Körpəni məktəbə göndərməklə nə itiririk? əsas

Esmira: Məktəbə erkən yaşda qəbul
Məktəbə erkən yaşda qəbul

Psixoloq Aynurə Əfəndiyevanın fikrincə, vaxtından əvvəl məktəbə gedən uşağın psixoemosional yükü artır

“Valideynlər başa düşməlidirlər ki, uşağın uşaqlığını əlindən almaq olmaz”

Biri vardı, biri yoxdu... Hər bir uşaq bu sözləri maraqla və zövqlə dinləyir. Nağılları nənələr, analar və tərbiyəçilər söyləyirlər. Uşaqlar isə rahat şəkildə sevimli oyuncaqlarını qucaqlayaraq nağıllara qulaq asırlar. Bəzən bu nağılları, oyuncaqları valideynlər uşaqların əlindən erkən alırlar. Belə ki, əslində uşaq normal olaraq, 6 yaşında məktəbə getməlidir. Lakin sentyabradək 6 yaşı tamam olmayan uşaqların valideynləri övladlarını məktəbə yazdırmaq üçün xüsusi istedada malik uşaqların 1-ci sinfə qəbulu ilə bağlı müsahibələrə gətirirlər. Apardığımız sorğudan aydın oldu ki, bunu daha çox valideynlər öz arzuları olduğu üçün istəyirlər...

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu məqsədi ilə müsahibələr bu gün də davam edir. Mingəçevirdə də Şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyində də xüsusi istedada malik uşaqların birinci sinfə qəbulu keçirilir. Artıq qeydiyyatdan 215 nəfər keçib. Təhsil Şöbəsinin müdir müavini Raifə Mürşüdova ilə görüşüb, qəbulun gedişilə maraqlandıq. Onun sözlərinə görə, xüsusi istedada malik uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu qaydaları “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 19.12-ci maddəsinə əsasən hazırlanıb və məktəb yaşına çatmayan xüsusi istedadlı uşaqların vaxtından əvvəl 1-ci sinfə qəbulu ilə bağlı məsələləri tənzimləyir: “Mən bizə müraciət edən valideynlərə dönə-dönə demişəm ki, burada xüsusi istedada malik uşaqlar qəbul olurlar. Zehni keyfiyyətlər məktəb yaşına çatmayan əqli və fiziki cəhətdən normal inkişaf etmiş uşaqların xüsusi istedadını şərtləndirən amillər hesab olunur. Burada hər bir uşaqla müsahibə bir qayda olaraq, 15-20 dəqiqə aparılır. Müsahibə zamanı uşağa zehni keyfiyyətlərinin aşkara çıxarılması üçün nəzərdə tutulmuş 4 sual verilir. Hər bir suala cavab 5 ballıq şkala ilə qiymətləndirilir. Ən azı 15 bal toplamış uşaq zəruri zehni keyfiyyətlərə malik hesab olunur. Onu da bildirim ki, komissiya müəyyən edilmiş zehni keyfiyyətlərlə yanaşı, uşağın psixoloji dayanıqlığını, fiziki durumunu və səhhətinin vəziyyətini də qiymətləndirib, yekun rəy  hazırlayır. Komissiyanın rəyi müsahibə aparıldığı gün açıqlanır. Amma onu da bildirim ki, bəzi valideynlər hələ də başa düşmürlər ki, bu qəbula ancaq xüsusi istedada malik uşaqlar qəbul edilirlər. İnanırsınız, mən bir gündə 4-5 valideynlə bu haqda söhbət edirəm. Amma onlar başa düşmək istəmirlər. Valideynlər arasında maarifləndirmə işi aparılmalıdır. Valideyn var, gəlib deyir ki, bəs mənim uşağım yaxşı cavab verdi, riyaziyyatı elə yaxşı bilir ki. Düzdür, uşaq xüsusi hazırlıq keçib riyaziyyatı öyrənə bilər, amma uşağın özünə qalanda, öz bacarığına, beyninin, təfəkkürünün, idrakının inkişafında heç nə yoxdur. Bəs onun təfəkkürü, məntiqi buna cavab vermir axı. Xüsusi hazırlıq keçən müəllim bunları valideynə başa salmalıdır”.

