V Yay təcrübə proqramından bəhrələnən 81 nəfərin 12-nə iş təklifi gəldi

: V Yay Təcrübə Proqramının mükafatlandırma mərasimində
V Yay Təcrübə Proqramının mükafatlandırma mərasimində

 “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi və “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı”nın birgə əməkdaşlığı çərçivəsində V Yay Təcrübə Proqramının mükafatlandırma mərasimi keçirilib. Tədbirdə  “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” və “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı”nın, məhkəmə və prokurorluq orqanlarının nümayəndələri, vəkillər, hüquq şirkəti rəhbərləri, dövlət və özəl müəssisələrin hüquqşünasları, valideynlər və tələbələr iştirak ediblər.

Tədbir  iştirakçıları Heydər Əliyevin və torpaqlarımızın istiqlaliyyəti uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İB-nin sədri Zaur Niftəliyev V Yay Təcrübə Proqramı barədə ətraflı məlumat verib. Sonra proqramıda iştirak edən tələbələrin görüntüləri təqdim edilib, onlar qrup şəklində sertifikatlarını almaq üçün səhnəyə dəvət edilib. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının  icraçı  direktoru  Nurxan Babayevi, “Business Service Center” Company şirkətlər qrupu İdarə Heyətinin sədri İkram Fikrətoğlu, “Milli Hüquq Evi”nin rəhbəri Nicat Gözəlov, Vəkillər Kollegiyasının üzvü Aqil Layıc və Gülsabah Allahverdiyeva, iş adamı Mustafa Abbasbəyli, Ombudsman aparatının hüquqşünası Günel Aslan, hüquqşünaslar Ramil Süleymanov, Anar Ramazanov, Ayaz Məmmədzadə  tələbələrə sertifikatları təqdim edib və onlara bu cür təcrübə proqramlarının vacibliyi barədə fikirlərini çatdırıblar.

Daha sonra “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”nın təşkilatçılığı ilə “Azem & Partners” hüquq şirkətinin hüquqşünas tələbələrə ayırdığı “Təqaüd” proqramına seçilənlər səhnəyə dəvət olunub. Onlara bu tədris ilinin sonuna qədər ayda 100 azn təqaüd veriləcəyini ifadə edən şirkətin nümayəndəsi Tural Əmənov bu ənənənin digər hüquq şirkətlərinə də təkan verəcəyini vurğulayıb. Birliyin Baş Katibi Ramin Nurəliyev bu layihədə dəstəyini əsirgəməyən dövlət və özəl müəsisələrin rəhbərlərinə və  hüquqşünaslara təşəkkürünü bildirib.

 V Yay Təcrübə Proqramına 85 tələbə müraciət edib, bunlardan 81-i dövlət və özəl təşkilatla məxsus hüquq şöbələri və şirkətlərində təcrübədə olub.  Onlar “Prime.az”  hüquq  şirkəti, “Azərkosmos” ASC, “Azərcon” Şirkətlər Qrupu, “Ekvita” LLC, “MGB” Law Offices, “Veysəloğlu” Holdinq, “Amerika-Azərbaycan Ticarət Palatası”, “Business Service Center” şirkətlər qrupu, “Əmanətlərin Sığortalanması Fondu”, “Azərsu” ASC, “Azərbaycan Dövlət Neft Fondu”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Atəşgah” sığorta şirkəti, “AzSığorta”, “Bank Respublika” ASC, “Azər Türk Bank” ASC, “Bank of Baku” ASC, “Milli Hüquq Evi”, “Azem & Partners” hüquq şirkəti, Bakı şəhər məhkəmələri və regionlarda bir aylıq təcrübə keçiblər. Dörd tələbə müxtəlif səbəblərdən təcrübə proqramına qatıla bilməyib. Təcrübə zamanı tələbələrin sərgilədikləri xüsusi qabiliyyət və yüksək mədəniyyət müəssisə rəhbərlərinin diqqətindən qaçmayıb. Sevindirici haldır ki,  tələbələrdən 12-si təcrübədə olduğu müəssisə tərəfindən iş təklifi alıb. Bunlardan 6 nəfəri hazırda əmək fəaliyyətinə başlayıb. Digər 6 nəfər isə ali təhsilini davam etdirdiyi üçün bu imkandan faydalana bilməyib. 

Məqalə Qiyməti