Şura ictimaiyyətə hesabat verdi

:
 

Yığıncaq iştirakçıları MPİ-nin foyesində yerli istehsal müəssisələrinin məhsulları ilə tanış olarkən

N.Bayramov ötən ili sosial layihələrin icrası baxımından uğurlu dövr kimi xarakterizə etdi
Fevralın 25-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası “2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələr”ə həsr olunub. Heydər Əliyevin büstü önünə tər çiçəklər düzüb, ümummilli liderin xatirəsini yad edən yığıncaq iştirakçıları bundan sonra Mingəçevir Politexnik İnstitutuna gələrək, məktəbin foyesində yerli istehsal müəssisələrinin məhsulları ilə tanış olublar.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov hesabat məruzəsində ötən ili sosial layihələrin icrası baxımından uğurlu dövr kimi xarakterizə edib. O, deyib ki, ümumi məhsul buraxılışı 39 faiz artaraq, 431 milyon manata çatıb. O cümlədən sənaye məhsulu istehsalı 225 milyon manat təşkil edib. Şəhərdə aparılan tikinti quraşdırma işlərinin həcimi 3,5 dəfə çoxalıb. 1738 daimi iş yeri açılıb. Birinci Avropa Oyunlarına hazırlıqla bağlı abadlıq-quruculuq işləri geniş vüsət alıb. Belə ki, 24 hündür mərtəbəli binanın fasad hissəsi və dam örtüyü xüsusi layihə əsasında müasir görkəmə salınıb. Prospekt, küçə, meydan və səkilərə dekorativ daşlar düzülüb, müasir işıq dirəkləri və rəqəmsal işıqforlar quraşdırılıb. Əhaliyə xidmət edən yaşayış binalarında 32 ədəd lift istifadəyə verilib. Əhalinin əsas istirahət güşələrindən olan teatr meydanı və güllü bağ ərazisi əsaslı təmir olunub. Heydər Əliyev parkında yenidənqurma davam etdirilir. Şəhidlər xiyabanında əsaslı təmir-bərpa tədbirləri icra edilib. Gəncə istiqamətində magistiral yolun hər iki tərəfi müasir görkəmə salınıb, yeni ağaclar əkilib.
Hesabat ilində şəhərin Mərkəzi Xəstəxanası yenidən qurularaq, müasir tibbi avadanlıqlarla təchiz olunub. Xəstə və kimsəsiz uşaqlar üçün yeni bina inşa edilib. 10 və 4 saylı məktəblər, 10 və 12 saylı uşaq bağçaları əsaslı təmir olunub. İki körpələr evi tikilib. Üç təhsil ocağının əsaslı təmiri davam etdirilib.
Ötən il 1,3 min metr magistiral su xətti, 185 min metr paylayıcı su xətti yenilənib. 6 mindən çox smart tipli su sayğacı quraşdırılıb. Hər birinin tutumu 10 min kub metr olan 3 ədəd su anbarının və 3 ötürücü nasos stansiyasının tikintisinə başlanılıb.
Şəhər ərazisində 35 min kvadrat metr yaşıllıq salınıb, sahələrin daimi suvarılması məqsədi ilə plastik borularla 6 min metr xətt çəkilib. Sözü gedən dövr ərzində şəhərin Xaldan istiqamətində girişində qaçqın və məcburi köçkünlər üçün yeni qəsəbə salınıb.
Şəhər rəhbəri vurğulayıb ki, fevral ayının 24-də prezident İlham Əliyevin Mingəçevirə səfər etməsi və görülən işlərlə tanış olması, sosial obyektlərin açılışında iştirak etməsi sakinlərdə xoş əhval-ruhiyə yaradıb.
Hesabat yığıncağında Maliyyə İdarəsinin rəisi Şahverdi İsfəndiyarov, ƏSMM-nin rəisi Elçin Abdullayev, Azərbaycan İES MMC-nin direktoru Bəhman Nəcməddinov, Təhsil şöbəsinin müdiri Sahib Məmmədov, Mərkəzi Xəstəxananın baş həkimi Yusif Quliyev, Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev, Gİİ-nin rəisi Kamal Nəcəfli görülən işlərlə bağlı fikirlərini bildiriblər.
Prezident Administrasiyasının nümayəndəsi Vəfadar Bağırov 2014-cü ildə ölkədə aparılan işlərdən və qarşıda duran vəzifələrdən, 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının həyata keçirilməsindən bəhs edib. O, vurğulayıb ki, ilk Avropa Oyunlarının bir hissəsinin Mingəçevirdə keçirilməsi bu şəhərin turizm imkanlarının artması, onun dünyada tanınması baxımından çox əhəmiyyətlidir. Natiq vətəndaşların ərzizə və şikayətlərinə baxılması, əvvəlki illə müqayisədə müraciətlərin azalması barədə danışıb, ancaq bəzi sahələr üzrə artımın qeydə alınmasından, qazdan istifadə edən abonentlərin ödənişlərdə ləngimələrə yol verdiklərindən təəssüfləndiyini bildirib.
Milli Məclisin üzvü Aydın Mirzəzadə fevralın 24-də İcra Hakimiyyəti başçısının Mingəçevirdə görülən işlər barədə ölkə başçısına məlumatını Prezident qarşısında hesabat kimi dəyərləndirib. O, bildirib ki, Bakıdan sonra ancaq Mingəçevirdə Avropa Oyunlarının keçirilməsi, 2000-dən artıq insanı işlə təmin edəcək texnoparkın salınması bu şəhərə və mingəçevirlilərə etimaddan irəli gəlir.
12 saylı məktəbin direktoru Mirzə Cavadov, əmək veteranı Tahir Məmmədov, Şəhid Ailələri Müdafiə Cəmiyyətinin sədri İranə Həsənova, Qarabağ əlili Əliağa Bəndalıyev, Ağdam RİH-nin nümayəndəsi Rafiq Hüseynov və başqalarının məktəblərin, Samux küçəsinin və Kür çayı üzərindəki körpünün əsaslı təmiri, yaşayış evlərinin mərkəzləşdirilmiş qaydada qızdırılması, DRES qəsəbəsində binaların dam ötrüyünün təzələnməsi, yeni istirahət mərkəzlərinin açılması ilə bağlı suallarını İH başçısı cavablandırıb.
Qərar layihəsinin qəbulundan sonra şəhər aktivi adından ölkə başçısına müraciət qəbul olunub.

“Mİ”

Şura ictimaiyyətə hesabat verdi

Məqalə Qiyməti