İlin ən önəmli 10 hadisəsi - nələr yaşadıq, nələr gördük...

:
 


2014 Azərbaycan üçün ziddiyyətli hadisələrlə zəngin oldu, böyük təlatümlər qeydə alınmasa da, ölkəmizə və cəmiyyətimizə yönəlik köhnə-yeni təhdidlər növbəti ilə adlayır...

2014-cü il geniş regional kontekstdə mühüm, ziddiyyətli və hətta dramatik hadisələrlə həddən ziyadə zəngin oldu və bu hadisələr Azərbaycanda ictimai-siyasi proseslərin gedişatına müxtəlif dərəcədə təsir göstərdi. İŞİD-dən və Kremlin neoimperiya planlarından qaynaqlanan qlobal hədələr, Vaşinqtonla Moskva arasında konfrontasiyanın kəskinləşməsi, enerjidaşıyıcılarının qiymətinin qəfil düşməsi və Rusiyada yetişən dərin maliyyə-iqtisadi böhran - sadalananlar bu və ya başqa şəkildə yeni risklər doğuraraq, Azərbaycan üçün seçim yükünü ağırlaşdırdı.

Lakin dünyada və bölgədə qlobal siyasi-iqtisadi risklərin görünməmiş şəkildə artmasına rəğmən, 2014-cü il bütövlükdə Azərbaycan üçün yetərincə sakit, stabil keçdi, kəskin yoxuş və enişlərlə müşayiət olunmadı. İlin ən əhəmiyyətli hadisələrinin sırasında elələri oldu ki, onları hakimiyyətin, ümumən cəmiyyətin və ölkənin aktivinə yazmaq olar. Amma elələri də oldu ki, həm hakimiyyətin, həm də bütövlükdə dövlətin nüfuzuna xələl gətirdi.

Hərtərəfli analizdən sonra biz seçimimizi ilin 10 ən mühüm hadisəsi üzərində saxladıq. Onları xronoloji ardıcıllıqla diqqətə çatdırırıq:

“Hay-küylü həbslər” dalğası
Bu ilin aprel ayından ta dekabradək Azərbaycanda tanınmış jurnalistlərin və hüquq müdafiəçilərinin - Rauf Mirqədirov, Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərov, Fərəc Kərimli, İntiqam Əliyev, Seymur Həzi, Xədicə İsmayıl və başqalarının həbsi həyata keçirildi. Eyni vaxtda bir çox QHT-lərin bank hesabları donduruldu və vətəndaş cəmiyyətinin çoxsaylı nümayəndələri guya milli maraqları satdıqları üçün təqiblərə və böhtanlara məruz qaldılar, “Qrantlar haqda” Qanuna isə sərtləşdirici əlavələr edildi.
Bütün bunlar vətəndaş cəmiyyətinə və ölkənin imicinə güclü zərbə vurdu, siyasi məhbuslar problemini ifrat həddədək kəskinləşdirdi və nüfuzlu beynəlxalq strukturlar tərəfindən hakimiyyətin sıxışdırılması üçün motiv rolu oynadı.

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi

2001-ci ildə Avropa Şurasına üzvlükdən sonra Azərbaycan ilk dəfə olaraq yarım illiyə bu mötəbər qurumun Nazirlər Komitəsinə (NK) rəhbərlik eləmək kimi şərəfli hüquqa layiq görüldü. Sədrliyin başlanması ilə əlaqədar prezident İlham Əliyev AŞ PA-nın yay sessiyasına şəxsən qatıldı və məruzə ilə çıxış elədi.

NK-da müvəqqəti sədrlik dövründə mədəniyyətlərarası dialoq və tolerantlıq məsələlərinə xüsusi diqqət verildi. Fəaliyyətin daha bir meydançası - gənclər siyasəti və idmanın inkişafı oldu.

Ölkənin bu struktura rəhbərliyi Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə sadiqliyinin yoxlanışı baxımından özünəməxsus test rolu oynadı. Lakin yarım illik sədrliyin sonuna yaxın bəlli oldu ki, hakimiyyət bütövlükdə testdən uğursuz çıxıb. Bu da insan haqlarının pozulması faktlarının artmasına görə Avropa Şurası tərəfindən Azərbaycanın çoxsaylı tənqidlərində əksini tapdı.

