Əli Əhmədov Mingəçevirə gəlib

: Baş nazirin müavini Əli Əhmədov Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında
Baş nazirin müavini Əli Əhmədov Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında

Yanvarın 17-də Baş nazirin müavini Əli Əhmədov Mingəçevir şəhərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi sahəsində görülən işlərlə maraqlanıb

 

Baş nazirin müavini Əli Əhmədov əvvəlcə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasındakı müasir tibbi avadanlıqlarla tanış olub, səhiyyə işçiləri ilə görüşüb. O, bildirib ki, Mingəçevirin pilot ərazi olaraq seçilməsi təsadüfi deyil. Belə ki, Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən tədbirlər nəticəsində bu şəhərdə səhiyyə infrastrukturu xeyli dərəcədə yaxşılaşdırılıb: “Xəstəxana binası əsaslı şəkildə yenidən qurulub, burada müasir infrastruktur yaradılıb, səhiyyə ocağı yeni tibbi avadanlıqlarla təchiz edilib. İndi isə qarşımızda duran əsas məqsəd şəhərdə icbari tibbi sığortanın tətbiq olunmasıdır”.

Şəhərdə icbari tibbi sığortanın tətbiqinə dair pilot layihələrin əhəmiyyətinə toxunan Baş nazirin müavini diqqətə çatdırıb ki, Mingəçevir və Yevlaxda əsası qoyulan bu pilot layihələrin gələcəkdə bütün respublikanı əhatə etməsi nəzərdə tutulub: “Mingəçevirdə icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi üçün lazımi şərait yaradılıb, müvafiq qurumlar qarşısında konkret vəzifələr müəyyənləşdirilib”.

Əli Əhmədov qeyd edib ki, bütün dünyada səhiyyə icbari tibbi sığorta əsasında maliyyələşir. Bu, səhiyyənin maliyyələşməsinin yeni, müasir formasıdır. Bunu həyata keçirməkdə əsas məqsəd əhalinin tibbi xidmətlərə daha asan şəkildə əlçatanlığını təmin etmək və tibbi xidmətlərin keyfiyyətini yaxşılaşdırmaqdır.

Dövlətin səhiyyəyə ayırdığı vəsaitlərdən səmərəli istifadə edilməsində icbari tibbi sığortanın əhəmiyyətini vurğulayan Əli Əhmədov deyib ki, məqsəd dövlət tərəfindən ayrılan vəsaitlər hesabına vətəndaşlara daha yüksək səhiyyə xidmətləri göstərməkdir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev 2017-ci ildə Mingəçevirdə görüləcək işlər haqqında Əli Əhmədova məlumat verib. O, qeyd edib ki, agentlik tabeliyinə verilən tibb müəssisələrinin maliyyələşdirilməsi, inventarizasiyası və kadr məsələlərinin tənzimlənməsini həyata keçirəcək: “Bununla yanaşı tibb müəssisələri şəbəkəsinin və mövcud resursların optimallaşdırılması, əhalinin icbari tibbi sığorta ilə əhatə olunması, tibb müəssisələrinin idarəçiliyinin icbari tibbi sığortanın tələblərinə uyğunlaşdırılması sahəsində ciddi islahatlar aparılacaq, səhiyyənin maddi-texniki bazasının kadr potensialını gücləndirmək məqsədilə də tədbirlər həyata keçiriləcək”.

Məqalə Qiyməti