MDU-da tələbə və magistrantlar konfransda bir araya gəldilər

: “Strateji Yol Xəritəsi Azərbaycanın davamlı inkişaf modelinə keçid konsepsiyasıdır” mövzusunda elmi konfrans
“Strateji Yol Xəritəsi Azərbaycanın davamlı inkişaf modelinə keçid konsepsiyasıdır” mövzusunda elmi konfrans

Mingəçevir Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsi Tələbə Elmi Cəmiyyətinin “Strateji Yol Xəritəsi Azərbaycanın davamlı inkişaf modelinə keçid konsepsiyasıdır” mövzusunda elmi konfransı keçirilib.

Tədbirdə giriş sözü ilə İqtisadiyyat kafedrasının aparıcı baş müəllimi Arif Tağıyev çıxış edib. Fakültə rəhbərliyinin salamlarını konfrans iştirakçılarına çatdıran Arif Tağıyev bildirib ki, konfransın bu mövzusu hazırda ölkədə aktual olan və həyata keçirilən dövlət siyasəti ilə əlaqədardır. Belə ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı, qeyri-neft sektorunun dirçəlməsi baxımından tarixi əhəmiyyətə malikdir. Strateji yol xəritəsi çox ciddi təhlillər üzərində qurulub. Burada Azərbaycanda mövcud iqtisadi vəziyyət, həm də qlobal və regional trendlər nəzərə alınıb.   

Konfransın işində iştirak edən Mingəçevir Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri, baş müəllim Günəş Şəfaqətov qeyd edib ki, Azərbaycan iqtisadiyyatının bütün sahələrini özündə ehtiva edən strateji yol xəritəsi 2017-ci ildən başlayaraq 2030-cu ilə qədər mühüm vəzifələri yerinə yetiriləcək. G.Şəfaqətov bildirib ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi, kənd təsərrüfatı, ağır və yüngül sənaye, texnologiya, kimya sənayesi xüsusi olaraq Azərbaycan iqtisadiyyatına ciddi töhfələr verəcək. Strateji yol xəritəsi iqtisadiyyatın sürətli inkişafına və bütövlükdə iqtisadiyyatımızın, büdcəmizin neft gəlirlərindən tamamilə azad edilməsinə gətirib çıxaracaq. Əminəm ki, bu sənəd Azərbaycanın sosial-iqtisadi inkişafına və bütövlükdə dövlətimizin güclənməsində mühüm rol oynayacaq.  

Sonra tələbələr hazırladıqları elmi məruzələrlə çıxış ediblər. İM17 saylı qrupun magistrantı Samrin Xanlayev (elmi rəhbər: prof. Veysəl Əyyubov) “İqtisadi tərəqiyyə stimul verən Strateji Yol Xəritəsi”; İ15.1 saylı qrupun tələbəsi Rasta Paşayeva (elmi rəhbər dos. Nüşabə Qədimli) “Strateji yol xəritələri iqtisadiyyatın şaxələnməsi amili kimi”; İ14.1 saylı qrupun tələbəsi Şahnaz Orucova (elmi rəhbər: i.f.d. Cəmilə Musayeva) “Azərbaycan iqtisadiyyatının yeni inkişaf strategiyası”; ST16.2 saylı qrupun tələbəsi Elçin Ağamirzəyev (elmi rəhbər: dos. Emiliya Hüseynova) “Sənaye məhəlləsi mütərəqqi biznes modeli kimi”; STM16 saylı qrupun magistrantı Gülstan Fəracova (elmi rəhbər: i.f.d. Murad Tağıyev) “Qeyri-neft sektorunun inkişafında dövlət tənzimlənməsinin rolu”; ST14.2 saylı qrupun tələbəsi Aytac Əhmədova (elmi rəhbər: b/m. Nazim Niftəliyev) “İqtisadiyyat üzrə strateji yol xəritələri islahatların səmərəliliyini təmin edəcək”; ST15.1 saylı qrupun tələbəsi Məsumə Ramazanova (elmi rəhbər: b/m. Elmira Hacıyeva “İnsan kapitalı davamlı iqtisadi inkişafın prioritet amili kimi” mövzularında məruzələri dinlənilib. Müzakirələrdə tələbələrlə yanaşı professor və müəllim heyətidə iştirak edib. Məruzəçilərə verilən suallar ətraflı cavablandırılıb.

Konfransın sonunda çıxış edən baş müəllim Arif Tağıyev tələbə və rəhbərlərə təşəkkürünü bildirib, tələbə və magistrantların çıxışlarının maraqla qarşılandığını qeyd edib. Tələbələrə uğurlar diləyib və gələcəkdə daha aktual mövzularda elmi işlərini davam etdirmələrini tövsiyyə edib.

 

Məqalə Qiyməti