Böyrək zəhərli maddələri xaric edə bilməyəndə... əsas

Yeganə Nəbiyeva: Dializ şöbəsində müaicə zamanı
Dializ şöbəsində müaicə zamanı

Samirə Mustafayeva belə hesab edir ki, böyrəyin yerinə yetirə bilmədiyi funksiyanı öhdəsinə götürən dializ daimi müalicə metodu deyil:  “Xəstələrin çıxış yolu  böyrəkköçürmə əməliyyatına getməkdir”.


30 nəfərlik tibbi heyət 38 nəfərin xidmətində


2006-cı ilin mart ayından Dövlət Proqramına uyğun olaraq hemodializ xəstələrinin müalicəsi dövlət hesabına aparılır. İnnovasiya Təchizat Mərkəzi dializ mərkəzlərini dərman pereparatları və tibbi avadanlıqlarla  təchiz edir. Respublikamızın bir çox yerlərində, o cümlədən Qəbələ, Ağdaş, Şəki, Yevlax və Bərdə rayonlarında  hemodializ  şöbələri fəaliyyət göstərir. Xroniki böyrək çatışmazlığından (XBÇ) əziyyət çəkən xəstələr bu mərkəzlərdə müalicə olunur.

Mingəçevir  Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Quliyevin ciddi cəhdindən sonra hemodializ şöbəsi 2015-ci ilin aprel ayının 15-dən Mingəçevirdə də  açılıb. 10 çarpayılıq şöbədə 2 növbəli iş rejimi qurulub. 3-cü növbənin açılması da gözlənilir, bu məqsədlə yeni kadrlar hazırlanır. 3 dializ zalının hər birində hər seansda 3 xəstə müalicə ala bilir. Almaniya istehsalı olan 9 ədəd  “Frezenius” markalı aparatla  38  xroniki böyrək çatışmazlığından (XBÇ) əziyyət çəkən xəstə müalicə edilir. Ətraf rayonlardan  gələn xəstələr bazar günlərindən başqa,  həftədə 3 dəfə 4 saat olmaqla bu şöbənin xidmətindən yararlanırlar. 30 nəfərdən ibarət  tibbi heyət hər xəstənin nazıyla oynayır, onların bu çətin prosesi nisbətən rahat və ağrısız adlamasına yardımçı olurlar.


Dializ xəstələrinə  həkim məsləhəti

 

Hemodializ şöbəsinin müdiri, anestizioloq-reanimotoloq Samirə Mustafayevanın dediyinə görə, onun özü və burda çalışan həkimlər -terapevt  Leyla Çələbiyeva  Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində, nefroloq Təranə Mustafayeva isə Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında, texnik  və tibb bacıları isə qonşu rayonlarda (Qəbələ, Yevlax, Bərdə) ixtisasartırma kurslarında olublar. Biz Samirə xanımdan  xroniki böyrək xəstəliyi haqqında müəyyən bilgilər almağa çalışdıq.

-Böyrəklərin öz funksiyasının yerinə yetirməməsini hansı əlamətlərdən bilmək olar?

- Normalda qanda kreatinin səviyyəsi 50-80 arası olmalıdır. İlk göstərici kimi bu səviyyə 150-yə qalxanda xəstədə ürəkbulanması, qusma, yeməkdən iyrənmə, halsızlıq müşahidə olunur. Əksər halda bu əlamətlərlə insanlar müayinəyə getmir. Onlar o zaman həkimə müraciət edirlər ki, artıq böyrəkdə ciddi problem yaranır. Müayinələr aşkarlayanda ki, xəstənin qanında kreatinin səviyyəsi 1500-dir, xəstə artıq dializdən istifadə etməyə məcbur qalır. Təəssüf ki, insanlar vaxtlı-vaxtında tibbi yoxlanmadan keçmirlər.

-Xəstə nə vaxt dializə müraciət edir?

-Xroniki  böyrək çatışmazlığında böyrəklər orqanizmdə əmələ gələn və daxil olan zəhərli maddələri tam xaric edə bilmirlər. Bunlar zülal mənşəli zəhərli olan azot qalığı, sidik cövhəri, sidik turşusu və kreatindir. Normal halda bu maddələr sidik ifrazı ilə bədəndən xaric olmalıdır. Sidik qandan əmələ gəlir. Orqanizmdə qan dövranı zamanı o böyrəklər tərəfindən maye şəklində sovrulur və süzülür. Sidik kisəsində yığılan maye ifraz olunmalıdır. Lakin böyrək filtirasiya qabiliyyətini itirəndə və işlək funksiyasını dayandıranda bu mübadilə pozulur.  Xaric olunası maye bədəndə, yəni qanın tərkibində yığılıb qalır.