ATƏT Parlament Assambleyasının Bakı sessiyası

28 iyundan 2 iyuladək Bakıda ilk dəfə olaraq ATƏT Parlament Assambleyasının sessiyası keçirildi. Sessiya “Helsinki Yekun Aktı”nın 40 illiyinə həsr olunmuşdu. Tədbirin Bakı tərəfindən təklif edilən əsas mövzusu isə “ATƏT məkanında hamı üçün təhlükəsizlik” idi.
Toplantının işində 50 üzv-dövlətdən 300-dan çox deputat iştirak edirdi. Sessiyanın yekununda mühüm Bakı bəyannaməsi qəbul olundu. Bəyannamədə “Helsinki Yekun Aktı”nda əksini tapmış prinsiplərə - sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü, mübahisələrin dinc yolla nizamlanması, bərabər hüquqluluq və xalqların öz müqəddəratı təyinetmə haqqına əməl edilməsinin zəruriliyi vurğulanır. Sənəddə həmçinin Krımın ilhaqına görə Rusiyanın ünvanına xeyli tənqid yer alıb.

Cəbhədə vəziyyətin kəskin pisləşməsi və prezidentlərin Soçi görüşü

Soçi görüşü post-faktum ATƏT-in Minsk Qrupu formatına uyğun sayılsa da, hər halda, öncədən planlaşdırılmamışdı. Bu, Rusiya prezidentinin yalnız son anda digər həmsədrlərlə (ABŞ və Fransa) razılaşdırılan şəxsi təşəbbüsü idi.

Fəqət, nizamlama prosesi çərçivəsində bu görüş heç nə ilə xüsusi fərqlənmədi, yalnız təmas xəttində gərginliyin səngiməsinə müəyyən mənada yardımçı oldu. Görünür, Kremlin görüş təşəbbüskarlığına zərurət də elə bu motivdən doğmuşdu.

Genişmiqyaslı Azərbaycan-Türkiyə hərbi təlimləri

13-20 sentyabr aralığında Ali Baş Komandan İlham Əliyevin planına uyğun surətdə Azərbaycan Silahlı Qüvvələrinin bütün növləri və Türkiyə hərbi qüvvələrinin birgə iştirakı ilə genişmiqyaslı operativ-taktiki təlimlər keçirildi.

Azərbaycan öz müstəqilliyi tarixində birinci dəfə idi ki, qardaş Türkiyə hərbi bölmələrinin də qatıldığı belə sanballı təlimlər həyata keçirirdi. Bütövlükdə təlimlərdə 30 minlik şəxsi heyət, 250-dən çox zirehli texnika, 150 artilleriya vahidi, 20 təyyarə və 15 vertolyot, havadan müdafiə kompleksləri, zenit-raket kompleksləri iştirak edirdi.

Cənub Qaz Dəhlizinin əsasının qoyulması

Sentyabrın 20-də Bakıda “Əsrin kontraktı”nın 20 illiyinə və Cənub Qaz Dəhlizinin əsasının qoyulmasına dair təntənəli mərasim oldu. Mərasimdə prezident İlham Əliyev, bir sıra ölkələrin dövlət və hökumət başçıları, rəsmi şəxslər, ölkəmizdə akkreditə olunmuş əcnəbi diplomatlar, çoxsaylı xarici qonaqlar iştirak edirdi. “Əsrin müqaviləsi”nin 20 ilinin tamamında Azərbaycan bütün dünyanın diqqətini cəlb edən daha bir böyük energetik layihənin təşəbbüskarı kimi çıxış edirdi.

Cənub Qaz Dəhlizinin konturlarının cızılması baxımından TANAP və TAP layihələrinin reallaşmasına başlanması tarixi hadisə kimi qiymətləndirildi. İlham Əliyev dəhlizin əsasının qoyulmasını “Əsrin qaz kontraktı” kimi dəyərləndirdi. Avropa Komissiyasının prezidenti J. Barrozu isə Cənub Qaz Dəhlizinin “21-ci əsrin kontarkı”na çevriləcəyini bildirdi və əlavə elədi ki, “Azərbaycan heç vaxt olmadığı qədər Avropa Birliyinə yaxındır”.

Müsavat Partiyasının qurultayı

Sentyabrın 27-də Müsavatın - əsası hələ 1911-ci ildə qoyulmuş və Azərbaycan müstəqillik qazandıqdan sonra öz fəaliyyətini bərpa eləmiş, ölkənin ən qədim partiyasının dəfələrlə təxirə salınan 8-ci qurultayı reallaşdı. Qurultay onunla əlamətdar idi ki, partiyanın əvəzsiz lideri İsa Qəmbər postdan gedəcəyini öncədən bəyan eləmiş və ənənəvi praktikadan fərqli olaraq, öz varisinin - yeni başqanın müəyyənləşməsi məsələsini riskli “demokratik axarın” öhdəsinə buraxmaq qərarı vermişdi.

Nəticə etibarilə Arif Hacılı öz əsas rəqibi Qubad İbadoğlunu önləyərək seçkidə qalib gəldi. Lakin hadisələrin sonrakı inkişafının göstərdiyi kimi, Müsavatın qurultayı partiyada işlərin vəziyyətinə “dağıdıcı” təsir göstərdi.

