Kəlbəcərdə girov götürülən azərbaycanlının çəkdiyi kadrlar


Millət vəkili: \"Doğma torpaqlarına gedən vətəndaşımız cinayətkar ola bilməz\"

Sosial şəbəkələrdə Kəlbəcərdə ermənilər tərəfindən saxlanıldığı deyilən Dilqəm Əsgərov adlı azərbaycanlının bir neçə il əvvəl doğma torpaqlarında olmasına dair videokadrlar yayılıb.

Mi-news.az –ın ANS PRESS-ə istinadən məlumatına görə, bu kadrlardan da görmək olur ki, Dilqəm Əsgərov dəfələrlə doğulduğu işğal altında olan Kəlbəcər rayonunda olub. Kadrlardan göründüyü kimi ermənilər işğal etdikləri torpaqlarda qəbirlərimizi dağıdıb, tanınmaz hala salıblar. Kəndlərdə isə yaşayış demək olar ki, yoxdur. 2007-ci ilin iyun ayında çəkildiyi ehtimal olunan videokadrlarda Dilqəm Əsgərovun doğulduğu, uşaqlıq illərini keçirdiyi torpaqları seyr etmək, valideynlərinin qəbirlərini ziyarət etmək olduğunu görməmək mümkün deyil. Bomboş qalan torpaqlarımıza baxan Dilqəm tez-tez köks ötürür və bütün azərbaycanlıları doğma yurd-yuvalarına qayıtmağa çağırır.

Videokadrları izlədiyini deyən millət vəkili Zahid Oruc ANS PRESS-ə bildirdi ki, son günlər ermənilər tərəfindən saxlanılan şəxslər öz torpaqlarına, doğulduğu yurd-yuvalarına gediblər. Onları çəkib aparan məhz vətən, torpaq sevgisidir. Onların hər hansı bir şəkildə ermənilər kimi şəbəkələşmiş terror fəaliyyəti olmayıb. Heç erməni mətbuatında da onların dinc sakinlərə qarşı cinayət törətdiyi barədə məlumatlar yoxdur.

“Ermənistan mediasında xəbər yayılıb ki, Azərbaycanın böyük bir diversiya qrupuna qarşı qarşı əməliyyat keçirilib. Onlar elə hesab edirlər ki, azərbaycanlıların belə bir obrazını yaratmaqla hər cür təhlükənin Azərbaycandan qaynaqlandığını dünyaya təqdim etməklə ölkəmiz əleyhinə hansısa beynəlxalq ictimai fikir formalaşdırırlar. Bu vasitə ilə də Azərbaycanın diplomatik uğurlarına zərbə endirməyə çalışırlar. İkinci tərəfdən isə Ermənistan hökuməti öz cəmiyyətinə “qəhrəman” erməni kəşfiyyatçılarının, güc strukturlarının gücünü təqdim etmək istəyirlər. Guya onlar təpədən dırnağa silahlanmış, ermənilərə qarşı kütləvi qətllər törədə biləcək şəxsləri zərərsizləşdiriblər. Halbuki onların KİV-ə təqdim etdiyi videoçarxlarda da aydın görmək olur ki, bu fikirlər tamamilə yanlışdır. Yayımlanan videoçarxlar ermənilərin özlərini ifşa edir. Çünki adı çəkilən şəxslər Azərbaycanın ərazisinə öz torpaqlarına, doğulduğu yurd-yuvalarına gediblər. Onları çəkib aparan məhz bu qüvvədir. Həmvətənlərimizi o torpaqlara çağırmaqla da əsas məqsədlərini açıq deyirlər. Onların məqsədi kimlərəsə zərbə endirmək deyil. Ermənilərin mənfur sifətini təqdim etməkdən daha çox öz ərazilərimizə qayıdışı tələb etməkdir. Öz evinə, yurduna, bulağının başına, uşaqlığını keçiridiyi yerlərə gedən vətəndaş cinayətkar ola bilməz. Bu elə ATƏT-in Minsk Qrupu üçün də bir siqnaldır ki, insanlar artıq könüllü qərar verirlər ki, qurumun fəaliyyəti sıfıra bərabərdir. Bizim yeganə çıxış yolumuz hər gün yuxuda gördükləri ərazilərə bu vasitə ilə qayıtmaqdır. Partizan hərəkatı ilə olsa da”, deyə Zahid Oruc bildirib.

Millət vəkili qeyd edib ki, həmin şəxslərin Azərbaycana qaytarılması üçün dövlətimizin müvafiq qurumları daha hüquqi dəlillərlə çıxış edəcək.

Məqalə Qiyməti