Sankt-Peterburqdan Mingəçevir Turizm Kollecinə işgüzar səfər

: Rusiyalı təhsil işçiləri MTK-nın pedaqoq və tələbələri ilə görüşdülər
Rusiyalı təhsil işçiləri MTK-nın pedaqoq və tələbələri ilə görüşdülər

Öncədən imzalanmış  uzunmüddətli əməkdaşlıq  sazişinə müvafiq olaraq  Rusiya Federasiyasının Sankt-Peterburq Turizm və Mehmanxana Servisi Kollecinin 6 nəfərlik nümayəndə heyəti Mingəçevir Turizm Kollecini ziyarət  edib. Rəsmi qarşılanma mərasiminin ardınca qonaqlar  təhsil müəssisəsi ilə yaxından tanış olub. Rusiyalı təhsil işçiləri və kollecin pedaqoq və tələbələri həmsöhbət olaraq, qarşılıqlı şəkildə arzu və istəklərini bölüşüblər.

MTK-nın direktoru,  iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov onlara təmsil etdiyi qurumun yaranma tarixi, fəaliyyəti, əldə etdiyi uğurlar, beynəlxalq əlaqələri və təhsil layihələri barədə ətraflı məlumat veriib.

Foyedə xüsusi monitor vasitəsilə Azərbaycan-Rusiya siyasi və mədəni əlaqələrindən, həmçinin  Azərbaycanın turizm özəlliklərindən bəhs edən videoçarxa baxışdan sonra sonra hər iki kollec rəsmilərinin iştirakı ilə rəsmi qəbul düzənlənib. Müzakirələr zamanı əməkdaşlığın perspektivləri və gözləntilər barədə fikir mübadiləsi aparılıb. Mütərəqqi tədris metodlarının paylaşılması və tətbiqi, turizm sənayesi üçün  kadr hazırlığı prosesinə dəstək verə biləcək addımlar, pedaqoq və tələbə mübadiləsi   və digər  məsələlər nəzərdən keçirilib.

İdeoloji kabinetdə pedaqoq və tələbələrlə  qonaqların baş tutan görüşü də unudulmaz anlarla tarixləşib. Əyyub Əyyubov Sankt-Peterburq Turizm və Mehmanxana Servisi Kolleci ilə əməkdaşlıqdan böyük fayda götürəcəklərinə əmin olduğunu bildirib: “Bu minvalla hər iki təhsil müəssisəsi Azərbaycan və Rusiya hüdudlarında təhsil, mədəniyyət və turizmin inkişafına önəmli töfhə vermiş olacaq. Düşünürəm ki,  Azərbaycan və Rusiya dövlətləri  arasında mövcud olan strateji münasibətlər təhsil işçiləri önündə yeni perspektivlər açır və bu imkanlardan faydalanmaq  vacibdir”.

Rusiya nümayəndə heyətinin üzvləri əməkdaşlıqdan məmnun olduqlarını iştirakçıların diqqətinə çatdırıblar. Andrey Bardaşeviç  deyib ki, Azərbaycana ayaq açdıqları ilk andan gördükləri gözəllik, müasirlik, qonaqpərvərlik, elmə, təhsilə, mədəniyyətə, turizmə olan münasibət onları heyran qoyub: “Özəlliklə də Mingəçevir Turizm Kollecinin mövcud  imkanları və perspektivləri doğru zamanda, doğru ünvanda olduğumuzu söyləməyə imkan verir”.

Lyudmila Kuznetsova isə təmsil etdiyi Sankt-Peterburq Turizm və Mehmanxana Servisi Kolleci barədə  ətraflı bilgilər verib.

Ardınca hər iki  tərəf arasında xatirə hədiyyələri paylaşılıb. Görüş tələbə özfəaliyyət qrupu fəallarının nümayiş etdirdiyi bədii proqramla davam etdirilib.

Məqalə Qiyməti