Xəstə həftənin birinci günü hemodializ aparatı vasitəsilə qanını ultra-filtirasiya etdirib evinə gedir. Əgər onun çəkisi 75 kiloqramdırsa, üçüncü gün gələndə ifraz olunmamış maye ilə bu çəki məsələn, 78 kiloqram olacaq. Biz o 3 litri onun qanından çəkirik. Yəni, insan sağlam olsaydı, o yığılmış sidiyi böyrək özü xaric edəcəkdi. Onu da qeyd edim ki, hemodializin dozası həftədə 12 saatdan az olmamalıdır.

Böyrək xəstələrində qan təzyiqi yüksək olur. Dializ mexanizmi aparatı qoşulan zaman təzyiq normallaşır, insanın böyrəyi işləməkdən imtina edəndə köməyinə gəlir. Onun orqanizmini qanla təminatını edir. Bu, bəsit bir süzgəcdir.  Bu aparata “süni böyrək” demək olar.

Yeri gəlmişkən deyim ki, “Təcili yardım”da işləyən tibb işçiləri bilməlidirlər ki, qolunda fistula olan xəstələrin (arteriya ilə venanın arasında qoyulan anastamoz) o qolunda təzyiqini ölçmək və ya həmin qola iynə vurmaq olmaz. Bu dializ seansı zamanı xəstəyə problem yaradır. Xəstə özü də onu qorumalıdır.

-Bu xəstələr hansı şərtlərə əməl etməlidirlər?

-XBÇ xəstələri özlərini yaxşı hiss etmək, digər orqan və sistemlərinin fəaliyyətini normada saxlamaq üçün üç vacib olan şərti yerinə yetirməlidilər: Dializ, dieta və dərmanlar (əvəzləyici müalicə).

-Hansı qida məhsullarını rasiondan çıxarmaq lazımdır?

-Onlar üçün xörəklər duzsuz hazırlanır. Ət və balıq isə qaynadıldıqdan sonra bişirilməlidir. Amma o qidalar ki, kreatini qaldırır, onları məhdüdlaşdırmaq lazımdır. Meyvələrdən qarpız, yemiş, giləmeyvələr, əncir, üzüm, ananas, ərik, gavalı, şəftəlinin qəbulu isə məhdudlaşdırılmalıdır. Fosforu, kalsiumu zəngin olan yeməkləri-kəskin duzlu ərzaqlar, ət, balıq və göbələk bulyonu, konservlər, hisə verilmiş və qurudulmuş ərzaq və meyvələri yemək qadağandır.


“Xəstəyə nə lazımdırsa, burda var”

 

Natiq İbrahimovun anası 64 yaşlı Tərlan xanım 1il 4 aydır dializ xəstəsidir: “Anam 1 il 10 gün Yevlaxdakı mərkəzdə müalicə alıb. Yol uzaq idi. Anamı həftədə 3 dəfə Yevlaxa aparırdım. Çox çətinlik çəkirdik. Yol haqqı və vaxt itkimiz bir kənara, anam əziyyət çəkirdi. Həm də şəkərli diabet xəstəsidir. Saat 12-dən axşam saat 19-dək vaxtımız gedirdi. Hər prosedurdan sonra bir gün anam özünə gəlmirdi. Üçüncü aydır ki, bura gətirirəm onu. İndi rahatıq, öz şəhərimizdədir. Sağ olsunlar bu mərkəzin həkim və tibb bacıları. Yüksək səviyyədə xidmət göstərirlər xəstələrə. Xəstənin başı üstündə dayanırlar. Peşəkarlıqlarına da arxayınam.

Tərlan xanımın fikrincə, burdakı həkim və tibb bacıları Bakı və başqa rayondakılardan mehribandılar: “Şəkərim normadan aşağı düşəndə deyirəm, ay doxdur, qoyma ölürəm”.

63 yaşlı Raqif Rəhimov 1 il 7 aydır böyrək xəstəliyinin əsiridir: “1 həftə Qəbələdə, qalan vaxtı isə Yevlaxda müalicə aldım. Oranın həkim və tibb bacıları da xəstəylə yaxşı rəftar edirdilər. Amma bura gələndən sonra ora mənim yadımdan çıxdı. Şöbənin işçilərindən razıyam. Öz işlərinin ustasıdırlar. Əksər halda tibb bacısının əvəzinə Samirə həkim özü yaramı sarıyır. Xəstəyə nə lazımdırsa, burda var. Dövlət tərəfindən dərmanlar pulsuz verilir. Bir dənə neqativ hal ola bilməz. Təmizliyə riayət edirlər”.

