MDU-da Bilik Günü

: MDU-da bilik günü
MDU-da bilik günü

Bir qrup tələbəyə  tələbə biletləri təqdim edilib


MDU-nun kollektivi Heydər Əliyev Mərkəzində Bilik günü münasibəti ilə bayram tədbiri keçirib. Universitetin rektoru Akif Hacıyev məzunları və yeni qəbul olmuş tələbələri təbrik edib: “Məzunlarımızın sorağı həm elm, həm təsərrüfat, həm də idarəetmə sahələrindən gəlir.  Şəhərimizin ictimai-siyasi həyatında fəal olan gənclərimiz yetərincədir. Bütün bunlar göstərir ki, pedaqoji heyətimizin əməyi hədər getməyib”.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov MDU-nin yaranma tarixinə nəzər salaraq deyib ki, bu, cənab prezidentin şəhərimizə, təhsil işçilərimizə və gənclərimizə qayğısının bariz nümunəsidir: “Mən inanıram ki,  bu universitet ölkəmizin gələcək inkişafında öz töhfələrini verəcək”.

612 balla MDU-nin Azərbaycan dili və ədəbiyyat fakultəsinə daxil olmuş Kəmalə Hacıyeva müəllim adının ülviliyindən danışıb: “Ölməz liderimiz Heydər Əliyev deyirdi: Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət öz gələcəyini, uşaqlarının tərbiyəsini yalnız ona etibar edir. Mən müəllimlərimin peşələrinə böyük hörmətlə yanaşdığının şahidi olmuşam. Bütün bunlar məndə müəllimlik sənətinə istəyin yaranmasına səbəb oldu”.

MDU-də magistr üzrə təhsilini davam etdirən Aytən Mahmudova, Avropada magistr təhsilini başa vurmuş Kamal Əhmədov da ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan danışıblar.

Tədbirin sonunda bir qrup tələbəyə tələbə biletləri  təqdim edilib.

Məqalə Qiyməti