Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Avropa Azərbaycanla davamlı əməkdaşlıqda maraqlıdır

279

Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin yaydığı məlumata görə, 2020-ci il dekabrın 18-də  Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclası keçirilib. Şura iclasına Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Josep Borrell sədrlik edb. Xarici işlər naziri Ceyhun Bayramovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin qatıldığı iclasda Qonşuluq və İttifaqın Genişlənməsi məsələləri üzrə Avropa İttifaqının komissarı Olivér Várhelyi iştirak edib.

Əməkdaşlıq Şurası iclasında Aİ-Azərbaycan arasında birgə razılaşdırılmış Tərəfdaşlıq Prioritetlərinin icrası, Azərbaycanın islahat gündəliyi, Aİ-Azərbaycan arasında yeni ikitərəfli razılaşmanın perspektivləri, koronavirus pandemiyası və onun təsiri, Dağlıq Qarabağ və onun ətrafında son dövrlərdə aparılmış genişmiqyaslı hərbi əməliyyatların ardından yaranmış vəziyyət nəzərdən keçirilib.

Ali nümayəndə Josep Borrell bildirib ki,  Aİ Azərbaycanla demokratiya, insan hüquqları və fundamental azadlıqlara əsaslanan yeni iddialı və hərtərəfli bir saziş bağlamaq istəyir: “Bu, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, ticarət əlaqələrimizin inkişaf etməsinə və əməkdaşlığımızın hüdudlarını daha da genişləndirməyimizə kömək edəcək”.

J.Borrell həm də bildirib ki, Aİ Minsk Qrupu həmsədrləri ilə sıx komplementarlıq şəklində Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinin dəstəklənməsində və formalaşdırılmasında rol oynamağa hazırdır: “Bunu dəstəkləmək naminə sülh quruculuğu və yenidənqurma üzrə vasitələrimizdən istifadə etməyə hazırıq.”

Qonşuluq və Genişlənmə üzrə komissar Olivér Varhelyi diqqətə çatdırıb ki, Aİ Azərbaycanın enerji, ticarət, sərmayə və bağlantılar kimi sahələrində əsas tərəfdaşıdır: “Cənub Qaz Dəhlizinin tamamlanmasında bu il əldə olunan mühüm tərəqqiyə əsaslanaraq, onun Qərbi Balkanlara qədər uzadılması imkanını araşdırmaq istəyirik. COVID-19 pandemiyası kontekstində, o cümlədən ölkənin iqtisadiyyatının şaxələndirilməsinə və səhiyyə sisteminin bərpa olunma qabiliyyətinin gücləndirilməsində göstərdiyimiz dəstəklə ölkənin sosial-iqtisadi bərpası istiqamətində Azərbaycanla işləməyə davam edəcəyik. Əlavə humanitar yardımın göstərilməsi, münaqişənin əsaslı şəkildə həll olunması istiqamətində və daha uzunmüddətli sosial-iqtisadi inkişaf naminə çalışmaq üçün 10 milyon avro ayırmağa hazırıq.”

Tərəfdaşlıq Prioritetlərinin icrasını nəzərdən keçirərkən Aİ ilə Azərbaycan enerji sektorunda əməkdaşlığın çox gözəl olduğu qeyd olunub. Azərbaycandan ilk qazın Cənub Qaz Dəhlizi üzərindən 2020-ci ilin sonuna qədər göndərilməsi gözlənilir.

Şura iclasında eyni zamanda Azərbaycanda demokratiya, qanunun aliliyi, insan hüquqları və fundamental azadlıqlar, xüsusən birləşmə azadlığı, ifadə azadlığı və media azadlığı ilə bağlı çağırışlar da nəzərdən keçirilib.  Şurada, yeni hərtərəfli saziş və Ümumi Aviasiya Məkanı Sazişi ətrafındakı danışıqların vəziyyəti müzakirə edilib.

Şura iclasında, COVID-19 pandemiyasının yaratdığı problemlərə də toxunulub və insanların həyat və yaşayışını, ölkədə cəmiyyət və iqtisadiyyatı yenidən bərpa etmək üçün Avropa İttifaqı tərəfindən Azərbaycanın səylərinə dəstək vurğulanıb.

Aİ və Azərbaycan, cari ilin 10 noyabr tarixində hərbi əməliyyatlar dayandırıldıqdan sonra Dağlıq Qarabağ və onun ətrafındakı vəziyyət, Aİ-nin bərpa və barışıqdakı rolu, habelə regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Aİ-Azərbaycan arasında Əməkdaşlıq Şurasının iclası Aİ-Ermənistan arasında Tərəfdaşlıq Şurası iclasından bir gün sonra baş tutub. Bu görüşlər Aİ-nin bölgədəki ölkələrlə tərəfdaşlığının və Aİ-nin bölgənin bərpasına və sülhün davamlı olmasına dəstəyinin vacib olduğunu bir daha xatırladıb.

Əməkdaşlıq Şurasının iclası ərəfəsində Avropa İttifaqı 2019-cu ilin aprelindən bəri Azərbaycanda və Aİ-Azərbaycan münasibətlərində baş verən son hadisələr barədə hesabat yayımlayıb.

Şərhlər bağlıdır.