Seçki yaxınlaşır, amma...

:
 


Bələdiyyə seçkiləri ilə bağlı namizədlər niyə təbliğat aparmır?

Dekabrın 23-ə təyin edilən Bələdiyyə seçkilərində namizədlərin təbliğat aparmaması barədə xəbər nə qədər qəribə qarşılanmışdısa, bunun səbəbləri bir o qədər maraqlıdır. Namizədlər təbliğat aparmaqda maddi cəhətdən maraqlı deyillər. Çünki, ən azı onların seçilib-seçilməmələrindən asılı olmayaraq, buna çəkilən xərc özünü doğrultmur.

ANS TV-nin məlumatına görə, bələdiyyə seçkilərində iştirak etmək istəyən namizədlərə təbliğat aparılması üçün büdcəsindən heç bir maliyyə vəsaiti ayrılmır. Onlar bu təbliğatın aparılmasını yalnız öz şəxsi vəsaitləri hesabına reallaşdıra bilərlər.

Cibindən pul xərcləmək istəməyən namizədlər elə buna görə də təbliğat aparmağa maraqlı deyillər. Aparılan monitorinqlər nəticəsində bəlli olub ki, 14 gündən sonra keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək namizədlərdən bəziləri təbliğat üçün ən çox halda 500, ən az isə 100 manat xərcləyib. Ekspertlər namizədlərin təbliğata maraq göstərməməsinin daha bir səbəbini onların bu vəzifəyə seçildikdən sonra alacaqları əmək haqqının azlığı ilə izah edirlər. Bələdiyyə üzvləri 200, bələdiyyə sədrləri isə yerləşdiyi məkandan asılı olaraq 300-350 manat arasında məvacib alır ki, bu da ölkə üzrə orta aylıq əmək haqqından iki dəfə azdır. Üstəlik də bələdiyyələrə illik təyin edilən büdcədən yalnız 5 bələdiyyə işçisinə əmək haqqının verilməsinə icazə var. Yerdə qalan işçilərin əmək haqqısı isə yerli özünü idarəetmə orqanının topladığı vergilər hesabına ödənilməlidir ki, bələdiyyələrində vergiləri toplaması asan başa gəlmir.

Yasamal bələdiyyəsinin hazırki sədri Zakir Cəfərov deyir ki, bir bələdiyyə ildə bir dəfə gördüyü işlərin təhlilini hazırlamalıdır: “Biz isə bundan 2-3 dənə hazırlayıb bütün xalqımıza təhvil vermişik. Ancaq bununla bərabər torpaq əmlak vergisinin toplanması bizim üçün ağırdır. Açığı kiminsə qapısını döymək vergi toplamaq, kimlərləsə qarşılaşmaq bu sahədə çətinliklərimiz var”.

Mərkəzi - Şərqi Avropa ölkələrinin bələdiyyə sisteminə nəzər salsaq görərik ki, orda yerli icra hakimiyyətləri deyilən bir qurum mövcud deyil. Yəni bu gün bizim yerli icra hakimiyyətlərinin və sovet dövrünün qalığı olan mənzil istismar sahələrinin bütün səlahiyyətləri bələdiyyələrdədir. Buna görə də orda bələdiyyələrə dövlət büdcəsindən Azərbaycanla müqayisədə daha çox vəsait ayrılır.

İqtisadçı ekspert Vüqar Bayramlının sözlərinə görə, 2014-cü ildə bələdiyyələr üçün dövlət büdcəsindən 5,2 milyon vəsait ayrılıb: \"Bunu da Azərbaycanda mövcud olan 1600 bələdiyyə və hər bələdiyyənin illik büdcəsi 3 min 250 manatdır. Bununlada onların yüksək əmək haqqı verməsi mümkün deyil”.

Amma bir faktı da qeyd etmək lazımdır ki, son illərə qədər ölkə ərazisində korrupsiyaya qarşı aparılan mübarizə tədbirlərinin nəticəsində iri həcimli korrupsiya faktları məhz bələdiyyələrin fəaliyyətində aşkarlanırdı. Görünür, indi bu kanalların da bağlanması bələdiyyələrə marağı azaldıb.

Məqalə Qiyməti