`YAP-a qəbul sərtləşdirilib`


“Hər bir siyasi partiya yaradılanda onun məqsəd, vəzifələri olmalı, eləcə də o ideya, ideologiyanı dəstəkləyən sosial baza və elektorat olmalıdır”

Mi-news.az azVision.az-a istinadən xəbər verir ki, bunu sia-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Sülhədddin Əkbərin sədrliyi ilə fəaliyyətə başlayan Azad Demokratlar Partiyasının təsis olunmasına münasibət bildirərkən deyib.

YAP rəsmisinin sözlərinə görə, hansı partiyanın yaranmasından asılı olmayaraq onun sosial bazası və elektoratı olmadığı təqdirdə onun adını nə qoyursan qoy və hansı vəzifəni seçirsən seç bunun heç bir əhəmiyyəti yoxdur: “Təbii ki, Sülhəddin Əkbər də fəaliyyəti dövründə bir neçə partiya dəyişib. Bu adları nə qədər dəyişirsən dəyiş amma mahiyyət dəyişmir. Mahiyyət dəyişmədiyi təqdirdə əgər insanların bu partiyaya etimadı yoxdursa ona hansı adın qoyulmasından, kimin rəhbərlik etməsindən asılı olmayaraq heç bir əhəmiyyət daşımır. İnsanlar 20 illik siyasi fəaliyyət dövründə hər bir siyasətçinin necə fəaliyyət göstərdiyinin şahidi olublar, eləcə də onların cəmiyyət üçün nə qədər sərfəli olduğunu, cəmiyyətin maraqlarının hansı səviyyədə təmsil olunduğunu görüblər. Təbii ki, bunun nəticəsi olaraq da onlar siyasi partiyalara üz tuturlar.

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) hakim partiyaya qəbul məsələsini çox sərtləşdirib. Bu gün həddindən artıq insan YAP-a üzv olmaq üçün müraciət edir. İl ərzində təxminən 35-40 minə yaxın insan hakim partiyaya üzv olur. Məhz ona görə də biz getdikcə tədricən bunu yavaş-yavaş sərtləşdiririk. Çünki insanlar görür ki, burada hər bir insan üçün prespektiv və siyasi meydan mövcuddur. Eləcə də burada siyasi fikirləri bölüşdürmək, insanlarla ünsiyyət qurmaq və cəmiyyət həyatında aktiv iştirak etmək üçün hər bir şərait var. Əgər biz digər partiyalara nəzər salsaq görərik ki, rəhbərlik etdikləri siyasi təşkilatı özlərinin manapoliyasına çeviriblər. Belə ki, həmin partiya sadəcə olaraq 3-5 insanın təsir dairəsindədir. Təbii ki, onlar bu təsir dairəsindən də kənara çıxa bilmirlər. Orada nə gənclər üçün fəaliyyət meydanı var, nə partiyadaxili islahatlar həyata keçirilir, nə də partiyanın ayrı-ayrı strukturları fəaliyyət göstərir. Sadəcə 3-5 nəfər həmin partiyanın adından mətbuat orqanlarında çıxış etməklə işlərini yekunlaşmış kimi göstərirlər. Azərbaycanda siyasi partiyaların əksəriyyəti bu vəziyyətdədir. O baxımdan da hesab edirəm ki, Sülhəddin Əkbərin hansı partiya yaranmasından asılı olmayaraq o partiya heç bir sosial bazaya və elektorata malik olmayacaq”.

Məqalə Qiyməti