Azərbaycanda səhiyyənin təşkili məsələsində Əziz Əliyev xidmətlərindən danışılıb

: Göyçayda Əziz Əliyevin  yubileyi
Göyçayda Əziz Əliyevin yubileyi

  Göyçay rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində  elm xadiminin 120 illik yubiley qeyd olunub


 Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin həyat yolu hər bir mərhələdə elmi, pedaqoji, ictimai və dövlət fəaliyyəti sahələri ilə zəngin olub. Əziz Əliyev müxtəlif məsul vəzifələrdə çalışaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyət göstərib, respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr verib.

 

Bu fikirlər Göyçay rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə səsləndirilib. Əziz Əliyevin 120 illik yubileyinə həsr olunan konfransda rayon icra hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova, rayon mərkəzi xəstəxanasının baş həkimi Elçin Bilalov çıxış edərək görkəmli elm adamının ömür yolundan və Azərbaycanda səhiyyənin inkişafındakı xidmətlərindən danışıb. Natiqlər bu yubileyin yüksək səviyyədə keçirilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamı tədbir iştirakçılarının nəzərinə çatdırıblar.

Qeyd olunub ki, Əziz Əliyev 1897-ci il yanvarın 1-də İrəvan quberniyasının Hamamlı kəndində anadan olub. 1908-ci ildə İrəvandakı gimnaziyaya daxil olub və 1917-ci ildə gimnaziyanı bütün fənlər üzrə əla qiymətlərlə bitirib. Əziz Əliyevin Bakı həyatı 1923-cü ildən başlayıb. 1927-ci ildə Bakı Dövlət Universitetinin tibb fakültəsini bitirən Əziz Əliyev İkinci Dünya müharibəsi illərində Azərbaycanda səhiyyənin təşkili məsələsinə xüsusi diqqət yetirib, səhiyyə sahəsində problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görüb. O, sonrakı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru, Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru, həmçinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifələrində işləyib. Tədbirdə diqqətə çatdırılıb ki, Əziz Əliyev bu xidmətləri ilə yanaşı həm də gözəl ailə başçısı olub.

Konfransda Göyçay rayon Mərkəzi Xəstəxanasında baş həkimin müavini Ləman Hacıyeva “Azərbaycan səhiyyəsinin inkişafında Əziz Əliyevin rolu”, oftalmoloq həkim Şəfaət İmranova “Əziz Əliyevin ictimai-siyasi və dövlətçilik siyasəti”, mama-ginekoloq həkim Tamella Əsgərova “Əziz Əliyev Azərbaycanda tibb elminin təşkilatçısı kimi” mövzusunda məruzə edib. 

Məqalə Qiyməti