Günvurma zamanı ilk yardım əsas

Günvurma yay aylarında günəş şüalarının uzun müddət başın açıq nahiyələrinə təsiri nəticəsində baş verir.

 

Günvurmaya ürək-damar sistemi xəstəlikləri olanlar, artıq çəkili, alkoqol qəbul etmiş insanlar, körpələr və yaşlı adamlar arasında daha çox rast gəlinir.

Günvurmanın əlamətləri:

- üzün və bədənin qızarması;

- gözün qaralması;

- başgicəllənmə və güclü baş ağrıları;

- ürəkbulanma;

- hava çatışmazlığı hissi;

- halsızlıq;

- bədən hərarətinin yüksəlməsi;

- təngnəfəslik.

Daha ağır hallarda qıcolma, huşun itməsi, ürək döyüntülərinin azalması da müşahidə edilə bilər.

Yuxarıdakı əlamətlər müşahidə olunarsa, təcili tibbi yardım çağırılmalı və zərərçəkmiş dərhal kölgəyə və ya sərin yerə aparılmalıdır. Onu arxası üstə uzandırmaq, ayaqlarını bir qədər qaldırmaq, boynunu və döş qəfəsini sıxan paltarlardan azad etmək, boynuna, sinəsinə, qoltuqaltına, dizaltına soyuq kompres qoymaq, su içirtmək lazımdır. Eyni zamanda, zərərçəkmişin paltarsız bədənini soyuq suda isladılmış mələfəyə bükmək olar.

Təcili tibbi yardım gələnə qədər zərərçəkmişin tənəffüsü və nəbzi nəzarətdə saxlanılmalıdır. Ehtiyac olarsa, ona ürəyin qapalı masajı edilməli və süni tənəffüs verilməlidir.

 

 

 

Məqalə Qiyməti