aİ-nin maliyyələşdiridiyi hal-hazırda davam edən və həmçinin qarşıda başlanılması planlaşdırılan layihələrin benefisiarları olan qurumların nümayəndələri, o cümlədən benefisiar dövlət qurumlarının işçi heyəti və digər tərəfdaş institutların təmsilçiləri üçün təşkil edilir. Mövcud şəraiti nəzərə alaraq təlimlər onlayn qaydada təşkil ediləcək və karantin rejimi aradan qalxacağı təqdirdə artıq klassik “üz-üzə” təlimlərə başlanılacaqdır.

Təlimlər Aİ-nin maliyyələşdirdiyi “Azərbaycan üzrə Texniki Yardım Layihəsi (ATAF)” çərçivəsində təşkil edilir.

Şərhlər bağlıdır.