”Elə uşaq var ki, boyu heç partadan çıxmır”

Uşaqların vaxtından əvvəl 1-ci sinfə qəbulu komissiyasının rəyini öyrənmək üçün Mingəçevir Şəhər Təhsil Şöbəsinin metodisti Səbinə Quliyeva ilə də həmsöhbət olduq. Söhbətdən aydın oldu ki, gün ərzində 10 xüsusi istedada malik uşaq qəbul edilir. Onların psixoloji və məntiqi vəziyyəti, nitqi, şifahi hesablaması yoxlanılır. Səbinə müəllimənin dediyinə görə, uşaqlarda bu kimi vəziyyətlər yoxlanıldıqdan sonra verilən ballar hesablanır və 15 bal toplanarsa, birinci sinfə qəbul edilir. Qəbul tam şəffaf şəkildə xüsusi quraşdırılmış kameralar vasitəsilə aparılır. Balacalar isə bir gözləri analarında, bir gözləri də müəllimədə həyəcanla verilən suallara cavab verirdilər. Bəziləri isə cavab verə bilməyəndə ağlayırdı. Beləliklə, bir gündə 10 uşaqdan 5-6 uşaq qəbul olurdu. Belə uşaqlarla daha sonra dərs zamanı məktəblərdə ibtidai sinif müəllimələri məşğul olur. Bəs, görəsən, dərs zamanı bu müəllimələr hansı çətinliklərlə üzləşirlər?

Sualımızı komissiyanın üzvü, 3 saylı tam orta məktəbinin ibtidai sinif müəlliməsi Anjelika Zamanovnaya ünvanladıq. Müəllimə bildirdi ki, düzdür, bu uşaqlar dərs zamanı özlərini çox ərköyün aparırlar: “Bəzən görürsən ki, uşaq dərsdə yatıb. Valideynlər başa düşməlidirlər ki, uşağın uşaqlığını əlindən almaq olmaz. Budur, bu gün uşağı testdən keçməyən valideyn çox aqressivləşir. Elə təkid edir ki, axı mənim uşağım evdə suallara yaxşı cavab verirdi. Bəzən də tam tərsinə olur. Yaşı çatan uşaqdan, yaşı çatmayan uşaq daha yaxşı yazır və oxuyur. Amma mən bir pedaqoq kimi deyərdim ki, valideynlər uşaqlarının sağlamlığına nəzarət etsinlər. Dərslər kurikulum sistemi ilə keçirilir. Böyük summativ qiymətləndirmədə belə uşaqlar çox əziyyət çəkirlər. Elə uşaq da var ki, boyu heç partadan çıxmır, 25-30 uşağın içərisində o özünü o qədər də yaxşı hiss edə bilmir”.

 “Uşağın psixoemosional yükü artır”

Psixoloq Aynurə Əfəndiyevanın fikrincə, məktəbə daxil olmaq uşağın həyatında yeni mərhələdir. Əksər uşaqlar məktəbə gedəcəyi günü səbirlə, həyəcanla gözləyirlər. Bəziləri isə bu əlamətdar hadisəni heç kəsə məlum olmayan qorxu və həyacanla qarşılayır. Təsəvvür edin, onu bir başa olaraq ailə qayğısından qopardırıq, yəni onu oyuncaqlarından, nağıllarından ayırırıq, məsuliyyəti yukləyirik. Belə uşaqlarda cəmiyyətdə özünütəsdiq dövrü sıfra enir. Məktəbə yaşı çatmayan azyaşlı uşaqlarda fəsadlar sonradan özünü büruzə verməyə başlaya bilər. Məsələn, 4-5-ci sinifdə uşaq artıq özünü yorğun hiss edir. Amma uşaq 11 il oxumalıdır. Valideyn təlaş keçirir ki, uşaq xəstələnib. Lakin uşaqda heç bir xəstəlik aşkar olunmur və heç kim də başa düşmür ki, bu uşaq vaxtından əvvəl məktəbə gedib. Uşağın psixoemosional yükü artır”.

“7 ay xüsusi müəllim tutub hazırlaşdırdım”

Valideyn Baxşəliyeva Əfşan deyir ki, övladı bu il birinci sinfə gedəcək. Sentyabrda 6 yaşı tamam olmasına 5 günü çatmır: “Mən də hər bir valideyn kimi övladımın məktəbə getməsini istəyirəm. Amma 6 yaşının tamam olmasına 5 gün çatmır. Mən də övladıma 7 ay xüsusi müəllim tutub hazırlaşdırdım. Lakin bu gun keçirilən müsahibədən keçə bilmədi, 10 bal toplaya bildi. Dedim, oğlan uşağıdır, heç olmasa, yaşıdlarından geri qalmasın. Çox həyəcan keçirdim”.

Digər bir valideyn Yeganə Əliyeva isə övladının dekabr ayının 21-də 6 yaşı tamam olacağını bildirdi: “Övladımın məktəbə getməyə çox həvəsi olduğuna görə biz də bu testdən keçməyi qərara aldıq. Amma uşaq həyəcandan bildiyini deyə bilmədi. Neyləmək olar, gələn ili gözləməli olduq”.

Övladları birinci sinfə qəbul olan valideynlər isə çox sevincli görünürdülər.

Valideynlər onu da bilməlidirlər ki, heç də tələsmək lazım deyil, onsuz da zaman onları istədiyiniz yaşa və mərhələyə çatdıracaq.

 

Məqalə Qiyməti