Raqif bəyin həyat yoldaşı Şəfiqə xanım onu tək qoymur: “Xəstəyə baxmaq çətindir. Gözümün qabağında keçirdiyi halı görəndə ondan çox mən stress keçirirəm. 33 ildir evliyik. 4 övladımız, 3 nəvəmiz var. Bir oğlumuz hərbçidir. Qəbələyə gedib-qayıtmaq maddi tərəfdən ağır idi. Şəhərimizdə şöbənin açılması bizə böyük köməkdir”.

2 saylı qəsəbə sakini, Ağdamdan məcburi köçkün  Zənurə Cəbrayılovanın qızı ,15 yaşlı Aytən dörd aydır hemodializ xəstəsidir. Xanımın dediyinə görə, ailə qızına böyrək köçürmə əməliyyatı etdirmək niyyətindədir. Atası donorluq edəcək: “Dövlət hesabına əməliyyat üçün Aytən təxminən 4 il növbədə gözləməlidir. Bu vaxtacan digər böyrəyi sıradan çıxa bilər”.

Problemi həll etmək istəyən ailə çıxış yolunu növbədənkənar əməliyyat etdirməkdə görür. Lakin bunun üçün 15 min manat vəsait lazımdır. Ailənin ümidi Allaha qalıb: “Biz imkanlı şəxslərdən kömək istəyirik. Balamın əməliyyat olunmasına yardım etsinlər”.

Ananın dediyinə görə, 17 yaşlı oğlu da böyrək catışmazlığı problemini yaşayır və artıq müalicələr effekt vermir.


“Yaşayırıqsa, min şükür”

 

Uzun illər ədəbiyyat müəllimi işləyən 76 yaşlı Müslüm Zeynalov 8 ildir  ki, “süni böyrək-diazliz”lə yaşayır.  Əvvəl Qəbələ, Ağdaş, indi isə Mingəşevirdə müalicə alır. “Burdakı şərait daha yaxşıdır”-deyir: “Həkimindən, tibb bacılarından, qayğıdan, münasibətlərindən çox razıyam. Qəbələdə, Ağgaşda belə münasibət, təmizlik görməmişdim. Burdakı qayğını o biri mərkəzlərdə görmədim. Hər həkim bu aparatdan baş aça bilmir. Samirə həkim qabiliyyətlidir, mədənidir, insan adamdır. Hətta aparatın bir yeri xarab olan kimi özü düzəldir”.

Vaxtilə 7 saylı məktəbdə oxuduğumdan Müslüm müəllimlə söhbətim maraqlı alındı. Mənə dərs deyən və onun həmkarları olan müəllimləri və sinif otaqlarımızı birgə xatırladıq.

“26-cı kabinet mənimki idi. Mən orda işləyən vaxt Almaz və Mariya, Tubuxanım müəllimə vardı. Gecələr yuxum qaçanda xatırlayıram onların hamısını. Kimlər gəlib, kimlər gedib. Allah Rita və Rəqiyyə müəllimlərə rəhmət eləsin”.

-Müslüm müəllim, xəstəliklə uzun müddət yaşamaq insana nələri yaşadır?

-Yorur, təzyiq düşür, ancaq həkimlər bu aparatla ömrü bir az uzadırlar. Çalışırlar ki, yaşayaq. Mən gəzəndə döşəmə ayağımın altında titrəyirdi. İndi isə...

-4 saatın içində yəqin ki, bir xəyala dalırsız, nələrsə düşünürsünüz. Nələr keçir gözünüzdən, könlünüzdən ...

-Könlümdən küçən odur ki, müəllim yoldaşlarımla gəzə bilmirəm. Ayaqlarım tutulub. İctimaiyyət arasında olasan, dostla hərlənəsən, xeyrə-şərə gedəsən. Bunların heç biri yoxdur. Ancaq yataq xəstəsiyik.

-Çörəyinizi bölüşdüyünüz dostlarınız indi sizi axtarırlarmı?

-Bir-ikisiylə zəngləşirəm. Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov  mənim şagirdim olub. Nə həmkarları, nə özü mənimlə maraqlanmır.  42 il müəllim işləmişəm. Baş müəllim, metodist müəllim olmuşam. Uşaqları 1-ci sinifdən götürüb, 10-ci sinfə kimi aparmışam. 8 ildir yataq xəstəsiyəm, Yaddaşım da sıradan çıxır. Həyat məni elə sındırdı ki...

Uzun illər dializ xəstəsi olan İsmayıl Məmmədov isə daha nikbindir: “O  qədər dərdlər var ki... Mənim anamın yaxşı bir sözü vardı. Deyirdi ki,  dərd görürəm, dərdim yadımdan çıxır. Yaşayırıqsa, min şükür”. 

 

Məqalə Qiyməti