Miqrasiya Xidmətinin əməkdaşları MDU-da

: MDU-da miqrasiya mövzusunda görüş
MDU-da miqrasiya mövzusunda görüş

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Yevlax Regional Miqrasiya İdarəsinin əməkdaşları Mingəçevir Dövlət Universitetində professor, müəllim və tələbələrin iştirakı ilə Miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri barədə məlumatlandırılmasının qanunsuz miqrasiyanın qarşısının alınmasında əhəmiyyəti mövzusunda görüş keçiriblər. MDU-nun elmi işlər üzrə prorektoru, professor Veysəl Əyyubov qeyd edib ki, son illər Azərbaycana miqrasiya edənlərin palitrası kifayət qədər zəngindir: “Onlar respublikamıza müxtəlif məqsədlərlə, məsələn turist kimi, təhsil almaq məqsədilə, işləmək üçün, müvəqqəti və yaxud daimi yaşamağa və s. görə üz tuturlar. Gəldiyi ölkənin miqrasiya qanunlarını öyrənmək və əməl etmək, milli adət-ənənlərə hörmət etmək isə hər kəsin borcudur”. 

Yevlax Regional Miqrasiya İdarəsinin rəis müavini, Miqrasiya xidmətinin müşaviri polkovnik leytenat Aydın Əliyev Azərbaycanın miqrasiya qanunvericiliyi barədə geniş məlumat verib. O, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkəmizdə yaradılmış şəraitdən söhbət açıb. Respublikamızda təhlükəsizliyin, sabitliyin yüksək səviyyədə qorunmasına, iqtisadi sahədə uğurlu islahatlara, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələrin davam etdirilməsinə, tolerantlığın dünya üçün nümunə olduğuna diqqəti yönəldib: “Bütün bu məqamlar Azərbaycanı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün cəlbedici edib”.  

A.Əliyev deyib ki, ölkəmizdə miqrasiya sahəsində mükəmməl qanunvericilik bazası yaradılıb, DMX aparatı və 8 regional miqrasiya idarəsi, Bakıda və Yevlaxda  müasir standartlara cavab verən Qanunsuz miqrantların saxlanılması mərkəzləri fəaliyyət göstərir: “İnformasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanlar sayəsində DMX tərəfindən 11 xidmət növü üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərini elektron qaydada da qəbul edilir”.

Yevlax Regional Miqrasiya İdarəsinin Vətəndaşların Qəbulu və Müraciətlərinə Baxılması bölməsinin rəisi, I dərəcəli Miqrasiya xidməti qulluqçusu, kapitan Rauf Bəxtiyarov Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının qorunması ilə bağlı həyata keçirilən tədbirlər haqqında söhbət açıb. Bildirib ki, ölkəmizə təşrif buyuran əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hüquqlarının dövlət tərəfindən qorunması üçün respublika ərazisində olduqlarını və yaşadıqlarını mütləq leqallaşdırmalıdırlar: “Onların Dövlət Miqrasiya Xidmətinə müraciəti  və ölkənin miqrasiya qanunvericiliyinə riayət etmələri həmin şəxsləri sonradan baş verə biləcək hər hansı təhlükədən müdafiə etməyə hüquqi əsas yaradır”.

R.Bəxtiyarov dünyada baş verən miqrasiya proseslərinə, Avropada yaşanan miqrant böhranına da toxunub, ölkəmizdə qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əldə edilən uğurlardan bəhs edib, miqrasiya qanunvericiliyindəki yeniliklər haqqında söhbət açıb. 

Tədbirin sonunda qonaqlar professor, müəllim və tələbələrin çoxsaylı suallarını cavablandırıblar.

Məqalə Qiyməti