Su-kanalizasiya çəkilişi başa çatmış küçələr asfaltlanacaq

Başçı ölkə «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif olunan aparatın işçisi Münəvvər xanıma mükfatı təqdim edib

İyulun 16-da Mingəçevir İcra Hakimiyyəti başçısı yanında Şuranın ictimaiyyət nümayəndələrinin iştirakilə geniş toplantısı keçirilib. İH başçısı Niyazi Bayramov 6 ay ərzində qazanılan uğurlardan danışıb və məruzə üçün sözü İHB-nın birinci müavini İlham İsmayılova verib.
İ.İsmayılov qeyd edib ki, birinci yarımillikdə şəhərdə abadlıq işləri (binaların fasadının müasir görkəmdə üzlənməsi, dam və asfalt örtüklərininin dəyişdirilməsi, rəqəmsal işıqforların quraşdırılması) sürətlə davam etdirilib. Bu dövrdə şəhərin sənaye müəssisələrində 105 milyon manatlıq məhsul istehsal edilib və istehlakçılara göndərilib.
Birinci müavin bildirib ki, regionların sosial-iqtisadi inkişafı üzrə III Dövlət Proqramında Mingəçevirlə bağlı 14 bənd var və bu istiqamətdə ciddi işlər görülüb. Belə ki, mərkəzi xəstəxananın əsaslı təmiri, şəhərin su-kanalizasiya sisteminin yenilənməsi, sənaye parkının salınması istiqamətində sənədləşmələrə başlanması bu proqramdan irəli gəlir. Eyni zamanda bu dövrdə yeri iş yerlərinin açılması, istilik sisteminin bərpası, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması daima diqqətdə saxlanılıb.
Azərbaycan İES MMC-nin direktoru Bəhman Nəcməddinov, Mərkəzi Xəstəxananın baş həkimi Yusif Quliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı ərazi şöbəsinin rəisi Niyazi Şirinov qazanılan uğurlardan danışıblar. DSMF şəhər şöbəsinin müdairi Cəlil Hətəmov ehtiyacı nəzərə alaraq, şəhərə 4 ədəd bankomatın gətirilməsinə qərar verildiyindən, şəhər İşıqlandırma İdarəsinin rəisi Rafiq Əsgərov isə qənaətlə işləyən və daha çox işıqlanmaya şərait yaradan lampaların küçə və paklarda quraşdırılmasından söhbət açıblar.
“Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev diqqəti küçə və yolların hədsiz çirklənməsiylə bağlı problemə yönəldib. O, qeyd edib ki, bir neçə küçədə su-kanalizasiya xətlərinin quraşdırılması başa çatsa da, qazılıb dağıdılmış ərazilər əvvəlki vəziyyətinə qaytarılmayıb: “Şəhərdə atmosfer havasının çirkləndirilməsi yəqin ki, ekologiya idarəsinin və mərkəzi xəstəxananın diqqət mərkəzindədir. Belə vəziyyət xəstəliklərin törənməsi və yayılması üçün münbit şərait yaradır”.
Mingəçevir İcra Hakimiyyəti başçısı Niyazi Bayramov yük maşınlarının asfalt örtüyünü sıradan çıxardığını, bu gündən etibarən su-kanalizasiya çəkilişi başa çatmış küçələrin, o cümlədən Maqomayev prospektinin, Gəncə şosesinin asfaltlanmasına başlanacağını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Tədbirin sonunda İcra başçısı ölkə prezidentinin sərəncamı ilə «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif olunan aparatın işçisi Münəvvər xanıma mükfatı təqdim edib və uğurlar arzulayıb.

F.Bəhramoğlu
Su-kanalizasiya çəkilişi başa çatmış küçələr asfaltlanacaq

Məqalə Qiyməti