Deputatlar bayramı harada keçirdilər?


Ramazan bayramı boyu hər kəs bu özəl günləri özünə xas şəkildə dəyərləndirdi. Kimi oruc tutdu, kimi bayramı evində, kimi də iş başında keçirdi. Maraqlıdır, bəs deputatlar mübarək ayda, bayramda nə etdilər?

Milli Məclisin üzvü İqbal Ağazadə ilk növbədə bayram münasibətilə bütün müsəlman aləmini təbrik etdi.

Bayram tətilində Nardarandakı bağ evlərində olduğunu söyləyən deputat başqa məkana getmədiyini söylədi.

Deputat Fəzail Ağamalı da KİV vasitəsilə Azərbaycan xalqını təbrik etdiyini dedi: “Artıq öz bayram təbrikimi xalqımıza ünvanlamışam. Bir daha qeyd edirəm ki, Ramazan bayramı müsəlman aləminin ən müqəddəs bayramlarından biri, hətta birincisidir. Bu bayram insanlara firavanlıq gətirən, humanizm aşılayan bayramdır. Bayramda bütün müsəlman dünyası əmin-amanlıq, sülh şəraitində yaşamağa üstünlük verir. Təəssüflər olsun ki, bugünkü gündə bunu demək mümkün deyil. Çünki bir sıra müsəlman ölkələrində bayramda da atəş səsləri eşidilir.

Günahsız uşaq, qoca, qadınlar həlak olurlar. İnsan olaraq bu hadisələri gördükcə lənət yağdırmaqdan özünü saxlaya bilmirsən. Bunlar hamısı ictimai-siyasi kataklizmlərdir. Allah bundan sonra hər ailəyə, millətə, dinindən, irqindən asılı olmayaraq əmin-amanlıq, xoş məramlar qismət eləsin. Bu əziz günlərdə Allah dualarımızı eşitsin. İnşallah, torpaqlarımıza qayıdış yolu açılar və biz tezliklə bu bayramı işğal altındakı torpaqlarımızda qeyd edərik. Sizi və qəzetinizin yaradıcı kollektivini də bayram münasibətilə təbrik edirəm”.

Bayram tətilindən istifadə edən Fəzail bəy hazırda gəzintidə olduğunu dedi: “Şamaxı tərəfdə idim. Oradan başqa rayona səfər etmişik. Dağ rayonlarını gəzirik. Hər rayonda 1-2 gün istirahət edərək, yay günlərini keçiririk”.

Bayramdan 3-4 gün öncə Yardımlı rayonunda olduğunu söyləyən xalq şairi, deputat Sabir Rüstəmxanlı isə hazırda yaradıcılıqla məşğul olduğunu bildirdi: “Bu yaxınlarda Yardımlıda idim. Doğulub, boya-başa çatdığım Hamar kəndi istiqamətində çəkilmiş yolun açılış mərasiminə qatılmışdım. Mənim üçün ən gözəl bayram hədiyyəsi elə o oldu. Hazırda isə evdəyəm və yaradıcılıqla məşğulam”.

Öz növbəsində Milli Məclisin xanım üzvü Qənirə Paşayeva qəzetimizə açıqlamasında deputat seçildiyi Tovuz rayonundan təzəcə qayıtdığını söylədi: “Ramazan ayı boyunca tez-tez Tovuzda oldum. Bayramı da rayonda seçicilərimin arasında keçirdim. Bakıya iyulun 28-də qayıtmışam, inşallah, 2 gün sonra yenidən qayıdacağam”.

Xanım deputat əlavə elədi ki, seçiciləri ilə tez-tez görüşür: “Hazırda Milli Məclis tətildədir. Ona görə də yaranmış boşluqdan səmərəli istifadə edib seçicilərimin yanında oluram, vaxtımın əhəmiyyətli hissəsini Tovuzda keçirirəm”.

Biz isə öz tərəfimizdən bir daha hər kəsin bayramını təbrik edirik.

\"Yeni Müsavat\"

Məqalə Qiyməti