Mingəçevir müəllimlərini sınaq qiymətləndirmə gözləyir

:
 

“Məktəb direktorlarının işə qəbulu forması da dəyişdirilir. Bu vəzifəni tutmaq istəyənlər əvvəlcə 3 aylıq kurslara cəlb ediləcək, sonra test və müsahibədən keçməli olacaqlar”


Sentyabrın 10-da Heydər Əliyev Mərkəzində Mingəçevir müəllimlərinin ənənəvi sentyabr konfransı uşaq və texniki yaradıcılıq mərkəzlərinin əl işlərinə baxışla başlayıb. Bundan sonra Azərbaycanın Dövlət himni səslənib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib və  məktəblilər konfrans iştirakçılarını salamlayıb.

Təhsil şöbəsinin müdiri Sahib Məmmədov  “2014-2015-ci dərs ilinin yekunları və Mingəçevir şəhər təhsil işçilərinin qarşısında duran vəzifələr” barədə ətraflı məruzə edib. Qeyd edib ki, bu il orta  məktəbi bitirənlərin 77 %-i qəbul imtahanlarına qatılıb, onların 62,2%-i  (399 nəfər) tələbə adını qazanıb. Bu, əvvəlki illə müqayisədə 9,9 % yüksək  nəticə deməkdir. Cəmi 3 il qabaq qəbulun 47% olduğunu nəzərə çatdıran natiq idman və digər sahələrdə də nəzərəçarpacaq irəliləyişlər əldə edilməsindən də söhbət açıb: “6 məzunumuz qızıl, bi məzunumuz gümüş medala layiq görülüb, 2 təhsil ocğımız “İlin ən yaxşı məktəbi”, bir pedaqoqumuz  “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub”.  

Məruzə ətrafında TRHETL-in direktoru Aidə İsmayılova, ŞTŞ-nın metodisti Səbinə Quliyeva, THL-in Azərbaycan dili və ədəbiyyatı müəllimi Aygün Novruzova, valideyn Könül Əmiraslanova, TRHETL-in 652 bal toplamış məzunu Etibar Abbasov  çıxış ediblər. Müəllimlərdən  Natəvan Mustafayeva, Ünnü Ağayeva və başqaları alternativ dərsliklərin təhsil müəssisələrində kütləvi şəkildə istifadəsinə başlanmadığından, sağlamlıq imkanları məhdud olan yuxarı yaşlı uşaqların  təhsildən kənarda qaldığından, Mingəçevirdə müəllimlərin sınaq qiymətləndirilməsinin aparılmadığından narahatlıqlarını bildiriblər.

Təhsil Nazirliyinin əlavə təhsil sektoru şöbəsinin müdiri Zöhrab Zərbalıyev sualları cavablandırıb və bir sıra məsələlərə aydınlıq gətirib. O, yuxarı siniflərdə fiziki qüsurlu uşaqların təhsili üçün ayrı-ayrı fənlər üzrə müəllim köməkçisini təyin etməyə maliyyə imkanı olmadığını, alternativ dərsliklərlə əlaqədar hələlik pilot məktəblər seçildiyini, yaxın vaxtlarda bölgələrdəki məktəblərin müəllimlərinin də sınaq qiymətləndirilməsinin aparılacağını diqqətə çatdırıb. Z.Zərbalıyev təəssüflə qeyd edib ki, əvvəlki illərdə  pedaqoji təhsil müəssisələrinə  yüksək bal toplamayanları da qəbul ediblər, indi bunun ağrısı yaşanır: “Hazırda pedaqoji sahədə işə düzəlmək üçün test imtahanından və müsahibədən keçmək tələb olunur. Eyni zamanda məktəb direktorlarının işə qəbulu forması da dəyişdirilir. Bu vəzifəni tutmaq istəyənlər əvvəlcə 3 aylıq kurslara cəlb ediləcək, sonra test və müsahibədən keçməli olacaqlar”.

Şöbə müdiri dərsə davamiyyətin artırılması, məktəb-ailə, müəllim-valideyn münasibətlərinin sivil formada qurulması ilə bağlı fikirlərini də səsləndirib.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bir qrup təhsil işçisinə İH adından Fəxri Fərmanları  təqdim edib. Başçı deyib ki, inkişaf edən ölkədə təhsil həmişə güclü olub, çünki bu sahə dövlətin prioritetlərindəndir: “Mingəçevirdə hazırda 3 məktəbimiz əsaslı təmir edilir. Bu ildən şəhərimizdə Mingəçevir Dövlət Universiteti açılıb”.   

Konfransın qətnaməsi qəbul edildikdən sonra   Təhsil şöbəsinin təhsilyanı şurasının yeni tərkibi təsdiq edilib.

Məqalə Qiyməti