Mingəçevirdə universitet müəllimləri and içdilər

Yeganə Nəbiyeva: Universitetdə andiçmə
Universitetdə andiçmə

Mingəçevir  Dövlət  Universitetinin  müəllimi kimi işə  başlayan 165 nəfər müəllim və professor heyəti  Azərbaycanın dövlət bayrağı altında Konstitusiyaya əl basıb

 

“AR Konstitusiyasi və qanunlarına riayət edərək, Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmçinin təhsil alana, valideynə və digər şəxslərlə münasibəti hörmət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını uca tutacağıma and içirəm”.

Universitetin müəllimi Səbinə Quliyeva andın mətnini oxuduqdan sonra andiçməyə başlanıb.  Mingəçevir  Dövlət  Universitetinin  müəllimi kimi işə  başlayan 165 nəfər müəllim və professor heyəti  Azərbaycanın dövlət bayrağı altında Konstitusiyaya əl basıb.  MDU-nun rektor əvəzi Akif Haciyevin fikrincə,  vicdanının səsinə qulaq asan, xalqına xidmət göstərmək istəyən müəllim bu hadisəyə sadəcə and içmək xatirinə baxmamalıdır: “Bu onun ömrünün, həyatının amalıdır”.

Müəllim ailəsində və əhatəsində böyüdüyünü, müəllimliyi şüurlu surətdə seçdiyini nəzərə çatdıran Akif Hacıyev deyib:  “Çalışmalıyıq ki, bu and bizə qənim olmasın. Bundan sonra bu içdiyimiz andın pozulmasına aparıb çıxaran hallarla üzləşməyək. Dövlətimizin, tələbələrimizin, onların valideynlərinin üzünə düz baxaq. Bu Azərbaycan Respublikası ilə bizim aramızda bağlanmış müqavilədir. Bu müqaviləni pozmağa vicdanımız yol verməməlidir. Ümidvaram ki, bu mərasim işimizdə və içimizdə dönüş əmələ gətirəcək. Və nazirimiz “İstəyirəm ki, sizin universitet Azərbaycanda olan bütün universitetlərə nümunə olsun”deyərək bizə ümid bəsləyirsə, bizim o ümidi doğrultmamağa haqqımız yoxdur”.

A.Hacıyev bəzən müəllim və tələbələrə qarşı nəzarətin zəifliyi və laqeydsizliyin neqativ hallara gətirməsindən də danışıb: “Bir neçə gündən sonra elektron nəzarət sistemini tətbiq edəcəyik. Bundan sonra qiymət və qayıb düzəltməyə heç kimin imkanı olmayacaq. Dəfələrlə deyilməsinə baxmayaraq, bəzi müəllimlər o metoddan istifadə ediblər. Həkimlər də and içir. Amma pul almamış xəstəni müalicə etmirlər. Gərək bizim haqqımızda bu sözləri deməsinlər. Göstərilən bütün xidmətlər təmənnasız olmalıdır və bunun müqabilində heç kimin nəsə tələb etməyə ixtiyarı qoxdur. Əgər biz tələbələrimizi düz istiqamətləndirsək, onların hamısı gələcəkdə  dostumuz olacaq. Yox, əgər pis istiqamətləndirsək, hamısı bizim kürəyimizdən vuranlar olacaq. Gəlin, elə edək ki, gələcəkdə utanmayaq”.   

Mərasimdə universitetin müəllimi Mirzə Cumalıyev “Ən şərəfli peşə” mövzusunda məruzə edib.

Universitetin humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərovanın dediyinə görə, yeni seçilmiş 19 ixtisasın təsdiqi Təhsil Nazirliyi tərəfindən dekabr ayında gözlənilir:  “Həmin ixtisaslar üzrə tələbə qəbulu gələn ilin tədris ilində reallaşacaq”. 

Məqalə Qiyməti