Akif Hacıyevə borclu universitet əsas

Fərman nəbiyev: Akif Hacıyev
Akif Hacıyev

MPİ-nin yarandığı ilk illərdə mütəxəssis sarıdan əziyyət çəkən institut məhz rektorun qayğısı, köməyi sayəsində çoxsaylı kadrlar yetişdirməyə müvəffəq olub

 

İyulun 24-də  Azərbaycan Respublikasının Prezidenti Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universitetinin  (MDU) yaradılması haqda sərəncam  verib. Eyni zamanda Azərbaycan Müəllimlər İnstitutunun bir neçə filialının ləğvi barədə fərman  imzalayıb. Ləğv olunanlardan biri də Mingəçevirdəki filialıdır.  Onun maddi-texniki bazası MDU-nun tabeliyinə keçib. Ölkə başçısı Nazirlər Kabinetinə Mingəçevir Dövlət Universitetinin yaradılması ilə bağlı digər məsələləri həll etməyi tapşırıb.

Sual olunur: Nə üçün AMİ Mingəçevir filialı ləğvə getdi? Əslində artıq üçüncü il idi ki, filiala qəbul dayandırılmışdı. Oradakı xoşagəlməz ab-havadan, məktəbə rəhbərlik edən müxtəlif şəxslərin dövründə rüşvətin adi normaya çevrilməsindən əksəriyyətin xəbəri vardı.

Amma digər ali məktəbdə-Mingəçevir Politexnik İnstitutunda təhsil tamamilə fərqlidir. Buraya valideynlər  övladlarını rüşvət vermək üçün deyil,  bilik  almaq üçün göndərirlər. Ola bilər ki, bu məktəbdə də hansısa müəllim neqativ hala yol verib, amma bu, çox çəkməyib, üstü açılan kimi o, rektorun qəzəbinə tuş gəlib…

Əslində biz MPİ  yaranandan indiyə qədər ona rəhbərlik edən Akif Hacıyev barədə danışmaq istəyirik. Bütün həyatını təhsilə xərcləyən bu insan Mingəçevirdə həm də memar kimi tanınır. Məhz onun təşəbbüsü və birbaşa nəzarəti ilə institutun indiki binası ərsəyə gəlib, üstəlik əlavə korpuslar, idman kompleksi, son vaxtlara qədər şəhər tədbirlərinin də keçirildiyi böyük akt zalı inşa olunub.

İnstitutun pedaqoji kollektivini də Akif Hacıyev özü yetişdirib. MPİ-nin yarandığı ilk illərdə mütəxəssis sarıdan əziyyət çəkən institut məhz rektorun qayğısı, köməyi sayəsində çoxsaylı kadrlar yetişdirməyə müvəffəq olub. Müəllimlər  elmi işlə, müdafiə ilə  bağlı Bakıya getməyə pul tapmayanda,  Akif  Hacıyev  şəxsi imkanları hesabına onları vəziyyətdən çıxarmağa çalışıb. İndiyədək MPİ-də çalışmış insanların əksəriyyəti açıqca etiraf edir ki,  A.Hacıyev olmasaydı,  nə onları bura işə götürər, nə də elmi dərəcə almalarına şərait yaradardılar...

Şübhəsiz ki, bu gün kənardan MDU-nun rəhbərliyinə gəlmək istəyənlər çoxdur. Hətta  burdakı vəzifələri də artıq “bölüşdürüblər”. İctimaiyyətdə də belə fikir yaradırlar ki, məhz onların sayəsində MPİ universitetə çevrilib. Görəsən bu adamlar başa düşürlərmi ki,  başqasının haqqına girirlər? Bəlkə doğrudan da MPİ-nin və şəxsən Akif Hacıyevin bölgə təhsilində paytaxtdakılara nümunə ola biləcək  xidmətlərindən xəbərsizdirlər? Unutmayaq: Mingəçevir Dövlət Universiteti yaranmasına görə  Akif Hacıyevə borcludur. Sabah onun başında başqası otursa belə…

 

Məqalə Qiyməti