Mingəçevir və Yevlaxda əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükü xeyli azaldılıb

: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2017-ci il üzrə illik hesabatını açıqlayıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2017-ci il üzrə illik hesabatını açıqlayıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhəri və Yevlax rayonunun inzibati ərazilərində həyata keçirilən pilot layihənin yekunlarına dair hesabatını açıqlayıb. İllik hesabatda  Agentliyin fəaliyyəti, ilkin səhiyyə xidmətlərinin təkmilləşdirilməsi və tibbi xidmətlərinin təşkili sahəsində əldə olunan nəticələr, icbari tibbi sığorta sahəsində görülən işlər barədə məlumatlar öz əksini tapıb.

Hesabat dövrü ərzində pilot ərazilərdə sığorta olunanların və rəsmi qeydiyyatda olan məcburi köçkünlərin ümumi sayı 256 401 nəfər təşkil edib.

Layihə çərçivəsində 1829 sayda ödənişsiz tibbi xidmətə təminat verilir ki, bunlardan 480-ni ambulator, 677-si stasionar, 6-sı təcili və təxirəsalınmaz, 18-i ilkin səhiyyə, 23-ü isə fizioterapevtik tibbi xidmətlərə aiddir. Həmçinin 459 laborator müayinəyə və 166 həyati vacib, dəyəri yüksək xidmətlərə təminat verilir.

Ödənişsiz tibbi xidmətlərlə təmin edilmiş əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükü xeyli azaldılıb və baza (əsas xidmətlər) zərfi çərçivəsində əhali tərəfindən birbaşa çəkilən xərclər 100 faiz həcmində aradan qaldırılmışdır.Həmçinin icbari tibbi sığortanın başlıca məqsədlərindən olan əhalinin tibbi xidmətlərə əlçatanlığı təmin edilib. Hesabatda qeyd edilən göstəricilərə əsasən, pilot ərazilərdə 2016-cı il illə müqayisədə stasionar qəbul 21 faiz, cərrahi əməliyyatların sayı isə 33 faiz artıb. Həyata keçirilmiş cəmi əməliyyatların sayı 8274 olub. Həyati vacib əməliyyatların sırasında ümumi payı 80 faiz və dəyəri 1.7 milyon manat olmaqla ürək-damar xəstəlikləri üzrə əməliyyatlar əsas yeri tutur. Statistikaya əsasən ürək-damar cərrahiyyəsi üzrə 375 nəfərə 980 tibbi xidmət göstərilib.

Beynəlxalq təcrübənin tətbiqi nəticəsində xəstəxanada yatış müddəti  azalıb və  xəstənin çarpayıda keçirdiyi günlərin orta sayı optimallaşdırılıb. Belə ki, 2016-cı il illə müqayisədə Mingəçevir şəhəri ərazisində xəstələrin çarpayıda keçirdiyi günlərin orta sayı 9.5-dən 4.8-ə, Yevlax rayonu ərazisində isə 16.5-dən 7.3-ə enib.

Pilot layihənin həyata keçirildiyi müddətdə xidmətə görə ödəniş mexanizminin əsası qoyulub, işçilərin əmək haqları artırılıb və   beynəlxalq təcrübədə geniş vüsət almış adambaşına ödəniş metodu tətbiq edilib.

Pilot layihə müddətində səhiyyə xərclərinin maliyyələşməsinə çəkilən xərclərin təhlili göstərir ki, pilot ərazilərdə adambaşına düşən səhiyyə xərci kapital qoyuluşlar nəzərə alınmaqla 114 manat, böyük kapital qoyuluşlar nəzərə alınmamaqla 93 manat civarında təşkil edir.

2017-ci il ərzində ümumilikdə pilot layihə çərçivəsində səhiyyə xərclərinin maliyyələşdirilməsinə 26.2 milyon manat vəsait sərf edilib ki, bunlardan 21 milyonu xəstəxanaların, 3 milyonu ilkin səhiyyə xidməti üzrə təkmilləşdirilmə işlərinin, 2.2 milyonu isə müqaviləli tibb müəssisələrinin  payına düşür.

Səhiyyəyə ayrılan vəsaitlərin qənaət edilməsi və maliyyə vəsaitlərinin səmərəli xərclənməsində informasiya texnologiyalarının böyük rol oynadığını nəzərə alaraq, hesabat dövründə səhiyyə xidmətlərinin elektronlaşması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Sığorta ödənişlərinin vaxtında icrası və hesabatlılığın gücləndirilməsi üçün pilot layihə başladıqdan sonra xəstəxanalar kompüterlər və proqram təminatları ilə təchiz edilib, nəticədə müəssisədaxili fəaliyyətin 80 faiz elektronlaşmasına nail olunub.

Hesabat dövrü ərzində ilkin səhiyyə xidməti yenidən təşkil olunaraq onun maddi-texniki bazası və infrastrukturu təkmilləşdirilib. Yevlax rayonu inzibati ərazisi üzrə sanitar-epidemioloji tələblərə cavab verən 5 ilkin səhiyyə müəssisəsi (Yevlax şəhəri, Malbinəsi kəndi, Qaramanlı kəndi, Xaldan və Aran qəsəbələrində), Mingəçevir şəhəri üzrə isə 2 ilkin səhiyyə müəssisəsi təşkil olunub. Burada 18 adda tibbi xidmət ailə həkimləri tərəfindən təmin edilir.

Eyni zamanda qeyd edilməlidir ki, icbari tibbi sığortanın maliyyə və hüquqi əsaslarını tənzimləyən normativ hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi icbari tibbi sığortanın 2019-cu ildə ölkə üzrə tətbiqini şərtləndirən ən başlıca amillərdəndir. Bu səbəbdən də təklif olunur ki, Agentlik tərəfindən hazırlanmış yeni “İcbari tibbi sığorta haqqında” qanun layihəsi və  digər aidiyyəti normativ hüquqi aktların layihələri müvafiq orqanlarla razılaşdırılmaqla qısa zamanda Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilsin.

İcbari tibbi sığorta üzrə pilot layihənin tətbiqinə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 01 yanvar 2017-ci il tarixindən başlanıb. Layihə müddətində əhalidən sığorta haqları toplanılmayıb.

Məqalə Qiyməti