Dünyaya sağlam uşaq gətirmək üçün ana özü sağlam olmalıdır

Yeganə Nəbiyeva: Səhiyyə
Səhiyyə

26 noyabr 2015-ci il tarixdə  10 saylı orta məktəbdə “Ginekologiya və Parinatologiyanın inkişafına dəstək”  İctimai Birliyi tərəfindən “Qadınların reproduktiv sağlamlığını qoruyaq” adlı tədbir keçirilib. Tədbirdə ictimaiyyətdə nüfuz sahibi olan xanımlar, media nümayəndələri iştirak edib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitunun elmi katibi, mama-ginekoloq Leyla Məmmədova qadınların reproduktiv sağlamlığının sirləri ilə bağlı məruzə edib. O, maarifləndirmə məqsədi daşıyan layihənin 2014-2015-ci illər ərzində Şəki, Zaqatala, Balakən, Quba, Qusar, Xaçmaz, Şirvan, Lənkaran, Masallı, Cəllabadda, Gəncə, Yevlax və Mingəçevirdə keçirildiyini nəzərə çatdırıb. Əhalinin reproduktiv sağlamlıqlarına diqqət yetirmələrinin vacibliyini deyən həkim qadınların erkən yaşda ailə qurub, övlada  sahibi olmasının  əksər hallarda psixoloji gərginlik, ailə zorakılığı ilə nəticələndiyini qeyd edib: “Bir qadın ana olmaq üçün sağlam olmalıdır ki, dünyaya sağlam uşaq gətirsin. Əks halda doğuşlar ölüm hallarının baş verməsi ilə nəticələnə bilir. Ana, uşaq ölümünün göstəricisi hər bir ölkənin rifah göstəricisidir”.

Leyla Məmmədova konkret faktlara əsaslanaraq ana ölümünün 2009-cu ildə 37,  2014-cü ildə 25-ə endiyini, 15-17 yaşlılar arasında abort hallarının 2009-cu ildə 145 olduğunu, 2014-cü ildə isə 88-ə düşdüyünü vurğulayıb: “Hamiləlik dövründə qadınların qadın məsləhətxanalarına müraciət etmələri, gigeyena qaydalarına əməl etmələri, özlərini müxtəlif infeksiyalardan qorumaları, abortlara-xüsusilə də selektiv abortlara getməmələri, körpələrini təbii doğuş vasitəsilə dünyaya gətirmələrini tövsiyyə edirəm”. Həkimin sözlərinə görə,  erkən nikah və erkən hamiləlik, yeniyetmələr arasında cinsi yolla infeksiyalara yoluxma və onların yayılması məlumatlılıq səviyyəsinin aşağı olması ilə bağlıdır.  O, ailə planlanması, hormonal konstrasepsiyanın üstünlükləri, qeysəriyyə kəsiyinin uşağa və anaya göstərdiyi mənfi təsirlər, selektiv abort, cərrahi abortun mənfi təsirləri barədə ətraflı məlumat verib. Sonda tədbir iştirakçıları maraqlandıqları suallara cavab alıblar.

 

 

 

Məqalə Qiyməti