MDU-nun açılışında Akif Hacıyevdən sərt mesaj

Fərman Nəbiyev: MDU-nun açılışında
MDU-nun açılışında

“...hər hansı tələbə burda əyri yollarla qiymət almağa cəhd göstərsə, o, bizimlə xudahafizləşməli olacaq. Bizim müəllimlərimizi də, içində mən olmaq şərtilə, eyni tale gözləyir”.

 

Sentyabrın 15-də Mingəçevir Dövlət Universitetinin (MDU) açılışı olub. MDU-nun konfrans zalında baş tutan mərasimdə Azərbaycanın Dövlət Himni səsləndikdən sonra rektor əvəzi Akif Hacıyev çıxış edib. O, bildirib ki, Azərbaycan Prezidentinin 24 iyul 2015-cil ildə verdiyi sərəncamla Mingəçevir Politexnik İnstitunun bazasında Mingəçevir Dövlət Universiteti yaradılıb:   “Bu, bizim üçün çox dəyərlidir. Heç nə ilə müqayisə oluna bilməz. Bu,  şəhərimizin və bölgənin həyatında mühüm hadisədir. Mən ümidvaram ki, bu adı doğruldacaq, xalqımıza, vətənimizə, Prezidentimizə sədaqətlə xidmət edəcəyik. Sübut edəcəyik ki, biz universitet tələbəsi, əməkdaşı olmağa layiqiq. Bu universitetin açılması Təhsil naziri Mikayıl Cabbarovun, İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun gərgin əməyinin nəticəsidir”.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Prezidentin  sərəncamını Mingəçevirdə gedən işlərə, şəhərin təhsilinə verilən qiymət və qayğı kimi dəyərləndirib:  “Bu il Mingəçevir təhsilində yüksək uğurlar əldə edilib.  Ali  məktəblərə  sənəd verən məzunların 62,2%-i tələbə adını qazanıb. 123 nəfər 500-dən, 42 nəfər 600-dən yuxarı bal toplayıb. Respublika üzrə ən çox fərqlənən 7 məktəbin 2-si Mingəçevirdədir. Arzum budur ki, hörmətli professor və müəllimlər, siz  müasir auditoriyalarda dərs deyəsiniz, xarici universitetlərə mühazirə oxumaq üçün dəvət olunasınız. Əziz tələbələr, fərq eləmir, siz ölkəmizdə hansı sahədə işləyəcəksiniz, ya da xaricdə bizi təmsil edəcəksiniz, təki layiqli Azərbaycan vətəndaşı olasınız, Azərbaycanla bağlı olasınız”. 

Milli Məclisin üzvü Aydın Mirzəzadə deyib ki,  MDU-nun yaradılması regionların inkişafı, Mingəçevir və regionlar üçün çoxsaylı kadrların hazırlanması deməkdir: “Bu, Azərbaycan elminə yeni bir nəfəsin gəlməsidir. Mən maraqlandım, MDU-ya bu il qəbul olunanlar arasında çox sayda yüksək bal toplamış gənclərimiz var. Bu o deməkdir ki, həmin gənclər gələcəkdə Azərbaycanın idarəetmə orqanlarında işləyəcəklər, Azərbaycan elmini inkişaf etdirəcəklər. Azərbaycanı xaricdə layiqincə təmsil edəcəkıər”.

A.Mirzəzadə sentyabrın 14-də Milli Məclisin növbədənkənar iclasında  Avropa parlamentinin Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərinə sərt reaksiya verilməsindən və Azərbaycanın daxil olduğu Avronestdən çıxmaq barədə qərar verilməsindən də danışıb: “Azərbaycan müstəqil siyasətini yürütmək iqtidarında olan ölkədir, bu məsələdə heç kim ona göstəriş verə bilməz. Müstəqil siyasətimiz nəticəsində ümumdaxili məhsulumuz gündən günə artmaqdadır. Neftdən gələn kapital insan kapitalına çevrilməkdədir. Bu gün Azərbaycan infrastrukturu Avropanın ən inkişaf etmiş ölkəsinin infrastrukturuna yaxınlaşmaqdadır. Azərbaycanda təhsilin, səhiyyənin, mədəniyyətin inkişafı üçün dövlət tərəfindən maksimum səy göstərilir. Bütün bu prosesin qurucusu, memarı ölkə Prezidenti İlham Əliyevdir. Onun apardığı siyasət Azərbaycanın müstəqilliyini möhkəmləndirir, hər bir azərbaycanlının öz dövlətinə inamını qətiləşdirir. Mən bu ümiddəyəm ki, müstəqilliyin möhkəmləndirilməsində hər bir mingəçevirli, MDU-nun kollektivi də cənab prezidentə daima dəstək verəcək”.

Yüksək bal toplamış tələbələrdən Ayşən Məmmədli (iqtisadiyyat fakültəsi) 20 nömrəli məktəbi qızıl medalla bitirdiyini,  535 balla MDU-ya daxil olmaq barədə qərar verdiyini deyib: “Bu məktəbin və rektorunun dürüstlüyü barədə çox eşitmişdim. Ona görə də MDU-nu seçdim. İşlə təminat, gələcək karyera, alimlik dərəcəsinə yüksəlmək üçün bu universitetin tələbə və məzunlarına dəstəyindən mən də faydalanacağıma ümid edirəm”.

Energetika və mexanika fakültəsinin tələbəsi Ədalət Məmmədovun fikrincə, MDU-da təhsil alanlar paytaxt tələbələri ilə rəqabət aparmaq gücünə malikdirlər. Bu fikirlər fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, universitetin baş müəllimi Məlahət İsmayılovanın çıxışında da səslənib: “Mən bu gün bu tribunadan valideyn kimi çıxış edirəm. Övladım Leyla yüksək balla MDU-ya qəbul olunub. O, başqa universitetləri də seçə bilərdi, ancaq burdakı təhsilin keyfiyyəti bizi qane etdiyinə görə kənara üz tutmadıq”.

Universitetin əməkdaşı Esmira Cəfərova MDU-nun ünvanına gələn təbrik teleqramları ilə  mərasim iştirakçılarını tanış edib. Bir qrupa tələbə biletləri təqdim olunub.  Mərasimə yekun vuran Akif Hacıyev tələbələrə birinci gündən çalışmağı, yaxşı oxumağı, əyri yollar axtarmamağı tövsiyə edib:  “Burda şəffaflıq var, tələbələrə qayğı var, elmə, təhsilə hörmət var. Bizim universitet olmağımız da buna görədir. Burda heç kimin xahişinə,  açıq deyəcəm, rüşvətə görə qiymət verilmir. Burda hər kəsə biliyinə, özünü apardığına, tərbiyəsinə, əxlaqına, tələbə adını düzgün daşıdığına görə hörmət olunur. Mən sizə bəri başdan deyirəm və elan edirəm ki, hər hansı tələbə burda əyri yollarla qiymət almağa cəhd göstərsə, o, bizimlə xudahafizləşməli olacaq. Bizim müəllimlərimizi də, içində mən olmaq şərtilə, eyni tale gözləyir. Əziz tələbələr, ilk gündən beyninizə, təhsilinizə güvənin, elm almağa çalışın. Elə edin ki, bu universitetdə axıradək gedə biləsiniz, Azərbycanın layiqli vətəndaşları olasınız”. 

Məqalə Qiyməti