İcbari tibbi sığorta Mingəçevirdə

: İcbari Tibbi sığortanın  pilot layihə kimi Mingəçevirdə başlanması ilə bağlı konfrans keçirilib
İcbari Tibbi sığortanın pilot layihə kimi Mingəçevirdə başlanması ilə bağlı konfrans keçirilib

Oktyabrın 19-da Heydər Əliyev Mərkəzində İcbari Tibbi sığortanın  pilot layihə kimi Mingəçevirdə başlanması ilə bağlı konfrans keçirilib

Öncə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, ölkə rəhbəri İlham Əliyevin  təşəbbüsü ilə Azərbaycanda icbari tibbi sığorta sisteminin icraasına start verilib: “Sevindirici haldır ki, pilot layihə kimi icrbari tibbi sığortanın Mingəçevir şəhərində başlanması hər birimiz üçün sevindirici haldır. Bu günkü  tədbiri isə respublikamızda icbari tibbi sığortanın başlanğıcı kimi qiymətləndirirəm”.

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib ki, sentyabr ayında Prezidentin Mingəçevirə səfəri yeni iqtisadi imkanlar açıb: “Bu səfərin şəhərin gələcək taleyində mühüm rol oynayacağına əminəm. Mingəçevir iqtisadi potensialı olan şəhərdir.  İqtisadi imkanların yüksəlməsi əhalinin həyat səviyyəsinə, o cümlədən səhiyyə xidmətlərindən istifadəsinə də təsir göstərir.”

Zaur Əliyev Tibbi sığorta haqqında ətraflı məlumat verib: “Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentiyi 2016-cı ilin fevralından fəaliyyətə başlayıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentiyinin yaradılması hökumətin sosial siyasətinin yeni istiqamətidir. Cənab İlham Əliyevin tapşırığına əsasən ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi əsas məsələlərdən biridir. Agentliyin əsas  məqsədi  səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarda qurulmasını təmin etmək, əhalinin tibbi xidmətlərdən istifadə imkanlarını artırmaqdır.  Agentlik səhiyyə sahəsinə ayrılan  vəsaitlərin daha səmərəli istifadə edilməsi ilə əhalinin sağlamlığının yaxşılaşdırılmasına xidmət edir.  İcbari tibbi sığortanın tətbiqi səhiyyə sisteminin maliyyə potensialını gücləndirəcək. Bu, mahiyyət etibarı ilə səhiyyənin maliyyələşməsinin fərqli formasıdır. Burada söhbət tibbi xidmətin keyfiyyətinin daha da artırılmasından, ayrılan dövlət vəsaitlərinin ünvanlı və səmərəli xərclənməsinin təmin edilməsindən gedir. Çünki icbari tibbi sığorta vətəndaşların maraqlarının və sağlamlığının qorunması sahəsində dövlətin sosial müdafiə sistemidir. Bu, hökumətin sosial layihəsidir”.

Natiq həmçinin tibbi sığortanın əhəmiyyətindən söhbət açıb: “Hazırda dövlət xəstəxanaları dövlət büdcəsi, özəl xəstəxanalar isə vətəndaşların maliyyə vəsaitləri hesabına maliyyələşir. Lakin icbari tibbi sığorta tətbiq olunduqdan sonra bütün risklər və vəsaitlər bir hovuzda cəmləşəcək. Toplanan vəsaitlərdən sığortaolunan vətəndaşların tibbi xərclərinin ödənilməsi üçün istifadə ediləcək.Vətəndaş sığortalıdırsa, o tibbi xidmətlər sarıdan narahat olmayacaq. Biz Agentlik olaraq bütün vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsinə təminat veririk”.

Zaur Əliyev aztəminatlı ailələrin, əlillərin , pensiyaçıların, uşaqların, tələbələrin, rəsmi işsizlik statusu olan vətəndaşların, təqribən 4 milyon vətəndaşın sığorta haqqının dövlət tərəfindən ödəniləcəyiini də nəzərə çatdırıb: “Ümid edirik ki, layihə Mingəçevirdə uğurla gerçəkləşdiriləcək və qısa zamanda bütün ölkə ərazisində tətbiq olunacaq.”

Daha sonra Səhiyyə Nazirliyinin Sanitar Epidemoloji nəzarət sektorunun müdiri Viktor Qasımov səhiyyə sahəsində aparılan islahatlar və son dövrlərdə görülmüş işlər barədə  məlumat verib.

Millət vəkilləri Musa Urud  və Məlahət İbrahimqızı  icbari tibbi sığortanın əhəmiyyətindən və bu pilot layihənin məhz Mingəçevir şəhəri və Yevlax rayonunda həyata keçirilməsinin sevindirici hal olduğundan danışılar: ”Yevlax və Mingəçevir icbari tibbi sığortanın başlanğıc nöqtəsi olaraq, bu tipli islahatların aparılmasına istinad mənbəyi olacaq”.

Konfransın sonunda suallar cavablandırılıb.

Məqalə Qiyməti