Tibbi müayinədən keç, sonra nikaha gir

Esmira: Mərkəzi Qan Bankının Mingəçevir bölməsinin müdiri Vüsalə Səfərəliyeva
Mərkəzi Qan Bankının Mingəçevir bölməsinin müdiri Vüsalə Səfərəliyeva

Ötən ilin sonunda Ali Məcəlləsində dəyişiklikdən sonra nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinəsi gündəmə gəlib.

 

İndi nikaha daxil olmaq istəyən şəxslərin hər biri talassemiya, QİÇS və siflisə görə tibbi müayinədən keçməlidirlər. Müayinədən sonra cütlüklərə ayrı-ayrılıqda məlumatlar verilir və onlarla tibbi genetik, tibbi psixoloji və ailənin planlaşdırlıması ilə bağlı söhbətlər aparılır.

İcbari tibbi müayinənin həyata keçirilməsi üçün Mingəçevir Şəhər Xəstəxanasındakı Qan Bankında lazımı şərait yaradılıb. Mərkəz hemotoloji analizator, reaktivlər və müvafiq ləvazimatlarla təmin olunub. Götürülmüş qan nümunələrinin Bakı şəhərinə çatdırılması üçün xüsusi qan xidməti avtomobili ayrılıb.

Mərkəzi Qan Bankının Mingəçevir bölməsinin müdiri Vüsalə Səfərəliyevanın dediyinə görə, təkcə iyun ayında 22 cütlük tibbi müayinə üçün xəstəxanaya  müraciət edib: “Gələcək ailənin sağlamlığı naminə nikaha daxil olmaq istəyən cütlüklərdən alınan qan nümunələri Respublika Hemotologiya və Qan İnstitutuna göndərilir, iki həftə ərzində cavablar bildirilir. Hələlik həmin cütlüklər arasında daşıyıcı xəstəliklər aşkarlanmayıb. Genetik xəstəlik daşıyıcısı aşkarlanarsa, gənclər psixoloji söhbətlərə,  həkim məsləhətinə cəlb edilir. Lakin nəticələrə baxmayaraq, ailə qurmaq istəyən gənclərin qərarı öz istəklərinə bağlıdır. Genetik xəstəliyin daşıyıcıları evləndikləri halda, qadın hamilə qalarsa, dölün ücüncü ayında Respublika Hemotolojiya Mərkəzində müayinə aparılmalı, xüsusi testlərdən keçirilməlidir. Dölün xəstə doğulması təsdiqləndiyi halda, istəyə əsasən hamiləliyə son qoyula bilər. Bununla belə, tibbi müayinənin nəticələri barədə peşə və xidməti fəaliyyəti ilə bağlı məlumata malik olan şəxslər bu məlumatları sirr olaraq saxlamalıdır. Əks halda, həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar”.

Vüsalə Səfərəliyeva nikahdan öncə verilən tibbi arayışın (bir ay müddətinə etibarlıdır) əhəmiyyətinə diqqətimizi yönəltdi: “Bəzən ailə qurarkən bir-birinin sağlamlığından  məlumatı olmayan qadın və kişi sonradan  ciddi problemlərlə üzləşir. Eyni zamanda dünyaya gətirilən  körpələrin sağlamlığı təhlükə altında olur. Nikahdan öncə tibbi müayinənin vacibliyini hər kəs başa düşməli və məcburi olub-olmamasına fikir vermədən bu prosesdən keçməlidir. Unutmayaq ki, hazırda ölkəmizdə hər səkkiz nəfərdən biri irsi xəstəlik daşıyıcısıdır. İl ərzində onlarla uşaq talessimiyya xəstəliyindən əziyyət çəkərək dünyasını dəyişir. Bəzən ana bətnində, yaxud doğularkən ölən körpələrin ölüm səbəbləri araşdırılmır. Ola bilər ki, gen daşıyıcı olan valideynlərin problemi uşaqların ölü doğulması ilə nəticələnir. Ümid edirəm ki, Azərbaycanda da nikahdan öncə müayinə öz müsbət nəticəsini verəcək, sağlam ailənin yaradılmasında müəyyən qədər təsir göstərəcək”. 

Məqalə Qiyməti