Pilot ərazilərdəki tibbi xidmət şəbəkəsi və resurslardan necə istifadə olunur?

: Tibbi sığorta mövzusunda ictimaiyyət nümayəndələri ilə görüş zamanı
Tibbi sığorta mövzusunda ictimaiyyət nümayəndələri ilə görüş zamanı

Prezident İlham Əliyevin 2016-cı il 29 noyabr tarixli Fərmanına əsasən,  Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilib. 2017-ci il yanvarın 1-dən həmin qurumların maliyyələşdirilməsi, inventarizasiyası və kadr məsələlərinin tənzimlənməsini agentlik həyata keçirir. Məqsəd icbari tibbi sığortanın sınaqdan keçirilməsinin təşkili, müvafiq araşdırma və təhlillərin yerində aparılması, pilot layihənin gedişatına bilavasitə nəzarət edilməsi və bununla bağlı digər işlərin vahid mərkəzdən idarə edilməsindən ibarətdir.

Artıq yeni formada tibbi xidmətin təşkilindən 7 aya yaxın ötür. Bu müddətdə pilot ərazilərdəki tibbi xidmət şəbəkəsi və resurslardan necə istifadə olunur? Əhaliyə yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsi təmin edilirmi?

“Sağlamlıq Naminə Humanitar Təbabət” İctimai Birliyinin  rəhbəri Sadiq Həmzəyev və ekspert-məruzəçi İsmayıl Kərimovun   Mingəçevirdəki QHT Forumunun konfrans zalında ictimaiyyət nümayəndələri ilə iyulun 21-də görüşü zamanı bu suallar ətrafında fikir mübadiləsi aparılıb. Vurğulanıb ki,  bütün sosial dövlətlər kimi Azərbaycanda da əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək ölkəmizin Əsas Qanunundan irəli gəlir.

“1999-cu ildə qəbul edilən İcbari tibbi sığorta haqqında qanun həyat əhəmiyyətli normativ aktlardandır.   Nəhayət, qanunun tətbiqi üçün iki bölgənin ərazisi eksperiment olaraq götürülüb, 1800-ə qədər xidmət sığorta paketinə daxil edilib.   Yaxşı olardı ki, dövlət xəstəxanası ilə bərabər bir özəl klinika da bu prosesə  cəlb olunaydı. Nəticədə  dövlət və özəl müəssisələr arasında rəqabət mühiti yaranardı”-İ.Kərimov belə deyib. O, əlavə edib ki, insanlar yaxşı para qazandıqca sağlamlıqlarına kifayət qədər vəsait yatırırlar:   “İnsanlar  başa düşürlər ki, xəstələndikdə həkimə rahatlıqla müraciət edəcəklər, pul dərdi çəkməyəcəklər.  Sığorta şirkətləri də müxtəlif xəstəxanalara gedərək,  daha çox müqavilələr bağlamağa  çalışırlar.”   

Görüşdə ictimaiyyət nümayəndələri sığorta fəaliyyətinə cəlb olunan dövlət xəstəxanasında  bəzi həkimlərin  laqeyd  münasibətindən danışıblar. S.Həmzəyev isə diqqətə çatdırıb ki, belə münasibət yolverilməzdir: “Biz  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşlarını da burda görmək istərdik. Müraciət də etmişdik, nəinki gəlmədilər, hətta tədbirimizin keçirilməsinə mane olmaq istədilər”.

Görüş Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İcbari Tibbi Sığortanın tətbiqi ilə bağlı pilot ərazilərdə həyata keçirilən fəaliyyətlərə dəstək”  layihəsi çərçivəsində baş tutub. Mayın 1-dən başlanan layihə oktyabrın sonunda başa çatacaq.  

Məqalə Qiyməti