MDU-da “Davamlı inkişafın milli modeli və strategiyası” müzakirə olunub

: MDU-da elmi konfrans
MDU-da elmi konfrans

“Dövlətin regional siyasətinin əsas məqsədi regionların təbii ehtiyatlarından səmərəli istifadəni, məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsini, sosial gərginliyin zəiflədilməsini, yəni əmək ehtiyatlarından səmərəli istifadəni təmin etməlidir”

 

Noyabrın 27-də Mingəçevir Dövlət Universitetində “Davamlı inkişafın milli modeli və strategiyası” mövzusunda respublika elmi konfransı keçirilib. Universitetin rektoru Akif Hacıyev ökəmizdə davamlı sosial-iqtisadi inkişafın təmin edilməsini Azərbaycan hökumətinin qarşıya qoyduğu və çox böyük müvəffəqiyyətlə həyata keçirdiyi mühüm prioritetlərdən biri hesab etdiyini  nəzərə çatdırıb. O, deyib ki, neft sektorundan əldə edilən gəlirlər hesabına qeyri-neft sektoruna böyük sərmayələrin yatırılması, beləliklə də, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin davamlı şəkildə inkişaf etdirilməsi başlıca hədəf kimi götürülür.

Rektor Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə regionların davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində  hazırlanan və müvəffəqiyyətlə həyata keçirilən dövlət proqramlarından danışıb: “Bütün incəliklərinə görə, yüksək dəqiqliklə işlənib hazırlanan, məntiqi ardıcıllıqla biri digərini tamamlayan bu proqramlar əhalinin yüksək iqtisadi fəallığını stimullaşdırır, bölgələrdə yaşayış səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, Azərbaycanın regionlarının hərtərəfli tərəqqisinə yol açır”.

Akif Hacıyev qeyd edib ki, prinsip etibarı ilə, ölkə regionlarının davamlı, sürətli inkişafının reallaşması təkcə iqtisadi deyil, həm də mənəvi məsələdir: “Başqa sözlə, burada insan amili öz həlledici təsirini göstərir, insanların sosial-iqtisadi fəallığı və təşəbbüskarlığı mühüm rol oynayır. Müvafiq məqamlar regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən hər üç Dövlət Proqramında ciddi nəzərə alınıb. Burada bölgələrdə işgüzar sahibkarlıq təşəbbüslərinin yüksək səviyyədə dəstəklənməsi, regionlarda ən yeni texnologiyalara söykənən aqrar-sənaye komplekslərinin yaradılması, yüngül sənayenin, qida sənayesinin inkişaf etdirilməsi, yoxsulluğun, işsizliyin tam aradan qaldırılması, əhalinin yüksək məşğulluğun təmin edilməsi nəzərdə tutulub”.

Sonra konfransın plenar iclasında “Azərbaycanda davamlı inkişafın konseptual istiqamətləri” mövzusunda Mingəçevir Dövlət Universitetinin “Humanitar fənlər” kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Esmira Cəfərova cıxış edib. O, bildirib ki, hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur: “Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır”.

Plenar iclasın növbəti məruzəçisi “Davamlı inkişafının təmin edilməsində milli təcrübə və mövcud problemlər” mövzusunda universitetin  “İctimai və təbiət fənləri”  kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Nizami Zeynalov olub. Onun qənaətinə görə, son dövrdə ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaradıb: “Bu illər ərzində, xüsusilə də son onillikdə Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılmışdır. Bütün bunlarla bərabər, sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar açmışdır”.

Universitetin “İqtisadiyyat” kafedrasının baş müəllimi Günəş Şəfaqətov plenar iclasda “Regional tərəqqi davamlı inkişafın mühüm istiqaməti kimi” mövzusunda çıxış edib. O, deyib ki, regional sosial-iqtisadi siyasətin planlasdırma və idarəetmə sisteminin nəzəri-metodoloji və təşkilati problemlərinin davamlı öyrənilməsi tarixən  aktual vəzifə olub: “Dövlətin regional siyasəti daxili sosial gərginliyi azaltmağa, ölkənin bütövlüyünü və birliyini qoruyub saxlamağa yönəldilməlidir. İqtisadi sahədə dövlətin regional siyasətinin məqsədi isə regionların iqtisadi imkanlarından, potensialından, regionlar üzrə həyata keçirilən aqrar-sənaye tədbirlərinin səmərəsindən, ərazi üzrə əmək bölgüsü və bazar kooperasyası, iqtisadiyyatın obyektiv üstünlüklərindən səmərəli qaydada istifadə etməkdən ibarətdir. Dövlətin regional siyasətinin əsas məqsədi regionların təbii ehtiyatlarından səmərəli istifadəni, məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsini, sosial gərginliyin zəiflədilməsini, yəni əmək ehtiyatlarından səmərəli istifadəni təmin etməlidir. Dünya təcrübəsinin sübut etdiyi kimi dövlət müxtəlif inzibati və iqtisadi metodlarla regional inkişafa təsir göstərməlidir”.

Plenar iclasdan sonra konfransın işi “Texnika və innovasiya”, “İqtisadiyyat” və “Humanitar” bölmələr üzrə iclaslarda davam etdirilib. Bölmə iclaslarında 50-dən artıq maraqlı məruzə dinlənilib. Konfransın materiallarına ölkənin on yeddi ali məktəbi və elmi-tədqiqt institutlarının tezis və elmi məqalələri daxil edilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub. 

Məqalə Qiyməti