Mingəçevir Turizm Kollecində Bilik günü

: MTK-da yeni tədris ilinin ilk günü
MTK-da yeni tədris ilinin ilk günü

Yeni tədris ilinin ilk günü Mingəçevir Turizm Kollecində əsl bayram coşqusu ilə yadda qaldı.  Tələbə, müəllim, valideyin və çoxsayda dəvətli qonağın iştirakı ilə baş tutan tədbirdə təhsil müəssisəsinin uğurlarından və perspektivlərindən söhbət açıldı, təbriklər dinlənildi və iştirakçılar həzin musiqi və rəqslərin müşayəti ilə unudulmaz anlar yaşadı.

 Çixışlarda  qeyd olundu ki, son qəbul imtahanlarının nəticələrinə görə  697 nəfər gənc Mingəçevir Turizm Kollecinin tələbəsi olmaq haqqını qazanıb. Onlardan 529-u əyani, 168-i isə qiyabi formada təhsilini davam etdirəcək. Diqqət çəkən məqamlardan biri də o olub ki, kollecə daxil olmaq istəyən abituriyentlər ən yüksək imtahan balları toplamağa nail olublar. İstər 9 illik  ümumtəhsil bazasından qəbul olmuş 257 gəncin, istərsə də 11 illik təhsil bazasından qəbul olumuş  440 nəfər  gəncin imtahan göstəricilərində müsbət tendensiyalar qeydə alınıb.

Təbrik nitqi ilə  tədbir iştirakçılarına üz tutan Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov ürək açan son nəticələrin təsadüf olmadığını qeyd edib: “Ölkə rəhbərliyi səviyyəsində elm və təhsilin inkişafına verilən hərtərəfli dəstək  kollektivimizin önündə yeni perspektivlər açır. Biz müasir tədris-təlim metodlarından istifadə etməklə turizm və mədəniyyət sahəsi üzrə ixtisaslı kadr hazırlığında dinamik uğurlar əldə edirik. Bu uğurlar isə son nəticədə  gənclərin və valideynlərinin Mingəçevir Turizm Kollecində təhsil almaq istəyinə öz müsbət təsirini göstərir”.

Bilik günü təntənələrində  təhsil ocağının beynəlxalq əlaqələrindən də  geniş söhbət açıldı. Qeyd olundu ki, indiyədək beynəlxalq əməkdaşlıq aparılan təhsil müəssisələrinin sırasına Belarus və Rusiyanın ali və orta ixtisas təhsil müəssisələrinin adları əlavə olunub. Sankt-Peterburq Turizm Otel Servisi Kolleci, Brest Dövlət Texniki Universiteti  və Polotsk Dövlət Universiteti ilə kollec arasında bağlanmış sazişlər tələbə və pedaqoqlara yeni  fəaliyyət imkanları  yaradır.

 Tədbirdə pedaqoq, məzun,valideyn və  birinci kurs tələbələrinin təbrikləri də yer aldı.  Çıxış edən hər kəs  belə bir  ünlü kollektivdə təhsil verməyin və təhsil almağın qürüverici və perspektivli olduğunu qeyd etdi. Tədbir boyu nümayiş olunan bədii proqram iştirakçılara ilk dərs gününün sevinci içində şadlanmaq üçün gözəl fürsət yaratdı .

Məqalə Qiyməti