Qubad İbadoğlu və tərəfdarları ali tədbirin qərarını şübhəyə məruz qoydular. Partiyadaxili sərt çəkişmə isə əhəmiyyətli imic itkilərinə, çoxsaylı qarşılıqlı ittihamlara, istefalara, qovulmalara, fraksiyalılığa və uzun müddət ölkənin ən populyar, nüfuzlu müxalifət partiyası olan bir təşkilatın siyasi perspektivləri baxımından qeyri-müəyyənliyə gətirdi.

Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşü

Oktyabrın 27-də Parisdə Azərbaycan və Ermənistan prezidentləri arasında Qarabağ nizamlanması çərçivəsində çoxdan planlaşdırılmış və Fransa prezidentinin təşəbbüskar olduğu görüş keçirildi. Çoxları bu görüşə danışıqlar prosesində irəliləyişin əldə olunması kontekstində müəyyən ümidlər bəsləyirdi, o cümlədən sülhməramlı estafetin uzun müddət təşəbbüsü əlində saxlayan Rusiyadan Qərb həmsədrlərinə (ABŞ və Fransaya) keçməsi kimi baxırdı.

Ancaq həmişə olduğu kimi, görüş ona bəslənən ümidləri doğrultmadı. Yeganə real pozitiv yekun o oldu ki, tərəflər dialoqun davam etdirilməsi və növbəti təmasadək Böyük Sülh Sazişi üzərində işləməyə başlamaq haqda razılığa gəldilər. Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş 2015-ci ilin sentyabrına, ABŞ-da nəzərdə tutulub.

Azərbaycan ərazisində erməni vertolyotunun vurulması

Noyabrın 12-də Azərbaycan Hərbi Qüvvələri ermənilərin “Mi-24\" hərbi vertolyotunu vurdu. Bu hadisə ziddiyyətli və ajiotaj reaksiyalara səbəb oldu. Baş verən olay Ermənistanda təcavüzün təzahürü kimi dəyərləndirildi və ən müxtəlif hədə və ittihamlara səbəb oldu.
Beynəlxalq təşkilatlar həmişə olduğu kimi, kimin haqlı, kiminsə haqsız olduğunu aydınlaşdırmalı olmadılar, yalnız həyəcan təbili çaldılar və hər iki tərəfi təmkinə çağırdılar. Azərbaycanda isə düşmən hərbi maşınının məhv edilməsi bütün vətəndaşlar tərəfindən rəğbətlə qarşılandı və ölkədə böyük coşqu yaratdı.

“Anti-Amerika kampaniyası” və Qərb sanksiyaları ilə hədə

2014-cü ilin ən son ayı - dekabr Azərbaycanda rəsmilərin “anti-Amerika (anti-Qərb) kampaniyası”nda görünməmiş miqyasda və dərəcədə iştirakı ilə xarakterik oldu. Bu kampaniya ölkədə insan haqlarının pozuntusu hallarının artması, o sırada tanınmış jurnalistlərin və hüquq müdafiəçilərinin həbsi ilə bağlı ABŞ (Qərb) tərəfdən kəskin tənqidlər və sanksiya hədələrinə hakimiyyət orqanlarının özünəməxsus reaksiyası kimi ortaya çıxdı.

Belə “anti-Amerika” kampaniyasının tonunu xeyli dərəcədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məqaləsi müəyyən edirdi. Məqalədə ABŞ-ın dünyadakı və Azərbaycana münasibətdə siyasəti tənqid olunur, həmçinin “qərbyönlü 5-ci kolon” adlandırılan qüvvələr amansız tənqidə məruz qoyulur.

Ardınca bu tənqid orbitinə demək olar, hakimiyyətin bütün strukturları və rəsmi KİV-lər qoşulu. Hücumların hədəfi isə təkcə Birləşmiş Ştatlar yox, həmçinin Qərbi Avropa ölkələri, İsrail və bəzi beynəlxalq təşkilatlar oldu.

Əksər müşahidəçilər və ekspertlər rəsmi Bakının ritorikasında belə kəskin təbliğatı dönüşü fəal və düşünülmüş rusiyayönlü oriyentasiyanın təzahürü kimi qiymətləndirdilər. Hərgah, Azərbaycanlın real kursu hələ ki müvafiq transformasiyalara məruz qalmayıb. Bu reallığı, həmçinin dövlət başçısının özünün məsələdə maraqlı şəkildə susqunluğunu nəzərə alanda hələlik tələsik nəticələr çıxarmağa dəymir.

minval.az

Məqalə Qiyməti