Xumarə xanım və başçılıq etdiyi 10 saylı məktəb niyə məmnundur? əsas

: Xumara Mikayılova
Xumara Mikayılova

“Məktəbin bu ilki məzunlarından 5-i  600-dən, 10-u 500-dən yuxarı bal toplayıb. Əksəriyyəti də dövlət sifarişi ilə təhsil almaq imkanı qazanıb”

 

Mingəçevirdə fəaliyyət göstərən İsmət Qayıbov adına 10 saylı tam orta məktəb təhsildəki uğurları ilə seçilən məktəblərdəndir. Bu ilki tədris ilində  yenə də məktəbin adı öncüllər sırasında çəkilir. Məktəbin məzunları hazırda ən yaxşı  universitetlərdə təhsil alırlar.

Bu barədə danışan direktor Xumarə Mikayılovanın sözlərinə görə, 2014-2015-ci tədris ilində məktəbi 56 şagird bitirib,  onlardan 49-u ali məktəbə sənəd verib: “37 nəfəri ali, 4-ü  isə orta ixtisas məktəblərinə daxil olub. Ali məktəbə qəbul olunanlardan 5-i  600-dən, 10-u 500–dən yuxarı bal toplayıb. Əksəriyyəti də dövlət sifarişi ilə təhsil almaq imkanı qazanıb”.

Öyrəndik ki, məktəbin bu ilki məzunlarından 2-nə Təhsil Nazirliyi qızıl medal verib. Şəhər üzrə ən yüksək-692 bal toplayan Əmiraslanova  Zeynəb Kərim qızı da bu məktəbin məzunudur.

İdman sahəsində də məktəbin uğurları yetərincədir. 41 şagird müxtəlif idman yarışlarının yekununda məktəbə qızıl medal gətiriblər.  “Şahinlər” hərbi idman və turizm oyunlarının zona birinciliyinin qalibi olan  10 saylı məktəbin yetirmələri respublika üzrə yarışlarda da fərqləniblər. Onlar  avtomat silahın sökülüb yığılması prosesində birinci olmağı bacarıblar.

Uzun illər 10 saylı məktəbdə məcburi köçkün ailələri məskunlaşıb. Müəllimlər və uşaqlar çox əzab-əziyyət çəkməli olublar. Əsaslı təmirdən sonra ötən ildən məktəb yenidən şagird və müəllimlərin ixtiyarına verilib.

“Belə gözəl, təmirli məktəbdə ancaq yaxşı oxumaq lazımdır. Başda Prezidentimiz, şəhərin İcra Hakimiyyəti başçısı Niyazi Bayramov olmaqla, xeyirxah insanlar bizə bu sevinci yaşatdı”-X.Mikayılova belə deyir. Bir də əlavə edir ki, yeni dərs ilindən məktəbdə rus bölməsi də fəaliyyət göstərəcək: ” Təhsil Nazirliyi Texniki humanitar liseyin rus bölməsini şagird sıxlığına görə bu ildən məktəbimizə  köçürüb. Bu isə o deməkdir ki, şagirdlərimizin və müəllimlərimizin sayı artacaq. Yəni məsuliyyətimiz bir qədər də yüksələcək. Ona görə də var qüvvəmizlə çalışmalıyıq”.

Söhbətimizə bu ilki məzunların ingilis dili və tarix  müəllimləri Səbinə Ələkbərova və Mehriban Mehdiyeva da qoşuldular. Onların fikrincə, şagirdin təməli düzgün qoyulanda, istənilən nəticəni əldə etmək olur. Mehriban xanımın fikrincə, 5-ci sinifdən dərs dedikləri bu ilki məzunlar  çox məsuliyyətli idilər: “Hər birinin potensialına bələdik. Bu ilki nəticələri onlardan gözləyirdik”.

Səbinə xanım isə ötən  illərdə 10 ingilis dili müəllimi yetişdirməyindən məmnundur. 

Məqalə Qiyməti